19 oktyabr 2018 15:16

Bələdiyyələrə yeni səlahiyyət verilir – QANUNA DƏYİŞİKLİK

Oktyabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

FED.az xəbər verir ki, iclasda müzakirə olunan məsələlərdən biri “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olub.

Bildirilib ki, bu ilin fevralında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qəbul edilib. Həmin sənədə əsasən bələdiyyələr bundan sonra daşınmaz əmlakı əldə etmək üçün bilavasitə reyestrə müraciət edə bilərlər.

Komitənin sədri Arif Rəhimzadə deyib ki, daşınmaz əmlakdan vergi tutulması bələdiyyələr üçün vacib gəlir mənbələrindən biri olduğuna görə, baş verən dəyişiklik çox mühümdür: “Amma əfsuslar olsun ki, bu indiyədək olmayıb. Çünki bələdiyyələrin əhalinin ixtiyarında olan daşınmaz əmlakın sahəsi barədə məlumatı yox idi. Mövcud qanunda nəzərdə tutulur ki, bələdiyyələr yazılı surətdə, ya da elektron qaydada müraciət edə bilərdilər və müraciətə görə onlara tam məlumat verilməli idi».

Hazırda həmin qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz