16 oktyabr 2018 10:13

Şəxsiyyətin düzgün sosiallaşması cəmiyyətdə onun rolunu müəyyən edir

Açar sözlər: məqsədyönlü inkişaf, maddi və psixoloji vəziyyət, ailədə tərbiyə, sosiallaşma, psixoloji mühit.
 Ключевые слова: целенаправленное развитие, материальное и психологическое положение, семейное воспитание, социализация, психологическая среда.
Key words: purposeful development, material and psychological situation, upbringing in the family, socialization, psychological environment.
Dünya təhsilində mövcud olan sistemlərdə mütəmadi islahatların aparılması təhsilin təşkilinin yenidən qurulması bu sahədə yeni tələbləri ödəyə biləcək, alterativ sistemin yaradılmasına və onun tətbiqinə gətirib çıxarır. Lakin aydındır ki, aparılan islahatlar da təhsildə başlıca element olan şəxsiyyətin inkişafının ayrı- ayrı aspektlərini və pedaqoji fəaliyyətin təşkilini, eləcə də onun psixoloji elementlərini nəzərə almasa istənilən nəticəni verə bilməz.
Şəxsiyyətyönümlü təhsilin məqsədi fəaliyyət və şəxsiyyət keyfiyyətlə-
rinin aşkar olunması və onların məqsədyönlü inkişafı, sosial mədəni normaları özündə ehtiva edən, sosial əhəmiyyətli davranış formasına çevrilməsi üçün zəruri şəraitin yaradılmasıdır.
Buna görə də təhsilin məqsədini xarakterizə edən amillərdən biri də:
-Uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər,fiziki mədəniyyət, özünəxidmət bacarıqlarını aşılamaqdır.
Təhsildə şəxsiyyətin inkişaf etdirilməsi üçün təlimin təşkilində aşağıdakı məqamları nəzərə almaq lazımdır:
-təhsildə idrak prosesləri ilə bərabər,emosional sferanın da inkişaf etdirilməsi.
-çətin situasiyalara qarşı dözümlülüyün yaradılması;
-özünəhörmətin və özünəmünasibətin inkişaf etdirilməsi;
-həyata optimist, insanlara pozitiv münasibətin formalaşdırılması.
-müstəqillik hissinin inkişaf etdirilməsi;
-özünügerçəkləşdirmə motivinin yaradılması;(1, s.123)
Bu göstərilən fikirlər şagird və tələbə şəxsiyyətinin inkişafına təsir göstərən mühüm amil kimi pedaqoji fəaliyyətin psixoloji əsasını təşkil edir.
Şagirdlərin maddi və psixoloji vəziyyəti pedaqoji prosesinin inkişafına böyük təsir göstərir. Ailə vəziyyəti, ailənin maddi durumu sinifdə şagirdlərin davranış və ünsiyyət mədəniyyətinə də böyük təsir göstərir, hətta vahid məktəbli formasının olmaması belə sinfi seçkiliyə gətirib çıxara bilir. Uşaqların vaxtında və lazımınca qidalanmaması, mövsümə uyğun geyimlərlə, lazım olan məktəb ləvazimatı ilə, təlim üçün yararlı müasir texniki avadanlıqla təmin olunmaması onun nailiyyət və keyfiyyətinə təsir edir.
Maddi cəhətdən imkansız ailələrin uşaqlarının aşkar edilməsi və onların dəstəklənməsi inkişafda olan insanın gələcəyinin təmin olunması üçün çox əhəmiyyətlidir.(3, s.151)
Ailə cəmiyyətin ilk tərbiyə ocağı olduğu üçün sosial quruluşun əsasını təşkil edir. Ailə tərbiyəsi elə bir qarşılıqlı prosesdir ki, orda hər iki   tərəfə- valideynlərə də, övladlara da zövq, rahatlıq verilməlidir.(5, s.441)
Ailə tərbiyəsinin məqsədi şəxsiyyətin də keyfiyyət və xassələrini formalaşdırmaqdan ibarətdir ki, şəxsiyyət həyat  yolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldırsın. Müasir təlimin təşkilinə verilən tələblərdən biri kimi bərabər təlim şəraitinin yaradılmasında sosial- psixoloji mühitin təşkilinə də böyük önəm verilir və demək olar təlim prosesinin sonrakı nailiyyəti bu mühitin düzgün təşkilindən çox asılıdır. Sosiallaşma nəticəsində fərd özünün daxil olduğu sosial qrupda olan davranış normalarını mənimsəyir. Şəxsiyyətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat tərzi, normal məişət, xoş ailə münasibətləri, yaxşı yoldaşlar, bilikli müəllimlər, onu əhatə edən insanların ona qayğısı və s. müsbət rol oynayır.
Sosial- psixoloji mühitə şagirdin həm digər insanlarla, həm də öz daxili aləmi ilə təlimə həvəsinin formalaşmasına təsir edən qarşılıqlı əlaqələrin bütün növləri aiddir: “şagird-şagird”, “müəllim-şagird”, “müəllim-şagird-valideyn”, “müdriyyət-şagird-valideyn”, “dostlar-şagird”.
Şagird üçün sosial mühit dedikdə mürəkkəb sosial-psixoloji atmosferin təzahür etdiyi məktəb sinfidə başa düşülür. Bu zaman qrup üzvlərinin davranış və fəaliyyətinin uzlaşmasına gətirib çıxaran qrup inteqrativliyi, sinfin məqsədlərini, maraqlarının və əxlaqi dəyərlərinin məcmusu, intellektual bilik, yəni sinfin ümumi rəyinin formalaşmasına xidmət edən tez və asan şəkildə ümumi dil tapa bilmə qabiliyyəti nəzərə alınır.
Bir çox hallarda müəllim şagirdləri idrak səviyyəsi baxımından qarışıq qruplarda fəaliyyətə cəlb edə bilər. Bu zaman müəllimin bircə təlimatı qrup daxilində güclü şagirdlərin zəif şagirdlər öyrətməsini təmin edə bilər. Müəllim tapşırığın icrası ilə bağlı təlimatlar verərkən xüsusi ilə qeyd edirki qrup işini təmin edəcək şəxsi o özü müəyyənləşdirəcək. Onların birgə fəaliyyətinin nəticəsini kimin təqdim edəcəyi məlum olmadığından güclü şagirdlər məsələnin incəliklərini aşağı idrak səviyyəsi nümayiş etdirən yoldaşlarına səylə öyrədirlər. Bu zaman bütün şagirdlərin təlimə bərabər cəlb edilməsi təmin olunmaqla bərabər, şagirdlərdə digər insani dəyərlərdə formalaşır.Bu da birgəfəaliyyət, əməkdaşlıq, qayğıkeşlik, dəstək, özgəsinin uğuruna sevinmək və s-dir.
Şagirdlərin maraqlarının nəzərə alınmasıda onların təlimə cəlb edilməsi və nəaliyyətlərinin yüksəldilməsində mühüm amillərdən hesab edilir. Buna görə də müəllim hər bir şagirdi tədqiqat obyektinə çevirməli və onların maraqlarını öyrənməlidir. Tapşırıqlar məhz bu baxımdan tərtib edilməlidir. Maraqları üst-üstə düşən uşaqların birgə fəaliyyəti çox səmərəli nəticə verir. Bunu da nəzərə alan müəllim onları təlim prosesində bir qrup ətrafında birləşdirməli və maraqların inkişafına yol açmağı bacarmalıdır.Şagirdlərin maraqlarının düzgün təşkili onlara təlimdə daha çox stimul verir və yeni axtarışlara sövq edir.
Sosial- psixoli mühitin yaradılması elə bir yanaşmaya əsaslanmalıdır ki, bu zaman pedaqoji prosesə əsas olan vadaretmə elementi uşağın maraqlarının və şəxsiyyətinin xüsusiyyətlərinin nəzərə alınması ilə tarazlaşdırılsın.
Münasib olmayan sosial- psixoloji mühitə valideyn iclaslarının aparılmasının ənənəvi metodu misal ola bilər.(2, s.180)
Valideyn iclaslarının vəzifələrindən biri hər bir şagirdin nailiyyətlərinin və dərsə münasibətinin səviyyəsi haqqında məlumatın valideynlərin nəzərinə çatdırılması hesab edilir. Beləliklə, şagirdin şəxsiyyətinin inkişafına aid olan        gizli məlumat aşkarlanır. Bu isə uşağının belə problemləri olan valideynlərdə mənfi hisslərin əmələ gəlməsinə gətirib çıxarır və kənar şəxslərin müzakirə mövzusu olur. Buna görədə sosial- psixoloji mühitin düzgün təşkili baxımından valideyn iclaslarında ayrı-ayrı şagirdlərin inkişafı problemlərinə toxunmamaq və yalnız sinif kollektivinin həyatının təşkili məsələlərini müzakirə etmək, yalnız məxfi olaraq və fərdi görüşlərdə bəzi məqamları valideynlərin nəzərinə çatdırmaq olar. (2, s.180)
Bərabər təlim şəraitinin əlverişli yaradılması üçün müəllim və şagird arasında isti və qayğıkeş münasibətlərin yaradılması vacib şərtlərdən biridir. Bu istiqamətdə fəaliyyətini düzgün qura bilməyən müəllim çox keçmədən təlimdə şagirdin geriləməsinin şahidi olacaqdır.(3, s.151)
 
Pedaqoji fəaliyyət bilavasitə ünsiyyət vasitəsilə həyata keçirilir. Ünsiyyətdə pedaqoji- psixoloji yanaşmanın spesifik cəhəti ondan ibarətdir ki, burada diqqət başlıca olaraq ünsiyyətin strukturunun təhlilinə, şəxsiyyətlərarası və qruplararası münasibətdə, eləcə də idrak və ünsiyyət prosesində özünüdərkin formalaşma dinamikasına yönəlmişdir.
Pedaqoji ünsiyyət- müəllimlərin şagirdlərlə dərsdə və dərsdənkənar müəyyən pedaqoji funksiyaların yerinə yetirilməsinə və əlverişli psixoloji iqlimin yaradılmasına, təlim fəaliyyətinin və müəllimin şagirdlərlə və şagirdlərin öz aralarındakı münasibətlərin optimallaşmasına yönələn peşəkar ünsiyyətdir.(1, s.96) Çünki prosesin məzmunlu, maraqlı, məqsədyönlü, səmərəli və faydalı həyata keçirilməsi pedaqoji ünsiyyətdən çox asılıdır.
Professional pedaqoji ünsiyyət müəllim və şagirdlərin üzvi sosial- psixoloji qarşılıqlı əlaqəsidir ki, onun da məzmununu informasiya mübadiləsi, tərbiyəvi təsirin göstərilməsi, kommunikativ vasitələrin köməyi ilə qarşılıqlı münasibətin təşkilidir. Bəzən uşaqlar müəyyən yaş dövrlərində valideynləri ilə öz problemlərini paylaşa bilmir, qarşı tərəfdən etinasızlıq, ya da aqressivlik gördükləri  üçün əməkdaşlıq etmirlər, bu da bəzi hallarda sinifdə də digər uşaqlarla konfliklərə gətirib çıxara bilir.
          Belə hallarda müəllim şagirdlərə qarşı daha diqqətli və həssas davranmağı bacarmalıdır, onların problemlərini həll etmək üçün çıxış yolu axtarmalı və şagirdlərin diqqətini təlim- tərbiyə prosesinə cəlb etməlidir.
Ünsiyyəti düzgün təşkil etmək üçün müəllim həmin prosesin səmərəli təşkili ilə bağlı məlumatları yadda saxlayıb, yada salmağı bacarmalı, başqa sözlə özünün “kommunikativ hafizəsini inkişaf etdirməlidir”. Eyni zamanda şagirdlərlə ünsiyyətdə öz müşahidəçiliyini inkişaf etdirməlidir.
Səmərəli pedaqoji ünsiyyət qaydalarına yiyələnməyən, onun sosial- psixoloji mexanizmləri ilə tanış olmayan müəllim öz fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirə bilməyəcək və ciddi çətinliklərlə rastlaşacaq. (4, s.190)
Bərabər təlim imkanları fərqli sosial vəziyyətdən, şagirdlərinin müxtəlif dərketməsindən cinsi, dini və irqi müxtəlifliklərdən və s.-dən asılı olmayaraq düzgün təşkil edilməlidir. Pedaqoji prosesin hər tərəfli inkişaf etməsi üçün bu məqamları nəzərə almaq vacib məsələdir. Ölkəmizdə irqi fərqlərə az təsadüf edilsədə, milli və etnik fərqlərlə tez-tez rastlaşmaq olar. Azərbaycanın bir sıra regionlarında etnik azlıqların yaşaması və bu amilin siniflərin tərkibində də özünü göstərməsi, məsələyə münasibətin ciddiliyini önə çəkir. Belə uşaqların dil bariyerləri, adət-ənənə fərqləri, digər uşaqlara münasibətlərinin qurulması və s. təlimin təşkilində əhəmiyyət verilməli məsələdir. (3,s.154)
Buna görə də təlimdə bərabər imkanların yaradılması bütün şagirdlərə eyni təlim şəraiti yaradır və pedaqoji proses onların potensial imkanlarını nəzərə almaqla tənzimlənir və inkişaf etdirilir.
 
ƏDƏBİYYAT
1. Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya. Bakı, 2011. 
2. Əliyeva F., Məmmədova Ü. Müasir təlim texnologiyaları. Bakı, 2014.
3. Süleymanova A. Təhsilin əsasları. Bakı, 2014.
4. Həmzəyev M. Yaş və pedoqoji psixologiyanın əsasları. Bakı, 2003.
5. Həsənov A., Ağayev Ə. Pedoqogika. Bakı, 2007.
 
 
Xülasə
Məqalədə şəxsiyyətin sosiallaşmasında şəxsi nümunələrdən, normal həyat tərzindən, xoş ailə münasibətlərindən, yaxşı yoldaşlardan, bilikli müəllim münasibətindən, normal təlim şəraitindən və uşağa sevgi, qayğıdan bəhs olunur.
 
Маммадова Умхани Рафик кызы
 
Азербайджанский Государственный Педагогический Университет
 
Правильная социализация личности определяет её место в                     обществе
 
Резюме
В статье говорится о личной ответственности индивида, о нормальном образе жизни, о нормальных отношениях в семье, о хороших товарищах, о хорошо образованных учителях, о нормальной образовательной среде, о любви и заботе в отношении ребёнка.
 
Mammadova Umhani
 
Azerbaijan State Pedagogical University
 
Proper socialization of personality determines his role in society
 
Summery
The article is about special patterns in socialization of personality, normal lifestyle, good family relationships, good friends, educated teacher’s attitude, normal learning environment and love and care for the child.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz