13 oktyabr 2018 10:59

Fermerin təklifi var

Sabirabadda pambıqçılıq sahələrində qazanılan şöhrətin ağır yükünü çiyinlərində daşıyan hünərvər əmək adamlarından biri İxtiyar Mehdiyevdir. İxtiyar kişi Bulaqlı kəndində bacarıqlı fermer kimi tanınır. Kolxoz zamanı rayonun qabaqcıl pambıqçılıq briqadirlərindən olub. İllər keçsə də, qırılmaz tellərlə bağlandığı torpaqdan ayrılmayıb. Pambıq ustası bu il 21 hektar sahədə pambıq əkib-becərib.

Biz onun sahəsində olanda pambıqyığan maşınlar ağ örpəkli tarlada işləyirdi. Birinci yığımın nəticəsi İxtiyar kişinin nurlu çöhrəsini bir az da işıqlandırmışdır. Hələlik hər hektarın məhsuldarlığı 37 sentnerdir. İkinci yığımda da nəticənin yüksək olacağı gözlənilir. Hələ kolların üzərində açılmamış xeyli qoza var.

İxtiyar kişi xeyirxah, imanlı bir ağsaqqal kimi də bölgədə böyük nüfuza malikdir. Gəncə Texnologiya İnstitutunda ali təhsil alıb. Deyir ki, ən böyük məktəb həyatın özüdür. Ona hamı Hacı deyə müraciət edir. 1990-cı ildə Məkkə ziyarətində olub. Sonralar Kərbəlanı və Məşhədi də ziyarət edib. Maraqlı həmsöhbətdir. Həyata fərqli baxışa, zəngin dünyagörüşünə malikdir. Təbii ki, günümüzün hünər meydanı sayılan tarlada baş tutan söhbətimizin əsas mövzusu torpaqla, zəhmətlə, məhsul bolluğundan yaranan xoş ovqatla bağlı idi.

Hacı İxtiyarın dedikləri:

- Torpaq müqəddəsdir. Sevdiyimiz, uğrunda canımızdan, qanımızdan keçdiyimiz vətən onun üzərində bərqərar olub. Əgər torpaq yoxdursa, vətən real həyatdan uzaqlaşıb xəyallarda ünvan tapır. Ulu Dədə Qorquddan gələn "Əgər torpağı qorumursansa, əkib-becərməyə dəyməz, yox əgər əkib-becərmirsənsə, qorumağa dəyməz” ideyası mənim üçün həyatın mənasıdır. Biz əmək adamlarının üzərinə düşən vəzifə isə hər qarış torpağı qayğı ilə əkib-becərmək, istehsal etdiyimiz bol məhsuldan yüksək səmərə götürməkdir. Bu, həm dövlətimizin iqtisadi gücünə güc qatır, həm də aqrar sektorda çalışanların xoş güzəranını, firavan həyatını təmin edir.

Pambığın dünyada etibarlı bazarı var. İndi ölkəmizdə bir kiloqram pambığın qiyməti artırılaraq 75 qəpiyə çatdırılmışdır. Bunun 65 qəpiyini şirkət ödəyir, 10 qəpiyini dövlət subsidiya kimi verir. Bu gün üçün yaxşı qiymətdir. Cari ildə pambıq əkdiyimiz 21 hektardan azı 50 min manat xalis gəlir gözləyirik. Bu, yaxşı qazancdır. İlin aylarına böləndə hər aya 4 min manatdan da çox düşür.

Aqrar sektorda qazanılan uğurların əsas təməli sayılan torpaqdan elmi surətdə əsaslandırılmış qaydada istifadə etmək zamanın tələbidir.

Bu gün biz torpaqdan çox da səmərəli istifadə etmirik. Əkib-becərdiyimiz torpağın üzvi və mexaniki tərkibi haqqında bilgilərimiz yoxdur. Bilmirik ki, onun hansı mineral gübrələrə ehtiyacı var. Yaxşı olar ki, bölgələrdə aqrolaboratoriyalar yaradılsın. İki ildən bir torpaqdan nümunələr götürülüb laboratoriyalarda analiz edilsin. Belə olarsa, biz də torpağın ehtiyaclarını elmi surətdə qarşılayarıq. Yoxsa əlimizə keçən gübrəni, faydası olub-olmadığının fərqinə varmadan, torpağa vermək düz deyil. Bir təklifim də gübrə üçün dövlətin verdiyi subsidiya ilə əlaqədardır. Yaxşı olar ki, bu subsidiya pul şəklində deyil, gübrə formasında verilsin. Etiraf edək ki, ayrılan subsidiyanı pul kimi alan adamların çox az hissəsi onu gübrə almağa xərcləyir. Nəticədə istismar olunan torpaq get-gedə gücdən düşür, məhsuldarlığını itirir.

Bizcə, zəhmət adamının təklifi barədə düşünməyə dəyər.

 

© "Azərbaycan”

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz