02 noyabr 2018 20:45

Alov hər yeri bürümüşdü – ŞAHİD İFADƏSİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

ELƏCƏ DƏ BAX: “AMAY”-ın İrandakı şirkətinin rəhbəri həbs edilib

FED.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elçin Əsədov ifadə verib.
 
O bildirib ki, hadisə zamanı onun qardaşı Elxan Əsədov mərkəzdə yanaraq ölüb. Onun sözlərinə görə, yanğın barədə məlumatı internetdən öyrənib: "Sonra morqdan zəng edib dedilər ki, qardaşım ölüb".
 
Daha sonra zərərçəkmiş qismində Xalidə Baxışova dindirilib. O  deyib ki, qardaşı Tərlan Qəribov yanğın zamanı yararaq dünyasını dəyişib: "Yanğın barədə məlumatı sosial şəbəkələrdən oxudum. Əvvəl qardaşımdan xəbər ala bilmirdik. Sonra bizə morqdan məlumat verdilər".
 
Digər zərərçəkmiş Zaur Murtuzayev ifadəsində vurğulayıb ki, hadisə zamanı mərkəzdə olub. Onun sözlərinə görə, Mərkəzdə narkotikdən müalicə alırmış: "Mən nə vaxt orda müalicə olunmuşamsa, Məhəmməd də orada olub. Biz Elşən adlı şəxslə 10-cu palatada qalırdıq. O, yanğın zamanı öldü. Həmin gün oyaq idim. Dəhşətli külək vardı, yuxuya gedə bilmirdim. Birdən qapıdan tüstü qoxusu gəldi. Qapını açanda alov gördüm, tüstü dəhlizi bürümüşdü. Səs-küy qaldırdım ki, uşaqlar yuxudan oyansın. Sonra qaça-qaça oradan çıxdım".
 
Məhkəmədə zərərçəkmiş Vüqar Kərimov və Ramil Alməmmədli də dindirilib. Onların hər ikisi yanğın baş verən mərkəzdə narkotikdən müalicə olunduqlarını bildirib. Həmin şəxslər hadisə günü orada olduqlarını deyiblər.
 
Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.
 
Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
 
Xatırladaq ki, mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. Daha sonra o, dünyasını dəyişib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz