29 noyabr 2018 13:54

“MKT İstehsalat Kommersiya”da pambıq üzrə - REKORD MƏHSULDARLIQ

Dövlət başçısının ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq son illərdə Azərbaycanda bu sahadə yüksək nəticələr əldə olunur.

FED.az xəbər verir ki. respublika ərazisində pambıq əkin sahələri genişləndirilir, yeni sortlar yetişdirilərək istehsalatda tətbiq olunur və müasir avadanlıq vasitəsilə emalı, daxili və xarici bazarlara çatdırılması təmin edilir.

Ölkənin pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan aparıcı şirkəti “MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafına öz töhfəsini vermişdir. 1995-ci ildən fəaliyyətə başlayan Cəmiyyət ölkənin pambıqçılıqla məşğul olan qabaqcıl rayonlarında (Ağcabədi, Ağdam, Ağdaş, Biləsuvar, Beyləqan, Bərdə, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, Tərtər, Goranboy, İmişli, Ucar, Yevlax, Zərdab) yeni pambıq sortlarının əkilməsi, məhsuldarlığın artması, əlverişli infrastrukturun yaradılması istiqamətində işlər aparmaqda davam edir.

2018-ci ildə yeni texnologiyanın tətbiqi sayəsində 45,000 hektar sahədə, o cümlədən 8800 nəfərdən çox fermerə məxsus 40,000 hektar və şirkətə məxsus 5,000 hektar sahədə pambıq əkilib becərilmişdir. Cari ilin sentyabr ayından etibarən şirkət filial və xüsusi məntəqələrində pambıq qəbuluna başlayıb. Tədarük mövsümünün başlanmasından etibarən “Ağ qızıl” sortları üzrə 118 min tondan çox xam pambıq artıq qəbul edilib. Mövsümün sonunadək filiallarda və pambıq qəbulu məntəqələrində 120 min tondan artıq xam pambığın qəbulu gözlənilir. Bu isə 1 hektar üçün 26.7 sentner orta məhsuldarlıq deməkdir. Qeyd edək ki, bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 8 sentner çoxdur.

Fermerlərlə təşkil edilmiş qarşılıqlı işgüzar əlaqələr nəticəsində, onlara bu günə qədər pambığın dəyəri olaraq 36,600,000 AZN vəsait ödənilmişdir ki, bu da hər hektara 914 AZN məbləğində qazanc deməkdir. Bu münasibətlər getdikcə zənginləşir və doğmalaşır.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə malların ixracına dair dərc olunan reytinqə əsasən, “MKT İstehsalat Kommersiya” MMC 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin siyahısında 2-ci yer tutub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə şirkət ixrac gəlirlərini 28.1 milyon artıraraq 48.1 milyon ABŞ dolları məbləğinə çatdırıb.
Eləcə də bax: «Borclarını bağlamaq üçün paylarını satırlar» – ŞİRKƏTDƏN AÇIQLAMA

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz