08 noyabr 2018 16:14

Vergiyə dəyişikliklərinin - BİR HİSSƏSİ AÇIQLANDI

2019-cu ildə Azərbaycanda vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin növbəti hissəsi açıqlanıb. FED.az maliyyə naziri Samir Şərifova istinadən xəbər verir ki, gələn ildən vergi sahəsində ciddi dəyişikliklər baş verəcək: «Hesab edirəm ki, söhbət böyük bir vergi islahatından gedir. Və bunların arasında ən nəzərə çarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəştin müəyyən  edilməsidir».

 

Nazir bildirib ki, islahatın digər mühüm istiqaməti bu güzəşti alanlar üçün məcburi dövlət sosial sığorta haqları üzərə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Xatırladaq ki, indi 25%-lik sosial sığorta ödənişinin 22%-ni işəgötürən 3%-ni işçi ödəyir. Gələn ildən bu nisbət dəyişir.

 

Nazir bildirib ki, dəyişikliklərdə məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, məcburi dövlət sosial sığorta haqları üzrə işə götürən və işçi arasında bölgünün daha da optimallaşması, uçotda olmayan iş yerlərinin və orada çalışan işçilərin əmək haqlarının leqallaşdırılması  və onun hesabına işləyənlərin sosial müdafiəsinin daha da genişləndirilməsidir: «Vergi Məcəlləsində başqa bir vacib güzəşt ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəşti daha 5 il müddətinə uzadılır».

 

Gələn ildən ölkədə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi də nəzərdə tutulur – dərəcəsi 2%-ə endirilir. Bununla yanaşı,  nazir bildirib ki, ƏDV-yə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi nəzərdə tutulur: «Söhbət topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətlər, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətində çalışanların da ƏDV-yə cəlb edilməsindən gedir».

 

Ümumiyyətlə, S.Şərifov bilirib ki, hazırda vergi sahəsində hökumətin əsas vəzifələrindən biri verilmiş güzəştlərin azaldılmasıdır.

 

Maraqlı dəyişikliklərdən biri sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanıb ödənilməsinə nəzarətin vergi orqanlarına keçməsidir: «Yəni sosial sığorta haqlarını yıtılması üzrə inzibatçılıq Vergilər Nazirliyinə keçəcək».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz