11 fevral 2019 15:22

«Əsas odur, portfelimiz sağlamdır, istənilən ödənişi edə bilirik»

Təqribən bir il bundan əvvəl, 2018-in yanvarında Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Azsığorta» satış kanallarına və müştərilərlə münasibətlərə yenidən baxacağını elan etmişdi. FED.az xatırladır ki, həmin vaxt maliyyə sektoru iqtisadi gərginlik dövrünü yaşayırdı. Elə ona görə də, şirkətin rəhbəri Anar Talıbov «daxili optimizasiya işləri aparacağıq, biznes proseslərimizi təkmilləşdirəcəyik və əsas fokusu müştəri məmnuniyyətinə yönəldəcəyik» deyəndə bəziləri bunu sadəcə agentlərlə əlaqənin qırılması və mümkün ixtisarların yumşaq anonsu kimi qəbul etmişdi. Üstündən bir il keçdikdən sonra bu tranformasiyanın nəticələri məlum olub.
 
İlin ilk sınağı zəlzələ ilə gəldi...
«Azsığorta» 2018-ci ilin nəticələrini açıqlamağa macal tapmamış fevralın 5-də ilin hələlik ən böyük sığorta hadisəsi – Şamaxı və Ağsıda zəlzələ baş verdi. Tədbir də elə bu mövzu ilə başladı. İdarə heyətinin sədri Anar Talıbovun sözlərinə görə, Şamaxı və Ağsudakı zəlzələ ilə bağlı «Azsığorta»ya müraciətlərin sayı 70-80-ə çatıb: «Artıq birinci gün zəlzələ ilə bağlı 30, ikinci gün 50-yə yaxın olmaqla 80-ə yaxın müraciətlər var. «Biz zərəri araşdırıb maksimum tez ödəniş etməyə hazırlaşırıq. Artıq qarşıdakı həftədən (yəni bu həftədən – FED.az) ödənişlərə başlayırıq. Bununla bağlı qərargah yaradılıb və məqsəd də odur ki, tez yardım edək».
A.Talıbov bildirib ki, ilkin qiymətləndirməyə görə, zəlzələ nəticəsində haldisə başına ortalama zərərin məbləği 1000-1500 manat təşkil edir: «Amma 10-20 min manatlıq zərərlər də var. Hər şey araqdırmadan sonra dəqiqləşəcək».
A. Talıbovun sözlərinə görə, zərər dəyən əmlaklar təkcə mənzillər deyil, çünki bu sığorta icbari olsa da, təəssüf  ki, vətəndaşlar buna əhəmiyyət vermirlər: «Ona görə də, ümumi müraciət edənlərin arasında ev və mənzil sahibləri 10% ola, ya olmaya».
 
«Allaha şükür, ödəmə qabiliyyətimiz var»
Amma il başlayan kimi onlarla sığorta hadisəsinin baş verməsi «Azsığorta» rəşbərliyini o qədər də narahat etmirdi. Səbəbi şirkətin göstəricilərinin müsbətə dəyişməsidir. «Azsığorta»nın Direktorlar Şurasının sədri Viladi Maniyev bildirir ki, 2018-ci ildə şirkətin əsas maliyyə göstəriciləri yaxşılaşıb: «Ona görə də, nə qədər zərər olsa ödəyəcəyik. Allaha şükür, ödəmə qabiliyyətimiz var və biz belə hallarda müştəriləri incitməməliyik».
 
«Portfelimizi «təmizləmişik»...
2018-ci ildə «Azsığorta» könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 20 milyon manatdan çox sığorta haqqı toplayıb və bu göstərici ilə FED.az-ın reytinqində 8-ci yeri tutur. Sığorta ödənişlərinin həcmi isə 8,1 milyon manat təşkil edib (reytində 9-cu yeri tutur).
Maraqlı detal: 2017-ci illə müqayisədə «Azsığorta»nın yığımları azalaraq 24 milyon manatdan 20 milyon manata enib. Amma şirkət bundan narahat deyil: «Əslində bizim 2018-ci il üzrə planımıza baxanda bu artımdır. Proqnoz 16 milyon idi, amma göndüyümüz kimi 20 milyon manat oldu. Bizim ötən il üzrə proqnozumuz 2017-dən az idi».
 
Yığımları azalsa da, mənfəətə keçib
Məhz buna görə, 2017-ci ildə 24 milyon manatlıq yığımla ili 3 milyon manat zərərlə başa vuran şirkət, 2018-ci ildə 20 milyon yığımların qarşısında ili 4,7 milyon manat xalis mənfəətlə bağlayıb.
Xalis mənfəətə çıxış portfelin keyfiyyətinin yaxşılaşması, xərclərin azaldılması və investisiya gəlirləri sayəsində mümkün olub.
Şirkət rəhbərliyi mənfəətə çıxmasından məmnunluğunu gizlətmir: «Bunu bilərəkdən etdik və əsas diqqəti portfelimizin yaxşılaşmasına yönəltdik. Doğrudan da, ötən il portfelimiz yaxşılaşdı, bunun nəticəsində biz artıq xərclərdən azad olduq və mənfəətə çıxdıq».

«Əsas məsələ müqaviləni gülə-gülə satmaq deyil, ödəniş etməkdir»
V.Maniyev deyir ki, hazırda şirkət üçün əsas məsələ sığorta yığımları deyil, maliyyə dayanıqlığıdır: «Məhsulların satışı ilə əlaqədar əlavə xərcləri azaltmışıq və bunun nəticəsində yığımlarımız azalıb, amma biz daha sağlam portfelə malikik. Və əminlilə deyə bilərik ki, nə hadisə olursa, məsələn zəlzələdə Anar müəllimin dediyindən də yuxarı rəqəmlər də olsa, bizim imkanımız var, hamısını qarşılayaq, bütün ödənişləri edəcəyik».
Şirkət rəhbərliyi bildirir ki, hazırda əsas diqqət satışlardan çox ödənişlərə yönəlib: «Çünki işimizin əsas götəricisi ödəniş etməkdir. Yəni əsas məsələ müqaviləni gülə- gülə satmaqda deyil, ödəniş etməkdir. Bu işi yaxşılaşdırmağa diqqət yetiririk».
Ötən il «Azsiğorta»nın kapitallaşması 29,9 milyon AZN-dən 34,7 milyon AZN-dək artıb. Nizamnamə kapitalı 20,3 milyon AZN səviyyəsində qalan şirkət bu göstərici üzrə bazarda 3 sığorta şirkətindən biridir. A.Talıbov bildirir ki, hazırda nizamnamə kapitalı şirkətin tələblərini ödədiyi üçün onun artırılmasına ehtiyac yoxdur.
V.Maniyev isə bildirir ki, əslində nizamnamə kapitalını və səhmdarların çıxılmayan mənfəətini də nəzərə alanda «Azsığorta»nın ümumi kapitallaşması 34 milyon manata çatıb: «İnvestisiya qaydalarını nəzərə alsaq, 21 milyon kapitalımız var. Bu da nizamnamə kapitalından artıqdır. Yəni hər  bir obyekt üzrə 2 milyon riski öz üzərimizdə saxlaya bilrik. Ondan yuxarı ihssəsini təkrar sığortaya ötürürük».

«3 ən güclü şirkətdən biriyik»
Ümumi aktivlərin həcmi, demək olar ki, dəyişməyib və 61 milyon AZN səviyyəsində qalıb. Bununla belə, 2017-ci ildə 53,6 milyon AZN olan qısamüddətli aktivlər 54,1 milyon AZN-dək artıb. Şirkət ötən il debitor borclarını da 1 milyon manat həcmində azalıb.
Bu göstəricilər şirkətin reytinqinə də təsir edib. 2018-in noyabrında "Fitch Ratings" beynəlxalq reytinq agentliyi şirkətin maliyyə dayanıqlılığı reytinqini "B" səviyyəsində təsdiqləyib. Qeyd edək ki, «Azsiğorta» bazarda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.
 
«İcbarı məhsullarda sərbəstlik yoxdur, könüllü daha sərfəlidir»
Şirkət bu il bazara yeni məhsullar çıxarmaq niyyətindədir. Əsas diqqət icari və könüllü sığorta növlərini birləşdirən kombinə olunmuş məhsullardan gedir: «Çalışacağıq, gələcəkdə həm də kombinə olunmuş məhsullar hazırlayaq. Bunlar icbari və könüllü növləri birləşdirəcək».
Amma əsas diqqət könüllü sığortaya yönələcək. Ötən il «Azsığorta»nın portfelində icbari sığortanın payı azalsa da, hələ də könüllü növlərdən yüksəkdir - nisbət 60/40-adır.
 
“O sığortanı cəriməyə görə alırlar”
Şirkət rəhbərliyi etraf edir ki, məhz cəza mexanizmləri səbəbindən icbari sığortaya maraq daha böyükdür: «Doğrudur, bu məsələ mənzillərin sığortasına aid deyil, amma nəqliyyat vasitələrinin icbari sığortasına şamil olunur. Bizim məqsədimiz isə könüllü növləri inkişaf etdirmək, vətəndaşların və kommersiya qurumlarının maliyyə dayağı olmaqdır. Sözsüz ki, icbari sığorta riskləri bütün riskləri əhatə etmir. Bu baxımdan məqsədimiz odur ki, könüllü növləri inkişaf etdirək və potensial müştərilərimizin sığorta tələblərini öyrənib onlara uyğun məhsullar hazırlayaq».
Könüllü məhsulların başqa bir üstünlüyü də var: icbari sığorta növlərində sığota haqqı və ödəniş məbləğləri ilə bağlı sərt çərçivələr var: «İcbari növlər qanunla tənzimlənir, və biz orda bir dəyişiklik edə bilmərik». Bəzən bu çərçivələr şirkətlər üçün sərfəli olmur. Könüllü sığortada isə belə çərçivələr yoxdur, yəni şirkətlər könüllü məhsulların şərtlərini müəyyən etməkdə sərbəstdirlər: «Ona görə də, elə məhsullar hazırlamaq istəyirik ki, yeni məhsullar həm qanun tərəfindən tələb olunan icbari məhsulların satışını təmin etsin, həm də eyni zamanda müştərilərimiz əlavə təminatlar da ala bilsinlər».
 
«Agentlərlə işləyirik, amma onlardan asılı deyilik»
Son bir ildə «Azsığorta»da aparılan əsas yenilik agentlərə, ümumiyyətlə, sığorta vasitəçiləri ilə münasibətlərə yenidən baxmaq olub. Hələ bir il bundan əvvəl Anar Talobov bildirmişdi ki, sığorta şirkətlərinin təkcə agentlərdən asılı olması vaxtı keçib. Ötən il ərzində bu yanaşma davam edib. Şirkət rəhbəri bildirir ki, agentlərdə iş davam edir, amma hamısı ilə yox: «Seçim edirik, daha loyal, şirkətə daha bağlı və dürüst, ən əsası öz yetişdirdiyimiz agentlərlə işləməyə üstünlük veririk.
Hələlik bu yanaşmanın nəticələrini qiymətləndirmək asan deyil, br il bunun üçün qısa müddətdir, amma şirkət gözləməyə hazırdır: «Bizim məqsədimiz və istəyimiz beyinlərdə, vərdişlərdə dəyişməni tələb edir. Ona görə inanmıram ki, bir ilə gözə çarpan nəticə verəcək».
 
«Zəlzələ xofu» sığortaya marağı artıra bilərmi?
Nə qədər qəribə olsa da, təbii fəlakətər sığorta sahəsi üçün böyük xərclər olmaqla yanaşı, həm də müştəri marağının artımı ilə nəticələnə bilər. V.Maniyev bildirir ki, məsələn, prezidentin sərəncamı ilə Şamaxıdakı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 2 milyon manat ayırılıb: «Bu əlbəttə ki, humanist və dövlət başçısının diqqətini nümayiş etdirən addımdır. Amma əslində, normal inkişaf etmiş cəmiyyətlərdə buna ehtiyac yoxdur, çünki həmin 2 milyon manatı adamlar öz sığorta şirkətlərindən almalı idilər. Biz çox ümid edirik ki, insanların fikirlərində dəyişiklik olsun ki,  onlar mənzil və evlərini özləri sığortalasınlar».
 
Hər 1 manata 500 manat düşür
Qeyd edək ki, mənzil və evlərin sığortalanması üçün Bakıda 50 manat, iri şəhərlərdə 40 manat, rayonlarda 30 manat illik sığorta haqqı tələb olunur, bunun qarşılığında əmlak sahibləri 15-25 min manat sığorta təminatı alırlar. Təcrübəli sığortaçı Viladi Maniyev bildirir ki, effektivliyə görə, mənzilin sığortalamağın analoqu yoxdur: «Siz 50 manat verib evi sığortalayır, 25 min manat təminat alırsınız. İndi baxın ki, hər manata nə qədər uduş alırsınız. 25 min manatın qarşısınd 50 manat çox kiçik məbləğdir. Və bu məsələdə 50 manata qənaət etməklə, insanlar özlərinin çox böyük zərərə salmış olurlar».
 
«Bəs mənim 50 manatım hara getdi?»
Bu sahədə ən çətin məqam odur ki, insanlar sığorta hadisəsi baş verməyəndə pullarının batdığını düşünürlər: «Deyirlər ki, sığorta aldım, hadisə olmadı, yəni 50 manat batdı.  Əslində isə bu sosial qarşılıqlı yardım mexanizmidir. Yəni Allaha şükür ki, hadisə olmayıb, 50 manatın sənə qayıtmadı, amma kiminsə başına iş gəldisə, sənin və başqalarının 50 manatı hesabına ona 25 min pul verildi. Yəni bu sosial dəstək mexanizmidir, biz isə bu işdə yalnız vasitəçiyik».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz