05 dekabr 2018 15:15

“Yeni avtomobillərdə 40-50% ilkin ödəniş tələbi fantastik rəqəmdir” - MÜSAHİBƏ

Noyabrın 30-da Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Yenilənmiş sənəddə avtonəqliyyat vasitələrinin mühərrikinin hər kubsantimetrinə görə ödənilən aksiz vergisinin artırılması ilə bağlı maddə də var. Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov yeni Vergi Məcəlləsinin bazara təsiri ilə bağlı müsahibə verib:
 

- İlk öncə son illər avtomobil bazarında baş verən prosesləri şərh etməyinizi istərdim. Devalvasiyadan öncə vəziyyət necə idi, sonra necə oldu?

- 2015-ci ilin fevral ayında baş vermiş I devalvasiyadan sonra avtomobil bazarında qısamüddətli şok yaşansa da, səngimə olmadı. Amma həmin ilin dekabr ayındakı II devalvasiyadan sonra bazarda durğunluq yarandı. Rəsmi diller və distributorların əksəriyyəti böyük zərərlə qarşılaşdılar. Çünki onlar bunu gözləmirdilər. Amma 2017-ci ildən etibarən milli valyutanın məzənnəsi sabitləşməyə başladı. Artıq 2017-ci ilin II yarısında gördük ki, bazarıa canlanma var. Bu canlanma bu günə qədər davam edir. Statistikaya nəzər salsaq bu ilin əvvəlindən ölkəyə gətirilən avtomobillərin sayında artım müşahidə etmiş olarıq. Payız aylarında da xüsusi artım müşahidə edilir. Düşünürəm ki, bu ay və gələn il də artım olacaq.
 

- Son illər hökumət avtomobil bazarına təsir edəcək bir sıra qərarlar qəbul edilib. Bura həm “Avro 4” standartları, həm aksiz vergilərin artırılması ilə bağlı qərarlar, həm də ölkədə yerli avtomobil istehsalçısının fəaliyyətə başlaması daxildir. Sizcə Azərbaycanda olan avtomobillər Avropa ölkələri, ABŞ, Yaponiya, Cənubi Koreya istehsalı olan avtomobillərlə rəqabət apara bilərmi?

- Bildiyiniz kimi 2018-ci ilin yanvarından da avtomobillərin mühərrikinə görə tətbiq edilən aksiz vergisinin məbləği təxminən 80% artdı. Əvvəldən də demişdik ki, bu avtomobillərin qiymətinin 10%-ə qədər yüksəlməsinə səbəb olacaq. Həqiqətən də belə oldu. Distributor və dillerlər aksiz vergisinə görə qiymət artımını məcburi addım olaraq yerinə yetiriblər. Amma istənilən halda onlar vətəndaşların marağından çıxış etməlidirlər. Həmişə istehlakçıya güzəşt olmalıdır. Əgər qiymət artımı varsa mütəmadi endirim kampaniyaları, güzəştlər olmalıdır. Qiymət artımı balanslaşdırılmalıdır. Bu, həm biznesin bir qaydasıdır, həm də “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanuna uyğundur.

Gözlənilir ki, 2019-cu ildə də aksiz vergisinin məbləği təxminən 50% yüksələcək. Hazırlanmış qanun layihəsini oxudum. Orada qeyd edilməyib ki, bu yerli avtomobil istehsalının inkişafına təsir edəcək. Amma xəbər saytlarında yazılmışdı ki, bu həmd ə yerli avtomobil istehsalına müsbət təsir edəcək. Amma mən düşünürəm ki, bu belə deyil. Çünki yerli istehsal olan avtomobillərin mühərrik həcmi 2 000 kubmetrdən çox deyil, bu isə bütün növ mühərrikli avtomobillər üçün nəzərdə tutulub. Hansılar ki, komfortlu və təhlükəsiz avtomobillərdir. Biz də vətəndaş olaraq çalışırıq ki, bu avtomobillərdən istifadə edək. Düzdür bu addım bir tərəfdən ətraf mühitin qorunmasına hesablanıb. Digər tərəfdən də bu artım dövlət büdcəsinə gəlir. Büdcə isə vətəndaşın rifahı üçündür. Amma digər məsələlər də var ki, onları da nəzərə almalıyıq. Qonşu Gürcüstanda hibrid avtomobillərinin ölkəyə gətirilməsi geniş vüsət alıb. Çünki, orada mühərrikin həcminə görə aksiz vergilər çox cüzidir. Son iki ildə bu tipli avtomobillərin Gürcüstana gətirilməsi daha da artıb. Rəsmi məlumatlarda da deyilir ki, hazırda Tbilisi Qafqazda ən təmiz şəhərlərdən biri sayılır. Bakı da böyük sənaye şəhəridir. Bizə lazımdır ki, zərərli qazlardan əziyyət çəkməyək. Ona görə də, elektromobillərə və hibrid avtomobillərinə rüsumlar tamamilə yığışdırılmalıdır. Əvəzində mühərrikin həcmi böyük olan avtomobillərə tətbiq edilən vergi və rüsumlar artırıla bilər. Amma bunu birtərəfli qaydada etmək ziyandır. Belə olarsa bu avtomobil idxalının və idxal zamanı ödənilən vergi və rüsumların azalmasına gətirib çıxara bilər.
 

- Bir məsələ də var ki, Azərbaycanda istehsal edilən avtomobillər minimal təhlükəsizlik tələblərinə cavab verir. Misal üçün, 2 təhlükəsizlik yastığı var. Biri sükan arxasında əyləşən sürücünün, digəri isə onun yanında əyləşən sərnişinin təhlükəsizliyini təmin edir. Amma xarici avtomobillərdə bu rəqəm 4-6, bəzən isə 8-dir.

- Dünyada istehsal olunan bütün avtomobilləri pisləyə bilmərik. Amma Çində, Rusiyada istehsal olunan bəzi avtomobillər sadə təhlükəsizlik tələblərinə belə cavab vermirlər. Bu avtomobillər Avropanın kandarından içəri buraxılmır. Belə olan halda onlar Azərbaycana çox rahat daxil olur. Halbuki biz standartlar qəbul etmişik və bu standartlara görə həmin avtomobillərin gətirilməsi yasaq olunmalıdır. Düzdür, rəsmi diller və distributorlar çox vaxt bu avtomobilləri gətirmir. Amma kimlərinsə açdığı hansısa şirkətlər bunu edirlər. Bu tip avtomobillərdə adi qəzalar belə ölümlə nəticələnir, amma komfortlu avtomobillərdə nə sürücü, nə sərnişin, nə də digər yol hərəkət iştirakçısına heç nə olmur. Avropada bu məsələlərə xüsusi önəm verirlər. Biz özümüz də Avropaya aid olan ölkəyik, ona görə də bütün yenilikləri biz də tətbiq etməliyik. Hər şey birinci Azərbaycana təklif olunur və biz imtina edirik, sonra digər qonşu ölkələrə gedir. Bir daha təkrar edirəm. Ölkəyə gətirilən hibrid avtomobillərə rüsumlar endirilməlidir, elektromobillərə tətbiq edilən 36% gömrük rüsumu isə tamamilə yğışdırılmalıdır. Çox cüzi faiz saxlanıla bilər. Söhbət insan amilindən gedirsə bu, edilməlidir. Qərar qəbul edənlər də, istehlakçılar da insandır.
 

- Bir sıra xarici mütəxəssislər iddia edir ki, Azərbaycan Avropa dövlətlərindən fərqli olaraq ölkəyə gətirilən avtomobillərlə bağlı “crash test” (qəza testi) nəticələri tələb etmədiyindən avtomobil brendləri ən aşağı keyfiyyətli məhsullarını Azərbaycana göndərir. Bu iddiaları nə qədər doğru hesab edirsiniz?

- Mən hesab edirəm ki, Azərbaycan Avropa standartını tamamilə tətbiq etməlidir. Hazırda yanacaqda bu standart tətbiq edilir. Azərbaycanda Avropa standartlarını tətbiq edə biləcək laboratoriya, yaxud “crash test”lər təşkil edən mərkəzlər olmalı idi. Regionun lideri olaraq standartlara uyğun olmayan avtomobillərə xüsusi cəza tətbiq etməlidir. Biz gözləyə bilmərik ki, qonşularımız tətbiq eləsin və sonra biz başlayaq.
 

- Hazırda Azərbaycana gələn ikinci əl avtomobillərin əksər hissəsi Almaniyanın payına düşür. 2019-cu ilin yanvarından isə bu ölkədə dizel mühərrikli avtomobillərin istifadəsi tamamilə dayandırılacaq. Sizcə, bu Azərbaycanda həmin avtomobillərin sayının artmasına səbəb ola bilər?

Avropa İttifaqında (Aİ) dövlət qurumları ilə yanaşı qeyri-dövlət qurumları var. Onlar bir neçə il əvvəl araşdırmalar nəticəsində belə bir qənaətə gəldilər ki, atmosferə dizel mühərrikli avtomobillər daha çox zərər verir. Bundan sonra Almaniyada vətəndaşlar məhkəməyə müraciət etdi və məhkəmə onların iddiasını təmin edərək bir neçə şəhərdə dizel mühərrikli avtomobillərin istifadəsini qadağan etdi. Sübut olundu ki, bu tip avtomobillər daha çox tüberküloz, xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Ondan sonra Avropanın digər şəhərlərində də analoji addımlar atılmağa başlandı. Artıq 2018-ci ildə Avropanın bir sıra şəhərlərinə dizel mühərrikli avtomobillərin girişi yasaq edildi. Əgər daxil olarsa yük maşınlarına 70 avro, minik avtomobillərinə isə 20 avro cərimə tətbiq edilmişdi. Amma tamamilə giriş qadağan edilib. Hətta bu ildən Almaniyadakı böyük avtobanlarda dizel mühərrikli avtomobillərin girişi qadağan olunacaq. Məndə olan statistikaya görə, hazırda Almaniyadakı salonlarda 300 000 ikinci əl dizel mühərrikli avtomobil öz alıcısını gözləyir. 2019-cu ilin yanvarından sonra o avtomobillər keçmiş Sovet ölkələrinə, həmçinin Azərbaycana axışacaq. Onun üçün də elektromobillərin, hibrid avtomobillərin Azərbaycana gətirilməsinə şərait yaratmaq lazımdır. Hər il biz bu haqda düşünürük, amma yenə də geri düşürük. Bu gün ikinci əl avtomobillərin gətirilməsinə şərait yaradırıq. Əslində bu yaxşıdır. Əgər təzə avtomobil almağa imkanımız yoxdursa, yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə salan avtomobillərdənsə, ikinci əl Avropa avtomobili almaq daha sərfəlidir. Amma bizdə avtokreditləşmə ilə bağlı durum üzücüdür. Hazırda yeni avtomobillərdə 40-50% ilkin ödəniş tələb olunur. Bu, fantastik rəqəmdir. Avropa yaxud Yaponiya istehsalı olan komfortlu-təhlükəsiz avtomobilin qiyməti 30 min manatdan başlayır. Alıcı da ilkin ödəniş kimi 15 min manatı verincə ya təhlükəli avtomobil alacaq, ya da dizel mühərrikli avtomobil alacaq. Avtomobil parkının yenilənməsi üçün vətəndaş onu almalıdır. Ona görə də qaydalara dəyişiklik etmək lazımdır. Əgər ilkin ödəniş az olsa o zaman həm yeni avtomobillər çox olacaq, həm də iqtisadiyyat inkişaf edəcək.
 

- Tez-tez hökumətin “Avro-4” standartlara cavab verməyən avtomobillərin dövlət tərəfindən alınması təklifi səslənir. Hazırda dövlətin bu addımı artması nə qədər realdır?

- Artıq bir neçə ildir Rusiyada “utilizasiya proqramı” həyata keçirilir. Çünki Rusiya özü böyük bazardır və buranın öz avtomobil istehsalçıları var. Kompensasiyanı isə distributor və zavodlar həyata keçirir. Azərbaycanda isə həmin avtomobillərin ödənişini edə biləcək zavodlar yoxdur. Hökumətə isə hazırda külli miqdarda vəsait lazımdır. Bəlkə də devalvasiyadan öncə - 2012-2013-cü illərdə bunu edə bilərdi. Bütün bu səbəblərdən düşünmürəm ki, yaxın 5 ildə Azərbaycanda bu tip proqram həyata keçirilsin. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz