16 noyabr 2018 11:36

"Qaçaq siqaretin payı 4%-dək azalıb"

Azərbaycanda pərakəndə ticarət şəbəkəsində qaçaq tütün məmulatlarının payı ilin əvvəlinə 18%-dən 3,5-4%-dək azalıb. FED.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Daxili bazarda aksizsiz tütün məmulatlarının satışının qarşısının alınması üzrə görülən tədbirlər nəticəsində 2018-ci ilin əvvəlinə qaçaq tütün məmulatlarının payını 18%-dən 3,5-4%-dək azaltmaq mümkün olub”, - deyə M.Cabbarov AzTV telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.

Onun sözlərinə görə, hazırda Vergilər Nazirliyi spirtli içki istehsalı sahəsində də kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri həyata keçirir. Bunun üçün 30 ən iri aksizli mal istehsalçısında aksiz postları qurulub (avqustun 1-dən – İF). Nəticədə daxili bazarda araq satışı üzrə dövriyyənin demək olar ki, 3,5 dəfə azaldıldığı müəyyən edilib», - deyə nazir qeyd edib.

O vurğulayıb ki, nazirlik kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində sistemli yanaşma tətbiq etməyi planlaşdırır. Bu yanaşma qanunvericilikdə stimullaşdırma metodlarını və sanksiyaların sərtləşdirilməsini nəzərdə tutacaq. «Bu gün pərakəndə ticarət və digər sahələrdə kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunlar büdcə üçün itki, vicdansız rəqabətin inkişafı, iqtisadiyyatda nağd hesablaşmaların yüksək səviyyəsi deməkdir», - deyə M.Cabbarov əlavə edib.

O deyib ki, nazirlik fəaliyyətində, yəni yoxlamalar zamanı analitik yanaşmanı gücləndirəcək. «Belə yanaşma nəticəsində cari ilin 10 ayı ərzində səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalıb», - deyə vergilər naziri bildirib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz