20 oktyabr 2018 15:41

«Bankda görüşüm var» - YENİ XİDMƏT – MÜSAHİBƏ

Banklarda növbə gözləmək bir çoxumuz üçün əlavə vaxt itkisi və yorğunluq deməkdir.

FED.az xəbər verir ki, bunu nəzərə alan banklar, müştərilərin vaxt itirməməsi üçün elektron bankçılıq, randevu kimi xidmətlər təklif edir. Randevu xidməti vasitəsilə müştərilər banka öncədən müəyyən edilmiş gündə və saatda gələ bilərlər. Belə xidmət xüsusilə müştəriləri çox olan banklar üçün çox vacibdir. Növbəsiz xidmət imkanı - randevu xidməti və ondan istifadə üsulları Azərbaycan Beynəlxalq Bankı (ABB) və «ASAN Radio» birgə layihəsi olan «Bank saatı» verilişində müzakirə edilib.
FED.az ABB-nın Bank Proseslərinin Optimallaşdırılması Şöbəsinin müdiri Vüqar Qardaşbəyovun «Bank saatı»na olan müsahibəsini təqdim edir.
 
- Vüqar müəllim, banklar vaxt məsələsində həssas olur. Belə anladım ki, bu təkcə öz vaxtlarına deyil, müştərilərin də vaxtına addir. Ümumiyyətlə, maraqlıdır, növbədə daha az gözləmək üçün üçün banka günün hansı saatlarında yaxınlaşmaq məsləhətdir?
- Normalda müştərilər adətən günün birinci yarısı banka müraciət edirlər. İşləyən vətəndaşlar nahar fasiləsindən istifadə edərək banka müraciət etdiyi üçün saat 13-14 aralığında da çox müraciət olur. Növbədə azalma adətən günün ikinci yarısında, daha dəqiqi 3-dən sonra müşahidə edilir.
 
- Bank əməliyyatları saat neçəyədək davam edir?
- 17.00-dək.
 
- Deməli, vaxt itirməmək baxımından banka gəlmək üçün ən münasib vaxt saat 15-17 aralığıdır?
- Bəli. Əgər müştəri banka müraciət edibsə sonuncu müştərini də yola salmalıyıq.

 

- Randevu xidmətindən danışaq. Bu xidmət banklarda var, yəqin ki sizin bankınızda da mövcuddur. Nədir randevu?
- Рандеву хidmətinin əsas faydası odur ki, müştəri bir və ya bir neçə gün öncədən istədiyi vaxtda istədiyi filiala müraciət üçün növbə əldə etmiş olur. Əgər qeyd etdiyi vaxtda bankda olarsa növbəyə girmədən əməliyyatını apara bilər.
 
- Deməli mən ABB-nın hansısa bir filialına yaxınlaşmaq üçün əvvəlcədən müraciət edirəm, vaxt və filialı özüm təyin edirəm. Tutaq ki Səbail filialını seçmişəmsə həmin gün ora getdikdə mənə növbəsiz xidmət göstərilir?
- Bəli, elədir.
 
- Bəs əgər bankda çoxlu müştəri növbə gözləyirsə etiraz etməzlər?
- Xeyr, sizdə fərqli bir nömrə olacaq, ofis-menecerlərimizin köməyi ilə lazımı əməliyyatçıya yönləndirilirsiniz və beləcə növbəsiz xidmətimizdən yararlana biləcəksiniz.
 
- Bəs təyin olunan vaxtdan bir qədər sonra, məsələn 5 dəqiqə gec gəlsəm?
- Filiallarımızdakı sistemlərdə belə bir alqoritm qoyulub ki, növbə gözləyən müştəri çoxdursa və onların gözləmə vaxtı hansısa həddi ötürsə təbii ki həmin gözləyən müştərilər qabağa salınacaq. Siz gecikdinyinizə görə növbəti müştəri olaraq xidmət göstəriləcəksiniz.
 
- Nə qədər geciksəm randevu xidmətimi itirə bilərəm?
- 5-7 dəqiqə gecikmədən sonra randevunuz qüvvədən düşür və adi növbədən yararlana bilərsiniz.
 
- Bəs randevu xidmətinə yazılmaq üçün nə etmək lazımdır? Telefonla, yoxsa internetlə yazılmaq lazımdır?
- ABB-nın saytında Online Xidmətlər bölməsi var ki, oradan Randevu xidmətini seçib yazılmaq mümkündür. Orada xüsusi bölmələr var ki, siz oradan həm istədiyiniz filialı, həm də istədiyiniz saatı seçə bilərsiniz. Siz telefon nömrənizi ora daxil edəndə sizə xüsusi randevu kodu göndərilir. O SMS-də seçdiyiniz filial, randevu saatı yazılıb.  Eyni zamanda bankımızın məlumat mərkəzinə zəng edərək qəbula yazılmaq imkanı da var.
 
- Tutaq ki mən istədiyim saatda artıq randevusu olan başqa bir müştəri var. Mənə başqa faxt təklif ediləcək?
- Bəli, sizə istədiyiniz saat dolu olduğu təqdirdə seçimlər təklif olunacaq,  ən yaxın vaxtda randevu təyin ediləcək.
 
- Bəzən müşahidə edirik ki, bizdən əvvəlki müştərinin işi uzanır, təbii olaraq biz də gözləməli oluruq. Randevu xidmətində məndən öncəki müştərinin işi uzansa necə olur?
- Bu hallar mümkündür. Əməliyyatçılardan birinin asudə olanını gözləmək lazım gələcək.
 
- Randevu üçün banka gələndə kimə müraciət etməliyik?
- Növbələrin idarə edilməsi intellektual xidmətindən növbə kağızı almaq olar. Menyudan “görüş təyin etmişəm” bölməsini seçirsiniz.Bu zaman sizə göndərilmiş randevu kodu daxil etməyiniz tələb olunur. Həmin kodu daxil etməklə sıra nömrənizi götürürsünüz. Eyni zamanda bütün filiallarda ofis-menecerlərimiz var ki, onlar sizə bu əməliyyatı reallaşdırmaq üçün kömək edəcəklər.
 
- Vüqar müəllim, istəsəm 6 ay sonraya randevu təyin edə bilərəm?
- Adətən sabaha və ya birigünə təyin olunur. 6 ay əvvəlcədən planlama edə bilirsinizsə mümkündür ki 6 ay sonranın randevusunu ala biləsiniz.
 
- Bank müştərilərinin neçə faizi randevu xidmətindən istifadə edir? Tutaq ki 100 müştəri müraciət edirsə neçəsi randevulaşıb gəlir?
- Hazırda müştərilərimizin 5 ya 6 faizi randevu xidmətindən istifadə edir.
 
- Yəqin ki əksəriyyət sabaha randevu təyin edir...
- Bəli, adətən elə olur.
 
- Başqasının adına randevu təyin etmək olar? Tutaq ki, mənim dostumun bank randevusunu ala bilərəm?
- Bəli mümkündür. Amma yaxşı olar ki dostunuzun  adını-soyadını, və telefonunu verəsiniz. Çünki randevu kodu göndərilir həmin nömrəyə. Yaxud da kodu siz alıb dostunuza verə bilərsiniz.
 
- Bəs dostumun adına randevu alıb özüm gedə bilərəm? Başqa adam olduğum üçün xidmət göstərilməyə bilər?
- Siz problemlə üzləşə bilərsiniz. Çünki randevu tələb edəndə başqa adamın adı qeyd edilib, randevuya isə başqası gəlib. Buna görə siz problem yaşaya bilərsiniz təbii olaraq.
 
- Bəs sui-istifadə edənlər necə, var? Məsələn sabaha randevu götürmək istəyirəm, fikirləşirəm ki təyin etdiyim vaxta çata bilmərəm, ona görə dalbadal 3 randevu götürmək istəyirəm. Bu mümkündür?
- Belə hallarla qarşılaşırıq. Əvvəl bir vaxta təyin edirlər randevunu, sonra dəyişib başqa bir vaxta təyin edirlər. Amma həmin vaxtları sistemdə bloklaşdırırlar. Amma müştərilərin nəzərinə çatdırmaq lazımdır ki, bir neçə randevu təyin edibsə filiala müraciət edəndə sistem artıq onu birinci randevu ilə tanıyır və o gecikdiyi üçün randevu xidmətini itirmiş olur.
 
- Müştəri öz randevu vaxtını dəyişə bilər? Əgər vacib bir işi olursa daha sonraya təyin edə bilər görüşü?
- Bəli. Müştəri bankın saytından telefon nömrəsini və randevu kodunu daxil edərək giriş edərək bütün randevu məlumatlarını dəyişə bilər – vaxtı, saatı. O cümlədən randevunu ləğv edə də bilər. Bunları məlumat mərkəzimizə zəng edərək də icra edə bilər.
 
- Randevuya gedən müştəri bankın hansı xidmətlərindən istifadə edə bilər?
- Əksər xidmətlərdən istifadə edə bilər. Hesab və kart əməliyyatları, köçürmələr, əmanət qoymaq, əmanəti çıxarmaq, faizlərini almaq da ola bilər.
 
- Randevu xidməti ABB-nın bütün filiallarında mövcuddur?
- Demək olar ki əksər filialımızda var. Bu sistem daha çox müştəri müraciəti daha çox olan filiallarımızdadır.
 
- Bəs bir nəfər randevusunu başqa bir nəfərə verə bilər?
- Yox, amma əvvəlcədən girib randevu məlumatlarını dəyişməklə randevunu başqa müştərinin adına transfer edə bilər.
 
- Randevu adını dəyişmədən mümkün deyil? Tutaq ki siz bankla randevulaşmısınız, amma sonra mənim daha vacib işim çıxır və siz mənə öz növbənizi verməklə kömək etmək istəyirsiniz. Dəyişə bilmərik?
- Xeyr, siz banka müraciət edəndə bir adla randevu tələb edib, yerinizə başqa bir adamı filiala göndərirsinizsə o xidmət ala bilməyəcək.
 
- Randevu xidmətində bir müştəriyə xidmət üçün nə qədər vaxt nəzərdə tutulur?
- Randevu xidmətinin qeydiyyatı 1 dəqiqəlik prosesdir. Qeydiyyatdan keçəndən sonra filialda növbə kağızı götürərək əməliyyat masasına yaxınlaşdığı üçün cüzi bir vaxt tələb olunur.
 
- Əgər mən səhər təxminən saat 09.30-da öyrənsəm ki saat 16.00-da mütləq bankda olmalıyam və həmin sata randevu almaq istəyirəm. Eyni günə verilir randevu?
- Xeyr, eyni gün üçün nəzər tətulmayıb. Ən tez sabah üçün randevu ala bilərsiniz.
 
- Siz bayaq dediniz ki, kart almaq üçün də randevu sistemindən istifadə etmək olar. Biz bir sorğu keçirdik, kartları nə qədər aktivdir, məbləğ barədə məlumatlıdırlarmı kimi suallar verdik. Düzünü desəm biz aldığımız cavablardan təəccübləndik. Vətəndaşlar öz bank kartını yaxşı izləyir. Respondentlərdən hətta balansında neçə manat neçə qəpik olduğunu bildiyini deyənlər də oldu. Siz necə, kartınızdakı məbləğ barədə məlumatlısınız?
- Təbii ki. Bunun üçün SMS məlumatlandırma xidmətimiz var. Kartla istənilən əməliyyat etdikdə balansda qalmış pul barədə dərhal mobil telefona məlumat göndərilir.
 
- Biz “pul lazım olanda kimə müraciət edirsiniz – banka, qohumlara yoxsa sələmçilərə?” sualı ilə paytaxt sakinləri arasında kiçik bir sorğu da etmişdik. Respondentlərin kimisi banka, kimisi qohumlara müraciət etdiyini dedi. Bəs siz pul ehtiyacınız olanda necə qarşılayırsınız bu ehtiyacı? Yəqin ki banka.
- Təbii ki bank. Çünki daha etibarlıdır. Sələmçidən yüksək faizlə və sərt şərtlərlə pul almaqdansa əməkhaqqı kartını təqdim edərək bankdan daha yumşaq şərtlə və daha aşağı faizlə pul götürmək yaxşıdır.
 
- Biz oxucularımızdan da suallar səsləndiririk. Bir oxucumuzdan gələn sual isə belədir ki, müştəri bankla bağladığı kredit müqaviləsini dəyişə bilərmi?
- Dəyişmək dedikdə yəqin ki müqavilə şərtlərini dəyişməyi nəzərdə tutur, ola bilər vaxt və ya faizlə bağlı güzəşt istəyir. Kredit müqaviləsi ikitərəfli müqavilədir və onu birtərəfli dəyişmək mümkün deyil. Müştəri banka müraciət etməlidir, müraciətinə baxılmalıdır, məqbul şərtlər təklif edilə bilər.
 
- Başqa bir oxucumuz da soruşur ki, atasının adına olan kreditin qalıq məbləği haqqında məlumat almaq istəyib. Lakin bank ona məlumat verməkdən imtina edib. Bu doğrudurmu?
- Qanun icazə vermir ki, ən yaxın qohumluq əlaqələri də olsa bir şəxsin kredit borcu haqqında başqa bir şəxsə məlumat verilsin. Bu məlumat yalnız borcgötürənin rəsmi şəkildə vəkil təyin etdiyi insana verilə bilər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz