18 oktyabr 2018 16:39

"Ayıq sürücü" sadəcə sözdə xidmətidir - EKSPERT

"Ayıq sürücü" sərxoş avtomobil sahibinin külli miqdarda pulunu oğurlamaqda günahlandırılır. Bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, cinayətin qurbanı varlı bir biznesmenin oğlu, 1995-ci il təvəllüdlü Sahib Zeynalzadədir. O, Yasamal RPİ-nin 27-ci polis bölməsinə şikayət edərək bildirib ki, oktyabrın 14-də məşhur "Buta" restoranında olub.

Zeynalzadə restorana özünün "Porshe Cayenne" markalı avtomobilində gəlib. İş elə gətirib ki, o, restoranda çoxlu spirtli içki qəbul edib. Elə vəziyyətdə sükan arxasında oturmağın qanunazidd olduğunu bildiyindən, "ayıq sürücü" xidmətindən istifadə etmək qərarına gəlib.

Sifariş etdiyi sürücü Zeynalzadəni evinə gətirib. Sürücü "Porshe Cayenne"nin sahibini evinə qoyub gedəndən sonra avtomobilin salonundakı pulların yoxa çıxdığı məlum olub.

Zeynalzadə polisə salondakı 4 min 800 manat və 1100 ABŞ dollarının maşından götürüldüyünü bildirib. Polisdən verilən məlumata görə, sərxoş sürücünü maşını ilə birlikdə evə gətirən şəxs müəyyən edilib. Hazırda polis şübhəli şəxsin sözügedən qarətdə iştirak edib-etmədiyini araşdırır.

Hələlik faktla bağlı heç kəs saxlanmayıb. Çünki "Ayıq sürücü" xidmətinin əməkdaşının günahı hələ sübuta yetirilməyib. Zeynalzadənin pulları restoranda israf etdiyi də istisna edilmir. İstintaq hazırda sərxoş müştəridə…

Son zamanlar "Ayıq sürücü" xidməti ilə sərnişinlər arasında yaranan problemlərə Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı aydınlıq gətirərək bildirib ki, dünyanın müxtəlif ölkələrində illərdir tətbiq olunan bu xidmət Azərbaycanda əvvəllər sadəcə, dost-tanış arasında formalaşmışdı: "Amma dövr keçdikcə, Bakıda və digər bölgələrdə xidmət formasına saldılar. Bu xidmətlər də bəzən pərakəndə şəkildə həyata keçirilir. Yəni müəyyən şirkətlər var ki, bu sahədə özünü doğruldur, ciddi işlə məşğuldur. Elə xidmətlər də var ki, onlar dırnaqarası xidmətlə məşğuldur. Çünki 5-10 nəfər taksi sürücüsü yığışıb nömrə paylamaqla taksi xidməti ilə məşğul olduqlarını elan edirlər. Öz dolanışıq tərzini təmin etmək üçün axşam saat 10-11-dən sonra restoranların qarşısında ayıq sürücü kimi işləyirlər. Amma sərnişinləri razı salacaq xidmətdən söhbət gedirsə, bunun da bir qaydaları, çərçivəsi olmalıdır. Peşəkar şirkət səviyyəsində fəaliyyət göstərən "Ayıq sürücü" xidmətləri sürücülərə ciddi nəzarət etməlidir, ölçü götürməlidir. Onların kimliyi, keçmişi barədə məlumat almalıdır. Məsələn, bu yaxınlarda bir taksi sürücüsü saxlanılmışdı. Məlum olmuşdu ki, 40 dəfə soyğunçuluq etdiyinə görə məhkumluq həyatı yaşayıb, amma buna baxmayaraq taksi sürürdü. Əlbəttə ki, belə sürücünün yanında əyləşən sərxoş sərnişinin əlində bahalı telefon, qızıl saat varsa, avtomatik onun beyninə siqnallar gələcək ki, onu qarət etsin. Belə adamlara nəzarət etmək mexanizmi faktiki olaraq yoxdur. "Ayıq sürücü" rəsmi qaydada hazırda Azərbaycanda göstərilən hansısa xidmətlər sırasında deyil. Bu, qeyri-rəsmi bir xidmət növüdür. Baxmayaraq ki, bundan bir çox adam istifadə edir, amma müvafiq rəsmi sənədləri yoxdur».

E.Muradlı onu da qeyd edib ki, əksər rəsmi təhlükəsizlik xidmətlərinin özünün bir nizamnaməsi olur. Onu Daxili İşlər Nazirliyi təsdiqləyərək qarşısına şərtlər qoyur ki, hərbi xidmətdə olmayan, fərari, cinayət törətmiş şəxsləri işə qəbul etməsin. Onlar da bu tələbə uyğun hərəkət edirlər. Ekspertin fikrincə, "Ayıq sürücü" xidmətlərinin qarşısına da özlərinin müvafiq aktları, qərarları, nizamnaməsi olması ilə bağlı şərtlər qoyulsa, bu zaman onları tənzimləmək olar: "Hazırda isə dediyim kimi, ayıq sürücü xidmətləri sadəcə sözdə xidmətdi. Düşünürəm ki, xidmət sahəsi kimi cəmiyyət arasında yayılıbsa, populyarlıq qazanıbsa, buna nəzarət mexanizmi olmalıdır".

avtosfer.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz