26 dekabr 2016 14:33

Elektron ticarətdə ƏDV-nin tətbiqi necə həyata keçiriləcək?

Vergilər Nazirliyi Əlavə Dəyər Vergisi (ƏDV)  ilə bağlı Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədə məlumat yayıb.

2017-ci ildə bu vergi növü ilə bağlı edilən əlavə və dəyişiklikləri bir neçə istiqamətə ayırmaq olar.

Əsas istiqamətlərdən biri aqrar sahənin təşviqi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və təqdim olunmasının tənzimlənməsidir.

Kiçik və orta sahibkarlığın stimullaşdırılması, pərakəndə ticarətdə rəqabət mühitinin təmin edilməsi və vergi yükünü optimallaşdırılması məqsədilə Vergi Məcəlləsinin yeni 13.2.60-cı, 13.2.61-ci, 13.2.62-ci, 13.2.64-cü maddələri və 153-cü, 159.1-ci və 174.3- cü maddələrinə edilən dəyişikliklər “kənd təsərrüfatı məhsullarının istehsalı”, “kənd təsərrüfatı məhsullarının satışı”, “pərakəndə satış”, “ticarət əlavəsi” anlayışları verilməklə yanaşı ƏDV-nin tərifinə dəyişiklik edilib, respublika ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün vergitutuma obyektinin ticarət əlavəsi, yəni pərakəndə satış qiyməti ilə alış qiyməti arasındakı fərq olduğunu, ƏDVnin də həmin məbləğdən hesablanmalı olduğunu təsbit edib, bir şərtlə ki, satıcılar belə malların uçotunu ayrıca aparsınlar. Uçotun tələb olunan qaydada aparılmasını təmin etməyən vergi ödəyicilərinin mallarının pərakəndə satışında ƏDV ümumi dövriyyədən hesablanmalıdır.

Misal: Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyektinin ay ərzində dövriyyəsi 60.000 manat, satılan həmin kənd təsərrüfatı məhsullarının alış dəyəri isə 45.000 manat olduqda, büdcəyə ödənilməli olan verginin məbləği 2.700 ((60.000- 45.000)*18%) manat təşkil edir.

Digər istiqamət ƏDV üzrə güzəştlərin və sıfır (0) dərəcə ilə azadolmaların verilməsidir.

Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə edilən dəyişiklik ilə buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azadolması müddəti 2017-ci ildən daha 3 il artırılıb.

Vergi Məcəlləsinin yeni 164.1.36-cı maddəsi ilə ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydada qeyri-işlək aktivlərin təqdim edilməsinin 2017-ci ildən başlayaraq 3 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinin yeni 164.1.37-ci maddəsi 2017-ci ildən başlayaraq 3 il müddətinə quş ətinin satışının ƏDV-dən azad olmasını təsbit edir.

Eləcə də Vergi Məcəlləsinin yeni 165.4-cü maddəsi fiziki şəxslərin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən ticarət festivalları dövründə respublika ərazisində alınan qeyri-istehsal və qeyri-kommersiya təyinatlı mallara görə ödədikləri ƏDV-nin Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydada qaytarılmasını nəzərdə tutur.

Elektron ticarətin vergiyə cəlb olunması da əsas istiqamətlərdən biri kimi təsbit olunub.

Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.

Misal: Azərbaycan vətəndaşı “William Hill” bukmeyker kontorunun internet-səhfəsində “elklassiko” oyununa mərc qoşmaq məqsədi ilə həmin oyunun ehtimal etdiyi nəticəsinə 100 manat ekvivalentlə qoyuluş etmək istəyir və köçürmə etmək üçün yerli banka müraciət edir. Bank tərəfindən 100 manat alınarkən 15,25 (100 – 100/1,18) manat ƏDV tutularaq büdcəyə ödənilməlidir.

Daha bir istiqamət vergi tutulan əməliyyatların sənədləşdirilməsidir.

Vergi Məcəlləsinin 176.2-ci maddəsinə edilən dəyişiklik və yeni 176.2-1 maddəsi “Taxfree” layihəsi çərçivəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən elektron vergi hesab-fakturanın formasının fərqli olmasını, xüsusi formanın Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini ehtiva edir.

Vergi Məcəlləsinin 176.4-cü maddəsinə edilən dəyişiklik pərakəndə ticarətlə məşğul olan ƏDV ödəyicilərinin nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlərlə yanaşı qaimə-faktura və ya elektron qaimə-fakturanın verə biləcəyini göstərir.

Vergi ödəyicilərinin ƏDV üzrə artıq ödəmələrinin tənzimlənməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədi ilə Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələrinə edilən dəyişikliklər hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 % sıfır (0) dərəcəsi ilə vergiyə cəlb olunan əməliyyatlar olan vergi ödəyicisinin hesabat dövründə ƏDV üzrə artıq ödəməsi gömrük və vergi orqanına ərizə verildiyi tarixdən artıq əvvəlki kimi 45 gün deyil, 20 gün ərzində ona qaytarılmasının nəzərdə tutur.

Digər vergi ödəyicilərinin hesabat dövründə yaranmış artıq ödəmələri əvvəlki kimi növbəti 3 aya keçirilir, həmin müddət başa çatdıqdan sonra artıq ödəmənin qalığı ərizəyə əsasən 20 gün müddətində vergi ödəyicisinə qaytarılır, eyni zamanda vergi orqanı bu ödəyicilərin artıq ödəməsinin olmasının düzgünlüyünü sözügedən 3 ay ərzində araşdıra bilər.

Nazirlikdən bildiriblər ki, qeyd olunan dəyişikliklər vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq.
 

1news©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz