22 oktyabr 2018 23:49

İlham Əliyevin robot "Sofiya" ilə söhbəti - TAM MƏTN

Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev İmişlidə "ASAN Həyat" mərkəzinini açılışında iştirak edib və burada dünyada məşhur olan robot Sofiya ilə tanış olub. FED.az xəbər verir ki, 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanan robot “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

FED.az xəbər verir ki, prezident İlham Əliyev robot “Sofiya” ilə söhbət edib:  

“Sofiya”: Salam cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev: Çox sağ olun, “Sofiya”. İlk növbədə, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir. Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.

“Sofiya”: Əlbəttə, cənab Prezident. Hava limanına enən kimi mənə dərhal ASAN viza verildi. Mən, həmçinin Sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” konsepsiyası ilə tanışam. Hesab edirəm ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz Sizin e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Yeri gəlmişkən, mən burada yaradılmış iş şəraitini çox bəyəndim.

Prezident İlham Əliyev: Çox sağ olun. “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz. Sizi görməyə çox şadam.

“Sofiya”: Təşəkkür edirəm cənab Prezident.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz