2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% artaraq 540 manat olub. FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
FED.az bildirir ki, bu son 5 ayda orta aylıq əmək haqqının ən ahağı həddidir. Belə ki, oktyabr ayında ölkədə orta aylıq əmək haqqı 541,2 manat, sentyabrda 542,3 manat, avqustda 541,1 manat, iyulda 541 manat, iyunda isə 538,8 manat olmuşdu.
ELƏCƏ DƏ BAX: Dövlət şirkətlərinin yarısı ötən ilin maliyyə nəticələrini açıqlamayıb - SİYAHI
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2018-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 1 552,8 min nəfər olub, onlardan 884,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 -i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.