23 oktyabr 2018 22:07

Bakıda maşınların cərimələnməsinə başlandı -  XƏBƏRDARLIQ

 

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb.
 
FED.az-ın məlumatına görə, bu məqsədlə, metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının ətrafında reyd keçirilib.
 
Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində saxlayan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin müvafiq olaraq 1 və 2-ci bəndinə əsasən cərimə sanksiyaları tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 3-cü bəndinə əsasən cərimə edilib.
 
Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir. Sürücülərin dayanma-durma qaydalarına əməl etməsi üçün inzibati tənbeh tədbirləri ilə yanaşı maarifləndirmə işləri də aparılmaqdadır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz