18 oktyabr 2018 12:05

Pay torpağının təyinatını dəyişənlər – CƏRİMƏLƏNİR

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların təyinatını dəyişdiyinə və digər pozuntulara görə, bölgələrdəki torpaq sahiblərini cərimələyib. Komitədən FED.az-a verilən məlumata görə, bölgələrdə aparılan reydlər nəticəsində daha 7 şəxs cərimələnib. 

Məlum olub ki, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə olunub.

Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanunpozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati  protokol yazılaraq 600 manat cərimə tətbiq edilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı daha bir neçə nəfər də cərimələnib, barələrində müvafiq tədbirlər görülüb.

Komitə bildirir ki, belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin olunur. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilir.

Pozuntulara qarşı mübarizədən başqa, komitə həm də yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi üçün maarifləndirmə işləri aparır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz