08 noyabr 2018 17:08

Yeni metro stansiyaları harada açılacaq – YERLƏRİN SİYAHISI

Qarşıdakı illərdə daşınmaz əmlak bazarına təsir edən amillərdən biri də yeni metro stansiyalarının işə düşməsi olacaq. Metro xətlərinin genişlənməsi, yeni stansiyaların tikintisi paytaxtın daşınmaz əmlak xəritəsini ciddi surətdə dəyişdirir. 

ELƏCƏ DƏ BAX: Bu il Bakı metrosunda 2 stansiya açılacaq

Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyaların sayı 76-ya çatdırılacaq. FED.az Bakı sakinləri, sahibkarlar və investorlar üçün əhəmiyyətini nəzərə alaraq yeni metro stansiyalarının harada işə düşəcəyini açıqlayıb. 

Yaşıl, qırmızı, sarı, mavi, bənövşəyi…

Hazırda Bakı Metropoliteni 2 xətdən ibarətdir: «Xətai»-«Dərnəgül» və «İçəri şəhər»-«Həzi Aslanov» xətləri. Bu xətləri şərti olaraq müvafiq surətdə «Yaşıl xətt» və «Qırmızı xətt» adlandırırlar. Perspektiv İnkişaf Planında həm bu xətlərin genişlənməsi, həm də, əlavə 3 yeni metro xəttinin - «Bənövşəyi», «Mavi» və «Sarı» xətlərin çəkilməsi nəzərdə tutulub (sxemə bax).

«Mavi» və «Bənövşəyi» xətlər Bakının şərq və qərb qurtaracaqlarını birləşdirir.  «Mavi xətt» Yeni Yasamal-Bakıxanov qəsəbəsi, «Bənövşəyi xətt» isə Avtovağzal-Qaraçuxur oxunu yaradır. Bu xəttin qurtaracağında Xocahəsən qəsəbəsinin gərişində, «Murad» şadlıq sarayının yaxınlığında depo stansiyası da tikilir, gələcəkdə ondan yerli əhali də istifadə edə biləcək.

Onlardan fərqli olaraq «Sarı xətt» Binəqədidən-Bibiheybət məscidinə qədər uzanmaqla Bakının şimal və cənubunu əlaqələndirir. «Sarı xətt»in deposu da Binəqədidə olacaq.

Bu 3 yeni xətt indiyədək metronun «Nizami», «Gənclik», «Memar Əcəmi»  və «Azadlıq prospekti» stansiyalarının arasındakı böyük ərazidəki  nəqliyyat xətləri boşluğunu dolduracaq. Bura Heydər Əliyev adına İdman Sərgi Kompleksi, Cıdır meydanı, Həsən Əliyev küçəsinin ətrafı və s. ərazilər aiddir. Yeni xətlərin rahatlıq gətirəcəyi digər ərazi Keşlə, NZS və 8-ci kilometr adlanan sahələrdir. Beləliklə… 

«Bənövşəyi xətt»

Yaxın illərdə Bakının metro xətlərində baş verəcək ən maraqlı dəyişikliklər «Bənövşəyi xətt»lə bağlıdır.  Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən xətt bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq. Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.

Bu xəttin üzərində 12 stansiya olacağı nəzərdə tutulub. «Bənövşəyi xətt»in ilk stansiyası (şərti olaraq B-1) Bakı Beynəlxalq Avtovağzalında işə düşüb, sonrakı stansiya B-2 və ya “Memar Əcəmi-2” stansiyasıdır. Adından göründüyü kimi, bu stansiya keçid stansiyasıdır, yəni onun vasitəsilə «Bənövşəyi xətt»in sərnişinləri «Memar Əcəmi» stansiyası vasitəsilə hazırda mövcud olan «Dərnəgül - Xətai» xəttinə keçə bilərlər. 

Növbəti, 3-cü stansiya  (B-3) Ceyhun Səlimov küçəsində – Bakının «Papanin» adlanan ərazisində olacaq. Bu stansiya «Bənövşəyi xətt»lə gələcəkdə tikilməsi nəzərdə tutulan «Mavi xətt»in kəsişməsində olduğu üçün bu da keçid stansiyası hesab olunur.

«Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında, təxminən Semaşko xəstəxanası ilə adı çəkilən kompleksin arasında, «Neptun» marketin yaxınlığında olacaq, oradan bir neçə istiqamətə – kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq.

Xəttin beşinci stansiyası (B-5) şəhərin mərkəzində – Heydər Əliyev Sarayının arxa hissəsində –«Qış bağı»nın yanında tikiləcək.

Burdan sonra metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və altıncı stansiya (B-6) Azadlıq meydanında olacaq.

Azadlıq meydanından  sonrakı stansiya (B-7) «Xətai» stansiyası ilə keçid stansiyası olacaq.

B-8 stansiyasının isə Keşlə qəsəbəsində (məscidin yanında) inşa olunacağı gözlənilir.

Növbəti 2 stansiya Babək prospektində olacaq. Onlardan biri (B-9) “Murad” şadlıq evinin yanında yerləşəcək, digəri isə (B-10) keçmiş «Maşın bazarı» kimi tanınan ərazinin yaxınlığında olacaq. Bundan sonrakı stansiya (B-11) “Xalqlar Dostluğu” stansiyası ilə kəsişəcək. Nəhayət, bu xətt üzrə sonuncu stansiya (B-12) Qaraçuxur qəsəbəsində inşa olunacaq. Qəsəbədə stansiya Hajinski prospektində,  Dövlət Yanğından Mühafizə Xidmətinin yanında tikiləcək.

Hazırda «Bənövşəyi xətt» üzrə işlər tam surətlə gedir. Bu yaya qədər xəttin ilk iki stansiyası - «Avtovağzal» və «Memar Əcəmi 2»  stansiyalar istismara veriləcək. Yeri gəlmişkən, gələcəkdə «Bənövşəyi xətt»in Xocahəsəndə yerləşəcək depoya qədər uzadılması nəzərdə tutulur. 

«Mavi xətt»

Başlanğıcını Yeni Yasamaldan götürən «Mavi xətt» Sabunçu rayonunun Bakıxanov qəsəbəsinədək uzanacaq. Bakı Metroliteni xətlərinin perspektiv sxeminə əsasən, «Mavi xətt»də 11 stansiya və 1 depo olacaq. Depo Yeni Yasamal ərazisində tikiləcək.

Beləliklə, «Mavi xətt»in ilk stansiyası (M-1) Yeni Yasamalda, «Bizim Market»dən bir qədər yuxarıda 77 saylı avtobusun sonuncu dayanacağı kimi tanınan ərazidə nəzərdə tutulur.

2-ci stansiya (M-2) hazırkı «İnşaatçılar» stansiyası ilə keçid stansiyası olacaq.

Bu xəttin 3-cü stansiyası (M-3) Ceyhun Səlimov küçəsində (Papanində) yerləşəcək və «Bənövşəyi xətt»lə keçid stansiyası olacaq. 

4-cü stansiya (M-4) Həsən Əliyev küçəsində Kooperasiya Universitetinin yanında nəzərdə tutulur. Bu stansiyada «Mavi xətt» metronun digər istiqaməti olan «Sarı xətt»lə kəsişəcək.

Xəttin 5-ci stansiyası (M-5) isə hazırkı «Gənclik» stansiyası ilə keçid olacaq.

M-6 stansiyası «Gənclik» stansiyası ilə Keşlə qəsəbəsinin arasında yerləşəcək.

«Mavi xətt»in 7-cı stansiyası (M-7) Keşlə qəsəbəsində «Bənövşəyi xətt»lə kəsişəcək. Xəttin sonrakı iki stansiyaları (M-8 və M-9) Heydər  Əliyev adına Neft Emalı Zavodunun ətrafı və 8-ci kilometr ərazisinə düşür.

10-cu stansiya (M-10) «Qara Qarayev» stansiyası ilə keçiddir.

Sonuncu olacaq M-11 stansiyası isə Bakıxanov qəsəbəsində yerləşəcək. Hazırda «Mavi xətt»in üzərində layihə işləri gedir.

«Sarı xətt»

Bakının metro xətləri sxemində ən böyük səbirsizliklə gözlənilən istiqamət «Sarı xətt»dir desək, yanılmarıq. Bu xətt paytaxtın kifayət qədər inkişaf etmiş və gur hərəkət olan, amma nəqliyyat sisteminin lazımi səviyyədə olmadığı ərazilərini birləşdirir.

İlkin plana əsasən 11 stansiyadan və 1 depodan ibarət olacaq «Sarı xətt» başlanğıcını (S-1 stansiyası) Binəqədi qəsəbəsindən götürəcək, ikinci stansiya (S-2) M.Ə.Rəsulzadə qəsəbəsində olacaq. 

Xəttin 3-cü stansiyası (S-3) hazırkı «Azadlıq prospekti» stansiyası ilə keçid olacaq, 4-cü stansiya (S-4) isə 8-ci mikrorayon ərazisində – Ayna Sultanovanın heykəli ilə «Azadlıq prospekti» metrosunu birləşdirən xəttin düz ortasında inşa ediləcək.

5-ci stansiya (S-5) Kooperasiya Universiteti yaxınlığında «Mavi xət»lə, 6-cı stansiya (S-6) Heydər Əliyev adına İdman Kompleksi yaxınlığında «Bənövşəyi xətt»lə kəsişəcək, 7-ci stansiya (S-7) hazırkı «Nizami» stansiyası, 8-ci stansiya (S-8) isə «İçərişəhər» stansiyası ilə keçid olacaq.

İçəri şəhərlə Bibiheybət məscidi arasındakı ərazidə isə 2 stansiya (S-9 və S-10) tikiləcək. «Sarı xətt»in sonuncu -11-ci stansiyası isə Bibiheybət məscidinin yaxınlığında, yeni salınmış «Yeni şəhər» yaşayış kompleksinin ətrafında nəzərdə tutulub.


«Qırmızı» və «Yaşıl» xətlər genişlənir

Yeni xətlərin salınması ilə yanaşı, indi mövcud olan «Qırmızı» və «Yaşıl» xətlər də genişlənəcək. Bu işlər nəticəsində hər iki xətt hər iki istiqamətdə uzanacaq.


«Yaşıl xətt»

Belə ki, hazırda «Yaşıl xətt» metronun «Xətai» və «Dərnəgül» metro stansiyalarını birləşdirir. Genişlənmə işləri nəticəsində xətt dairəvi forma alacaq. Yəni hər iki tərəfdən uzanmaqla Koroğlu stansiyasında dairə qapanacaq.

Bunun üçün «Xətai» stansiyasından tikilməkdə olan «Həzi Aslanov 2» stansiyasına qədər Nobel prosepekti boyunca 3 yeni stansiya tikiləcək. Bunlardan biri «Ağ Şəhər»də, digəri Xəzər TV-nin binasının yanında (Neft Emalı Zavodunun qabağında), biri də "Nargilə" dairəsi yaxınlığına düşür. 

«Həzi Aslanov 2»dən sonra Köhnə Günəşli, Yeni Günəşli və Qaraçuxurda keçid stansyası olacaq. Qaraçuxurdan sonra tikiləcək stansiya (Bakıxanovla Qaraçuxurun arasında olacaq), sonrakı stansiya Bakıxanov qəsəbəsində, sonra isə Bakıxanovla «Koroğlu» stansiyasının arasında olacaq. Sonra isə Koroğlu stansiyasında keçid stansiyası (11ci) olacaq.

Dərnəgüllə Koroğlu arasında isə 2 yeni stansiya olacaq. Bu stansiyalardan biri «Elit» ticarət mərkəzi və 10 saylı Cəzaçəkmə müəssisəsinin ətrafında, 2cisi isə Böyük Şor yaxınlığında olacaq. 


«Qırmızı xətt»

«Qırmızı xətt» üzrə isə genişləndirmə işlərinin bir hissəsi «İçəri şəhər» stansiyasından sonra olacaq. “İçəri şəhər”dən sonra Badamdar qəsəbəsinə qədər 4 yeni stansiyanın tikintisi nəzərdə tutulub. Bunlardan biri Mətbuat prospektində - 20 saylı məktəbin yanında, digəri Nəbatat bağı ətrafında olmalıdır.

Digər iki stansiya Badamdar qəsəbəsinin ərazisində tikiləcək. Bunlardan biri ABŞ səfirinin evi yaxınlığında, digəri isə qəsəbə şurasının yaxınlığında olacaq.

«Qırmızı xətt» digər tərəfdən, «Həzi Aslanov» stansiyasından sonra da genişlənəcək. Buradan Zığ şosesinə tərəf 2 yeni stansiyanın tikilməsi nəzərdə tutulub. Bunlardan biri Zığ şosesinə girəcəkdə, digəri isə Hərbi Akademiyanın yaxınlığında tikiləcək.

Paylaş

Şərhlər

  • Elvin
    08 noy 18:39

    Bu necənçi ilin müsahibəsidir ki siz 08.11.2018-ci il də camaata çatdırırsız? "Hazırda «Bənövşəyi xətt» üzrə işlər tam surətlə gedir. Bu yaya qədər xəttin ilk iki stansiyası - «Avtovağzal» və «Memar Əcəmi 2» stansiyalar istismara veriləcək" bu stansiyalar çoxdan istismara verilib))

Cavab yaz