14 noyabr 2018 12:57

Bakıda yaşayış minimumu ilə dolanmaq mümkündürmü? - ARAŞDIRMA

Yaşayış minimumu ilə kifayətlənib büdcəni ağılla idarə etmək olarmı?

Vergilər nazirliyinin rəsmi saytında yaşayış minimumu termini belə izah olunub: “Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur”. 

"Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu" qanununa əsasən, yaşayış minimumu 173 manat səviyyəsində müəyyən olunub. Yaşayış minimumu əhalinin əmək qabiliyyətli hissəsi üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat təşkil edir.  

Bir çoxları yaşayış minimumu ilə paytaxtda yaşamağın mümkünsüz olduğunu iddia edirlər, bu barədə vaxtaşırı müzakirələr gedir. Bakucity.az saytının müxbiri olaraq, mən Züleyxa İsmayılova yaşayış minimum ilə yaşamağın mümkün olub-olmadığını müəyyən etmək üçün eksperiment aparmaq qərarına gəldim. Beləliklə, 183 manata bir ay yaşamaq mümkündürmü?
 

Kommunal xərclər

Kommunal xidmətlər üzrə hesablardan başlayaq: işıq, qaz və  su. Bura  interneti də  əlavə edək, çünki bugünlərdə artıq internetsiz keçinmək mümkün deyil, xüsusilə siz məhz onun köməyi ilə pul qazanırsınızsa. Bir də, əlbəttə, mobil telefon və kabel televiziyası məsələsi var, onlardan da imtina etməyə hazır olan  çox az adam var.

Beləliklə, mən ötən ay kommunal xidmətlər üçün - 52 manat xərclədim. Əlimizdə olan məbləği nəzərə alsaq, bu kifayət qədər ciddi zərbədir! Amma pul kisəmdə hələ 131 manat qalıb. Görək, mən onu onu  ağılla xərcləyə biləcəmmi?
 

Supermarketə ziyarət

Təbii ki, ağlımıza hansısa lüksü gətirməməliyik. Yalnız zəruri tələbat malları səbətə yığılacaq. Əlinizdə olan məbləğ budursa, əvvəlcədən siyahı tərtib edib lazımsız şeylərə tərəf istiqamətlənməmək ən yaxşısıdır. 

Şorba hazırlamaq üçün qarabaşaq, mərci, bir az da makaron seçirəm.  Sonra səbətə bitki və kərə yağı, çay, kartof, xiyar, pomidor və vitamindən tam imtina etməmək  üçün göy-göyərti qoyuram.  Ətdən də tamamilə imtina etmək çətin məsələdir, həm də mağazalarda  2 dəfə bişirəcək kiçik bir toyuq tapmaq olur.

Məişət kimyasına gəlincə isə, 100 qramlıq yuyucu tozu yuyucu vasitələrlə asanlıqla əvəz etmək olar. Sabun, şampun, diş məcunu olmadan da keçinmək mümkün deyil, ona görə də onlar da  mənim siyahıma daxildirlər. Amma təbii ki, mən məhsullar alarkən daha çox ucuz variantlar seçirəm.  Üstəlik bunlar qısa müddət üçün nəzərdə tutulublar.

Sonda supermarketdə etdiyim alış-veriş 27,54 manata başa gəldi. İndi məndə  103,46 manat pul qalıb.
 

Nəqliyyat xərcləri

Baxaq görək, bir  ay ərzində nəqliyyat vasitələrinə nə qədər xərcləyə bilirik. 31 günə 28,20 manat düşür. Onun  27 günü bir marşrutdan istifadə etməklə, gündəlik işə gedib-gəlmək üçün lazım olub.  Üstəgəl, bir dəfə istirahət günü qonaq getmək 60 qəpik, ayın son bazar günü də parkda gəzintiyə çıxmaq üçün 60 qəpik xərclənib.  Bütün bunlar istirahət günündə mənim özünə rəva gördüyüm yeganə şeylərdir.  Dostlarımla kinoya və ya kafeyə getməkdən  imtina etməyə məcbur qalmağım heç də xoş olmadı.  Ay ərzində hələ kifayət qədər pul xərcləməli olacam, məndə isə cəmi 74,06 manat qalıb. 

Qidalanmaq bahalıdır

Bundan əvvəl aldığım ərzaq məhsulları bir nəfərin həftəlik yeməyinə çətinliklə çatdı. Qalan pulla günləri bir təhər keçinmək və yenidən qida məhsulları almaq lazımdır. Elə bu məqsədlə mən növbəti dəfə mağazaya getdim. Bu dəfə alış-veriş səbətinə düyü, alma, kök, xiyar, kartof, pendir, kəsmik və spagetti qoyuldu. 1 kq ət almağı da özünə rəva gördüm. İndi cəmi - 26,01 manat xərclədim, lakin aldıqlarım 2 həftəyə güclə çatacaq. 50,05 manat pulum qalıb. Bu məbləğin də 15,50 manatını gündəlik 50 qəpiklik  çörək almağa çıxsaq, geriyə 32,55 manat qalır.

 

Bəs paltarı necə alaq?

Hətta sərt qənaət şəraitində belə hərdənbir paltar almadan keçinmək mümkün deyil. Yaxşı ki, geyilmiş, amma normal vəziyyətdə olan brend paltarların satıldığı ekonom sinif mağazalar, yaxud saytlar var. Mən də payız üçün gödəkcəmi bu yolla əldə etdim.

"Şopinq"dən sonra yalnız 2,55 manatım qaldı. Deməli, mən daha özümə heç nə ala bilmərəm, maaşa isə hələ 5 gün var...
 

Yekunda

Sonda mən belə qənaətə gəldim ki, bu şəkildə, qiymətlərin daim artması fonunda Bakıda yaşayış minimumu ilə keçinmək mümkün deyil. Hətta biz bir nəfərin aylıq xərcini hesabladığımız halda belə, pul qidalanmağa güclə çatdı. Kommunal xərclərə, yemək və geyimə pul xərcləməkdən başqa, hərdən həkimə getməyə və bahalı dərmanlar almağa da zərurət yaranır. Təcili  nəsə  almaq, təmir etmək və s. məcburiyyətlər də ortaya çıxa bilər. Nəticə belədir: yaşayış minimumu ilə Bakıda yaşamaq müşkül məsələdir.
 

Sonda oxucularımıza aylıq təxmini xərclər cədvəlini təqdim edirik:
 

Kommunal xərclər

Aylıq xərclər

1.

Su

5 AZN

2.

Qaz

5 AZN

3.

İşıq

10 AZN

4.

İnternet

20 AZN

5.

Kabel televiziyası

10 AZN

6.

Telefon pulu

2 AZN

Alış-veriş

Minimal qiymətlər

1.

Toyuq (0,968 qr.)

4,07 AZN

2.

Mərci (400 qr.)

1,19 AZN

3.

Qarabaşaq (1600 qr.)

1,99 AZN

4.

 Makaron (500 qr.)

0,50 AZN

5.

Bitki yağı (l litr.)

2,42 AZN

6.

Kərə yağı  (100 qr.)

1,65 AZN

7.

Çay (100 qr.)

1,47 AZN

8.

Pendir (500 qr.)

1,65 AZN

9.

Şor (200 qr.)

1,99 AZN

10.

Düyü (0,910 гр.)

3,25 AZN

11.

Spaqetti (500 qr.)

0,49 AZN

12.

Ət  (1 kq.)

13 AZN

12.

Alma (4 kq.)

1 AZN

13.

Kök  (3kq.)

1 AZN

14.

Xiyar (2 kq.)

1,38 AZN

15.

Pomidor (3 kq.)

3,57 AZN

16.

Kartof  (3kq.)

2,25 AZN

17.

Göyərti (4 dəst)

0,45 AZN

18.

Sabun

0,45 AZN

19.

Qab yumaq üçün vasitə (450 ml.)

0,70 AZN

20.

Diş məcunu

1,10 AZN

21.

Paltaryumaq tozu (450 qr.)

1,70 AZN

22.

Şampun  (380 ml.)

2,65 AZN

23.

Plaş

30 AZN



bakucity.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz