19 noyabr 2018 16:08

Birjada səhm alıb-satanlar çoxalıb – AÇIQLAMA

Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-oktyabr ayları üçün qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb.

FED.az xəbər verir ki, bu dövrdə birjada səhm satışı üzrə 1592 əqd imzalanıb, 142 milyon manatlıq səhm satılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə səhm bazarı 4 dəfədən çox kiçilib. Belə ki, 2017-ci ilin ilk 10 ayında birjada səhm satışı üzrə 1275 müqavilə bağlanmış və 669 milyon manatlıq səhm satılmışdı.

Başqa sözlə, əqdlərin sayı 25% artsa da, səhm bazarı 4,7 dəfə azalıb.

 

İlk 10 ayda səhm bazarında əməliyyatlar fərqli şəkildə dəyişib.

Belə ki, yanvar-oktyabr aylarında səhmlərin ilkin yerləşdirilməsi üzrə 64 əməliyyat aparılıb. Yerləşdirilən səhmlərin həcmi 99 mln 400 min manat olub. Başqa sözlə, orta hesabla hər yerləşdirmədə 1,6 mln manatlıq səhm buraxılıb.

 

Ötən ilin eyni dövründə isə birjada 6 dəfə səhm yerləşdirilib, buraxılan səhmlərin həcmi 649 mln 121 min manat olub. Başqa sözlə desək hər bir yerləşdirmə zamanı 108,2 mln manatlıq səhm buraxılıb.

 

Başqa sözlə, ötən illə müqayisədə səhmlərin yerləşdirilməsi əməliyyatları 10 dəfədən çox artsa da, buraxılan səhmlərin həcmi 6,5 dəfə azalıb.

 

Səhmlərin təkrar yerləşdirilməsi üçün bağlanan əqdlərin ümumi dəyəri 2018-ci ilin yanvar oktyabr aylarında 42 mln 606 min manat, sayı isə 1528 olub. Burada hər bir əqdə 27,9 min manatlıq səhm  düşüb.

Ötən il isə səhmlərin təkrar bazarında 1269 əqd bağlanılıb, ümumi dəyəri 18 mln 797 min manat olan səhm satılmışdı. Başqa sözlə bir əqdlə satılan səhmlərnin sayı 14,8 min manat olub.

 

Səhm bazarındakı prosesləri FED.az-a şərh edən «PSG Kapital» investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli bildirib ki, səhm bazarının ötən illə müqayisədə kiçiklməsinin səbəbi ötən il bankların çoxsaylı səhm buraxılışları həyata keçirməsidir: «2015-ci ildə baş verən devalvasiyadan sonra 2017-ci ildə banklar və sığorta şirkətləri kapitalların artırmaq üçün çoxsaylı səhm buraxılışı həyata keçiriblər. Ötən il təkcə bir bank 500 mln manatlıq səhm buraxmışdı ki, bu da ümumi statistikaya təsirini göstərir».

 

Əqdlərin sayının artması isə bazarda investorların fəallaşmasıdır: «Ötən ilə nisbətən bu il artımın səbəbi daha kiçik məbləğlərdə bir çox səhmdarın iştirak etməsi olub».

Şirkət rəsmisi bildirir ki, təkrar səhm bazarında iştirak edən səhmdarların çoxu şirkətdə 70-80% paya malik olanlardır və onlar öz şirkətinin qalan səhmlərini də əldə etmək istəyir. Təkrar səhm bazarında ən çox iştirak edən şirkət «Aqrar Tikinti» şirkəti olub.


FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz