17 oktyabr 2018 11:59

Miqrasiya Xidməti: “Bu il 328 azərbaycanlı xaricdən geri qaytarılıb” - MÜSAHİBƏ

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Readmissiya məsələləri İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Nazim Turabovun müsahibəsi
 

- Nazim müəllim, readmissiya nə deməkdir? Kimlər readmissiya oluna bilər?

- Readmissiya Azərbaycanda yeni bir sahədir. Readmissiya razılığa gələn tərəflərin ərazisinə daxil olma, qalma və ya yaşama şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxsin həmin ölkə tərəfindən ötürülməsi və vətəndaşı olduğu və ya daimi yaşadığı ölkə tərəfindən geri qəbulu deməkdir. Yəni ölkəsindən hansısa bir səbəblə bağlı digər ölkəyə gedən, amma orada leqallaşa bilməyən, həmin ölkənin miqrasiya qanunvericiliyini pozan şəxslərin öz ölkəsinə geri qaytarılmasına readmissiya deyilir. Readmissiya getdiyi ölkənin qanunlarına əməl edən, orada yaşama hüququ alan, leqallaşan şəxslərə aid deyil.

- Readmissiya sazişinə görə hansı işlər görülməlidir?

- Bu istiqamətdə işlər çoxşaxəlidir. Belə ki, sazişin imzalandığı tərəfdə qeyri-qanuni yaşayan şəxslər barədə onların vətəndaşlıq mənsubiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı daxil olan sorğuların araşdırılması, Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan şəxslər barədə sorğuların sazişin imzalandığı tərəfə göndərilməsi, qarşı tərəfdən göndərilən şəxslərin hava limanında qarşılanması və həmin şəxslərin dayanıqlı qayıdışının təmin olunması məqsədilə reinteqrasiya prosesinin həyata keçirilməsi, yəni onların ehtiyacları ilə bağlı müvafiq qurumlarla birgə fəaliyyətin həyata keçirilməsi, bundan başqa Azərbaycan Respublikasında qeyri qanuni yaşayan şəxslərin qarşı tərəflərə ötürülməsi və s. işlər readmissiya prosesinin tərkib hissəsidir.

Readmissiya sazişinə əsasən readmissiya və tranzit əməliyyatlarından irəli gələn sonuncu təyinat dövlətinin sərhədinə qədər bütün nəqliyyat xərcləri şəxsi göndərən ölkə tərəfindən ödənilir.

- Azərbaycan hansı ölkələrlə readmissiya ilə bağlı müqavilə bağlayıb?

- Azərbaycan Respublikası Avropa İttifaqı ilə (25 dövləti əhatə edir), həmçinin Norveç Krallığı, İsveçrə Konfederasiyası və Monteneqro ilə readmissiya sazişləri imzalayıb. Bir sıra, xüsusən Azərbaycanın marağında olan ölkələrlə imzalanması nəzərdə tutulan readmissiya saziş layihələri də artıq hazırlanıb. Pakistan, Gürcüstan və s. dövlətlərin adı bu siyahıda var.

- Hər il Azərbaycana readmissiya ilə bağlı neçə sorğu daxil olur? Sorğulardan imtina halı olurmu?

- Azərbaycan Readmissiya sazişinə 2014-cü ildən qoşulub. İlbəil müraciətlərin sayı artır. Məsələn, 2014-cü ildə 3 nəfər readmissiya olunmuşdu, amma 2015-ci ildə bu rəqəm 70, 2016-cı ildə 123, 2017-ci ildə 313 nəfərədək artıb. Ümumiyyətlə indiyədək, yəni Azərbaycana 2014-cü ildən bu günədək 3000-ə yaxın adamın readmissiyası ilə bağlı 1400-dən çox sorğu daxil olub. Həmin sorğularda adları hallanan şəxslərin 837-si artıq ölkəyə qayıdıb.

2018-ci ilin 9 ayı ərzində isə bizə 400-ə yaxın sorğu daxil olub, bu, 800-dək şəxs deməkdir. Bu il isə 328 nəfər readmissiya olunub.

Lakin bu sorğularda göstərilən şəxslərin heç də hamısının ölkəyə readmissiya nəzərdə tutulmur. Çünki bu şəxslərin bir hissəsinin Azərbaycan vətəndaşı olmadığı aparılan araşdırmalar zamanı müəyyənləşdirilir. Readmissiya sazişinə əsasən Azərbaycan vətəndaşı olmayan şəxslər ölkəyə gələ bilməz.

- Bəs Könüllü qayıdış proqramına nələr şamil olunur?

- Azərbaycanda 2016-cı ilin dekabr ayının 8-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən Azərbaycanda qeyri-qanuni yaşayan və sığınacaqla bağlı müraciətlərinə imtina verilən miqrantların könüllü qayıdışı ilə bağlı onların uçuş biletlərinin alınması, qayıdış şəhadətnamələri ilə təmin olunmalarına köməklik göstərilməsi, həmçinin müəyyən hallarda qayıdacağı ölkədə dayanıqlı qayıdışının təmin olunması məqsədilə dəstəyin göstərilməsi və s. işlər həyata keçirilir. Bu işləri Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirir.

- Könüllü qayıtmaq istəməyən şəxslər üçün hansı tədbirlər görülür?

- Azərbaycanın readmissiya sazişlərini hazırda yalnız Avropa ölkələri ilə bağlayıb. Həmin ölkələrə isə Azərbaycandan miqrantların readmissiyası halı olmayıb. Çünki bu ölkə vətəndaşlarının Azərbaycanda qeyri-qanuni yaşama hallarına nadir hallarda rast gəlinir. Bu səbəbdən təcrübəmizdə könüllü və ya məcburi qayıdışla bağlı hər hansı bir hal olmayıb. Lakin Avropa təcrübəsi ilə bağlı, yəni bizim ölkə vətəndaşlarının readmissiyası ilə bağlı qeyd etmək olar ki, könüllü qayıdışla göndərilməsi baş tutmayan şəxslərin məcburi qaydada göndərilməsi həyata keçirilir. Lakin məcburi qaytarma insan hüquq və azadlıqlarına zidd olmadan həyata keçirilməlidir. Biz hava limanında readmissiya olunan ölkə vətəndaşlarımızı qarşıladığımız zaman, onlarla sorğu keçirərkən hüquqlarının pozulub-pozulmadığı barədə ətraflı soruşuruq.


- Azərbaycan Respublikası vətəndaşlarının daha çox hansı ölkələrdən qayıtmasına kömək edib?

- Azərbaycan Respublikası vətəndaşlarının readmissiyası əsasən Almaniyadan, İsveçdən, Niderlanddan, Avstriyadan baş tutub. Bununla yanaşı Polşa, Fransa, İsveçrə və digər ölkələrdən də readmissiyalar həyata keçirilib.

- Readmissiya sazişlərinə uyğun olaraq ölkəyə qaytarılanları Azərbaycanda hər hansı bir təzyiq və ya təqib gözləyə bilərmi? Onların hüquqları hər hansı qaydada məhdudlaşdırıla bilirmi?

- Belə halların baş verməsi yolverilməzdir. İlk növbədə bu readmissiya sazişinə zidd olan bir haldır. Digər tərəfdən beynəlxalq təşkilatlar, əsasən Beynəlxalq Miqrasiya Təşkilatı həmin şəxslər ölkəyə qayıtdıqdan sonra onlarla əlaqədə olur. Bununla yanaşı Dövlət Miqrasiya Xidməti olaraq biz də həmin şəxslərlə mütəmadi əlaqə saxlayırıq. İndiyə kimi readmissiya olunan hər hansı bir şəxsə qarşı təzyiq və təqib halı olmayıb. Qanuni formada da o şəxslər üçün heç bir məhdudiyyət yoxdur. Ölkəyə qayıdan şəxs Azərbaycan vətəndaşıdır hər kəsə şamil olunan bütün məsələlər ona da şamil edilir. Hətta onların ölkədə yenidən adaptasiya olunması üçün müəyyən işlər görülür, onlara müəyyən mənada həssas qrup kimi yanaşılır və dəstək verilir.

- Sürətləndirilmiş qaydada readmissiya nədir?

- Dövlət sərhədində, buraxılış məntəqələrində saxlanılan şəxslərin geri qaytarılması sürətləndirilə bilər. Readmissiya sazişinə əsasən, əgər şəxs bilavasitə sorğu edilən dövlətin ərazisindən gələrkən sərhədi qeyri-qanuni keçdikdən sonra sorğu edən dövlətin bilavasitə dövlət sərhədində, o cümlədən dövlət sərhədinin buraxılış məntəqələrində saxlanılırsa, sorğu edən Dövlət readmissiya müraciətini həmin şəxsin saxlanılmasından sonrakı iki iş günü ərzində təqdim edə bilər. Bu sürətləndirilmiş prosedura adlanır.

- Qaytarılan şəxslərlə bağlı hansı tədbirlər görülür, onların yenidən adaptasiyası üçün nələr olunur?

- Həmin şəxslər qeyd etdiyimiz kimi, hava limanında qarşılanır. Onlarla ehtiyaclarının olması, onları göndərən ölkələr tərəfindən hüquqlarının pozulub-pozulmaması, sağlamlıq vəziyyətləri və s. məsələləri əhatə edən sorğu keçirilir. Ehtiyacı olan şəxslər qeyd edilir və onların ehtiyacları üzrə müvafiq qurumlarla birgə işlər görülür. Hətta qeyd etmək istərdim ki, ehtiyacların qarşılanması, davamlı qayıdışın təmin olunması istiqamətində işlərin daha operativ həll olunması məqsədilə Nazirlər Kabinetinin 2016-cı ilin dekabr ayının 28-i tarixli göstərişinə əsasən Reinteqrasiya işçi qrupu yaradılıb. Bu qrupa müvafiq dövlət orqanları cəlb edilib və ilin müvafiq dövrlərində bu qurumların nümayəndələrinin iştirakı ilə həmin işçi qrupunun iclasları keçirilir, readmissiya olunmuş ehtiyacı olan şəxslərlə bağlı görülən işlər müzakirə edilir, bu istiqamətdə fəaliyyətin daha operativ və davamlı olması üçün istiqamətlər müəyyənləşdirilir. Həmçinin qeyd etmək istərdim ki, Beynəlxalq Miqrasiya Təşkilatları ilə də reinteqrasiya ilə bağlı pilot layihələr hazırlanmaqdadır.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz