18 oktyabr 2018 14:34

"Azərbaycanda ödənişlər mobil telefonlarla aparılacaq" - MÜSAHİBƏ

Müsahibimiz İsveçrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlindir

İsveçrə Əməkdaşlıq Ofisi İsveçrə hökuməti və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycanda həyata keçirdiyi layihələri koordinasiya etməklə ölkələrimiz arasında birgə əməkdaşlığın güclənməsinə töhfə verir. 

 

- Xanım Haberlin, İsveçrə ilə Azərbaycan arasında iqtisadi münasibətlərə ümumi qiymət verməli olsanız, mənzərəni necə təqdim edərdiniz? İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatının hansı sahələrində təmsil olunurlar?

- Azərbaycan və İsveçrə arasında mövcud münasibətlər yüksək səviyyədədir. Hər iki ölkənin dövlət qurumları arasında sıx və etibarlı əlaqələr qurulmuşdur. Əməkdaşlıq strategiyasına əsasən İsveçrə Azərbaycanda iqtisadi inkişaf layihələrinə öz dəstəyini göstərir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkətlərinin əsas istiqamətlərini qeyri-neft sektoru təşkil edir. Qaradağdakı «Holcim», Sumqayıt Kimya Texnologiyaları Parkındakı «SİKA» şirkətləri qeyri-neft sektorunda fərqlənən aparıcı investorlardandır. «ABB» şirkəti sənaye sektorunda avtomatlaşdırma sahəsində uğurlu işlər görür. İnfrastruktur sahələrinin bərpası və yenidən qurulmasında, müasir texnologiyaların Azərbaycana gətirilməsində də bizim şirkətlərin rolunu qeyd etmək olar. İsveçrənin istehsal etdiyi «Stadler» qatarları Azərbaycanın nəqliyyat infrastruk­turunun müasirləşməsinə öz töhfəsini verir. Ölkənizdə şəxsiyyət vəsiqələrinin çap işləri də İsveçrə şirkətinə məxsusdur.

Uğurlu əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də enerji və neft sənayesidir. Bunun yaxşı bir nümunəsi də Azərbaycanın İsveçrədə öz sərmayələrini artırmasıdır. Hazırda «SOCAR» və «SOCAR Trading» şirkətləri İsveçrə bazarında aktiv investorlardan biri kimi tanınır.

- İsveçrə hökumətinin və nüfuzlu iqtisadi agentliklərin təmsilçisi kimi, ofisiniz uzun müddətdir ki, Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişaf proqramlarında iştirak edir. Əməkdaşlığın əsas istiqamətləri hansı sahələri əhatə edir?

- Ofisimiz birgə texniki əməkdaşlıq proqramı çərçivəsində 20 ildir ki, Azərbaycanda yüksək biliklərə əsaslanan idarəetmənin qabaqcıl standartlara uyğunlaşdırılması üzrə müxtəlif layihələr həyata keçirir. Onların sırasında dövlət maliyyə inzibatçılığının təkmilləşdirilməsi, maliyyə sektorunun tənzimlənməsi və nəzarətin artırılması, monetar sektor və digər iqtisadi sahələrdə həyata keçirilən layihələri qeyd etmək olar. Biz, həmçinin, özəl sektor üçün daha əlverişli şəraitin, o cümlədən dayanıqlı maliyyə infrastrukturunun və sərmayə cəlbediciliyi mühitinin yaradılmasına dəstək veririk. Sahibkar qadınların fəaliyyətinin və biznesdə rolunun, maliyyə savadlılığının artırılmasına diqqət yetiririk.

İsveçrə hökuməti, əsasən, Dünya Bankı və onun qurumları, Beynəlxalq Valyuta Fondu kimi qlobal səviyyədə yüksək nüfuza malik maliyyə qurumları ilə birgə işləyir, çünki həmin qurumlar əməkdaşlıq etdiyi ölkələrin iqtisadi idarəetmə və institusional sahələrdə hansı islahatlara ehtiyacı olduğunu daha yaxşı bilir, bu sahədə təcrübəyə malikdir. İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi hazırda iki əsas sahə (makroiqtisadi və özəl sektor) üzrə fəaliyyət göstərir. Makroiqtisadi sahəyə dəstək proqramı çərçivəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlarla yaxından əməkdaşlıq qurulub.

Müasir dövrdə əsas iqtisadi çağırışlardan biri hər bir ölkə üçün makroiqtisadi inkişaf proqnozlarının tərtibi ilə bağlıdır. Bu baxımdan, maliyyə proqramına dəstək verən mütəxəssislərimiz mürəkkəb proqnozların hazırlanması sahəsində öz təcrübələrini bölüşürlər. Azərbaycanda dövlət borcunun idarə olunması strategiyasının hazırlanmasına da mütəxəssislərimiz kömək göstəriblər və sənəd bu ilin avqust ayında Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib. Hazırda dövlət borcunun idarə olunmasının texniki məsələləri və proqram təminatının quraşdırılması üzrə Maliyyə Nazirliyi ilə işbirliyimiz davam edir.

Əməkdaşlığımızın digər istiqaməti statistikanın qurulmasıdır. Biz dövlət maliyyə statistikası sahəsində BVF-nin standartlarına cavab verən yanaşmanı prioritet seçmişik.

- Elektron ödənişlər sahəsində Avropanın lider ölkələrindən sayılan İsveçrə Azərbaycanda nağdsız cəmiyyətin qurulmasında hansı dəstəyi göstərə bilər?

- Biz bank sektorunda müasir alətlərin və xidmət çeşidlərinin tətbiqinə, elektron ödəmə sisteminə xüsusi önəm veririk. Bu sahədə Azərbaycanla əməkdaşlıq edirik və artıq innovativ layihələrdən olan «Mobil Pul» (Mobile Money) sisteminin tətbiqinə başlamışıq. Pilot layihə kimi Naxçıvan Muxtar Respublikasını seçmişik və hazırda layihə nəzərdə tutduğumuz xətt üzrə davam edir. Əgər bu layihə uğurla başa çatsa, digər regionlarda da davamı olacaq, beləliklə də mobil telefonlar vasitəsilə ödənişlərin aparılması sisteminin bütün ölkədə tətbiqi mümkünləşəcək. Yeri gəlmişkən, əhalinin bank məhsullarına çıxışının asanlaşdırılması üzrə də iş aparırıq və həmin sahədə vəziyyətin tənzimlənməsinə məsul olan Maliyyə Bazarlarına Nəzarət Palatasına dəstəyimizi əsirgəməmişik. «Banklar haqqında» Qanunun 2017-ci ildə qüvvəyə minmiş yeni variantının hazırlanmasında da mütəxəssislərimizin az əməyi olmayıb. Özəl Kredit Bürosunun yaradılması, daşınan əmlakın qeydiyyatının müasirləşdirilməsi üzrə qanunvericiliyin hazırlanmasında SECO şirkəti və Beynəlxalq Maliyyə Korporasiyası iştirak edib. Əminik ki, bu cür layihələr Azərbaycanda bank kreditlərinin əldə olunması sistemini təkmilləşdirəcəkdir.

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi çoxtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir. Hazırda SECO ilə birgə həyata keçirilən layihə vergi sisteminin inkişafı istiqamətində hansı töhfəni verə bilər?

- Azərbaycanın vergi sistemi haqqında məlumatlıyam. Bu, müsbət tendensiyadır. Vergilər nazirinin və onun heyətinin zəruri və çətin olan islahatlara qərar vermələrini müşahidə etdim. Biz vergi siyasəti və vergi inzibatçılığı sahələrində nazirliklə əməkdaşlıq edə bilərik. Sadələşdirilmiş verginin tətbiqi bütövlükdə biznes fəaliyyətinin genişləndirilməsi üçün yaxşı yanaşmadır, ancaq ƏDV ödəmək istəməyən şirkətlər tərəfindən bu sahədə sui-istifadə halları baş verə bilər. Buna görə də həmin məsələdə vergi rejiminə diqqətlə baxılmalıdır. Bundan başqa, əmək vergisinə də yenidən baxılmalıdır ki, işəgötürənlər işçilərin real əməkhaqlarını əks etdirən müqavilələr təqdim etsinlər. Əgər əməkhaqqı müqavilədə öz əksini düzgün tapmırsa, bu, gələcəkdə işçinin təqaüdünə mənfi təsir göstərəcəkdir.

Bütövlükdə isə hesab edirəm ki, Azərbaycanda vergi mədəniyyətinə baxış dəyişməlidir. Hər iki tərəfi nəzərdə tuturam: vergi inzibatçılığı təkmilləşdirilməlidir, vergi ödəyicisinin isə vergi sisteminə olan yeni münasibəti formalaşdırılmalıdır. Vergilər dövlət büdcəsinin ən vacib gəlir mənbəyidir. Dövlət də öz növbəsində vergi ödəyicilərini inandırmalıdır ki, onların ödədiyi vəsait düzgün istiqamətdə xərclənir.

- Azərbaycanın vergi sistemində hansı qabaqcıl beynəlxalq təcrübənin tətbiqini zəruri hesab edirsiniz?

- İqtisadi sahədə baş verən dəyişikliklər hər bir ölkənin vergi sisteminin inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac yaradır. Xüsusilə də rəqəmsallaşma prosesində bu, daha çox zəruridir. Vergi sistemi şəffaf və proqnozlaşdırılan olmalıdır. Bəzən şirkətlər ödəyəcəkləri məbləğin həcmini və dəqiq ödənişin vaxtını bilmirlər və bu da səmərəli biznes planlaşdırmasına mane olur, kölgə iqtisadiyyatını təşviq edir. Vergi yoxlamalarının daha yaxşı tənzimlənməsinə ehtiyac var. İsveçrədə gəlir vergisi bəyannaməsinin yoxlanılması üçün insan faktorundan deyil, alqoritmlərdən istifadə edilir. Alqoritmin tətbiqi çox səmərəlidir, burada bütün proses yalnız texnika vasitəsilə həyata keçirilir, insan müdaxiləsinə ehtiyac qalmır. Həmin sistemin mühüm üstünlüyü həm də ondadır ki, dələduz vergi ödəyicisi mütləq ifşa edilir.

Vergilərin əməkhaqlarından avtomatik çıxılmasında Skandinaviya ölkələrinin böyük təcrübəsi var. Orada insanlar hər zaman sərəncamlarında nə qədər pul olduğunu bilirlər. Azərbaycanda da oxşar sistem mövcuddur, lakin qeyd etdiyim kimi, real əməkhaqqının düzgün bəyan edilməməsi, hələ ki, problem olaraq alır.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz