12 oktyabr 2018 11:56

«Sələmçilərin yanında banklar mələkdir» - MÜSAHİBƏ

Müsahibimiz bank sektoru müştərilərinin hüquqlarının qorunması sahəsində tanınmış vəkil Əkrəm Həsənovdur.

ELƏCƏ DƏ BAX: "Palatada strukturun dəyişilməsi ilə yeni bir nəfəs gələcək" - MÜSAHİBƏ

- Əkrəm müəllim, yəqin ki sizin də praktikanızda bənzər problemlər olub, hansı ki bankdan kənar borcalma-borcvermə əməliyyatları aparılır. İnsanlar niyə borcu bankdan deyil, ayrı-ayrı şəxslərdən, üstəlik də yüksək faizlə götürlər?

- Bu şəxslər bir qayda olaraq o insanlar olur ki, onlar banklardan kredit götürə bilmirlər. Bunun da bir neçə səbəbi var. Biz bilirik ki, son illər banklar vətəndaşlara kredit verməkdə maraqlı deyillər, şərtləri ya sərtləşdiriblər, ya məhdud verirlər, ya da fərqli tələblər irəli sürürlər. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məsuliyyətli kreditləşmə tələbi var ki, vətəndaşın filan qədər gəliri olmalıdır, filan şərtlərə cavab verməlidir və sair və ilaxır səbəblərdən banklar kredit vermirlər. Ola bilər ki, vətəndaşın kifayət qədər gəliri yoxdur, ola bilər ki Mərkəzləşdirilmiş Kredit Reyesterində problemli müştəri olması görünür.Belə olan halda o müştəri hardansa borc pul tapmaq marağında olur. Bir səbəb də var, düzdü mən praktikamda qarşılaşmamışam, sadəcə bu halın olmasını eşitmişəm ki, ailə üzvlərindən gizlin borcalma olanda da sələm yoluna baş vururlar.


ELƏCƏ DƏ BAX: "Biznesi fərqli aparıram, indi 46 mağazam var" - MÜSAHİBƏ

- Deməli leqal yolla bankdan borc alanda ailə üzvləri istər-istəməz xəbər tutur, qeyri-leqal yolla isə gizlin saxlaya bilirlər.

- Bəli, elədir.

 

- Bankdan kənar borcalmada sələm-kredit şərtləri sizcə ağırdır? Biz bankların hansı şərtlərlə kredit verdiyini az-çox bilirik, illik 20-19 faiz olur, 29 faizdən yuxarı qalxa bilməz. Bu da o deməkidr ki, aylıq faiz 2-2.5 edir. Bəs sələmdə kredit neçə faizlə verilir?

- Mən öz apardığım işlərə əsaslanıb deyə bilərəm ki, sələmlə borc götürəndə ən azı illik 60 % olur. Bu da aylıq 5 % deməkdir. Üstəlik banklardan fərqli olaraq sələmverənlər faizi illik yox, aylıq müəyyənləşdirirlər. Ayıq 5 %-lə pul verənlər ən aşağı faizlə işləyənlərdir və azdırlar. Mən çox şahidi olmuşam ki, aylıq 10 %-lə borc götürürlər. Banklarla müqayisədə şərtlər və fazi çox ağırdır.

 

- Bəs niyə o boyda ağır yükün altına girirlər?

- Məhz ona görə ki, bankdan kredit götürə bilmir, borc almaq üçün başqa variant yoxdur, hansısa səbəbdən mütləq pul lazımdır. Bəzən şahidi omuşam ki, vətəndaşın ağır xəstəsi var, ata-anasının müalicəsi üçün pula ehtiyacı var, bu səbəbdən sələmçidən borc alırlar. Bunu başa düşmək olar. Bəziləri də var ki, bizneslə məşğul olmaq istəyir, bəziləri var ki kimdənsə borc alıb indi pul sahibi sıxır ki, pulunu qaytarsın, o borcu qaytarmaq üçün yüksək faizlə sələm götürür. Yəni ən çox rastlaşdığımız səbəblər bunlardır.


ELƏCƏ DƏ BAX: Sahibkarlar üçün güzəştli kreditlərimiz var - BANKİRLƏ MÜSAHİBƏ

- Siz dediniz ki, bəzi insanlar biznes qurmaq üçün sələmə girirlər. Hansı biznes növü ilə məşğul olmaq olar ki, illik 60 faizi də ödəyə biləsən, üstəlik səni qane edən mənfəət də əldə edəsən?

- Mən elə şeylərə şahid oluram ki, artıq təəccüblənmirəm. Məsələn vətəndaş sələmə pul götürüb başqasına sələm verib faiz alır. Yəni o da cür biznes qurub özünə.

 

- Bəlkə də vergidən yayınan bir biznesi var. Yəni o miqdarda mənfəət çox az biznesdə olur.

- Ola bilər.

 

- Deməli bir məsələ də var. Banklardan borcalmalar zamanı krediti vaxtında ödəməyəndə lazımı hüquqi mexanizm işə düşür, borcalan qanun çərçivəsində borcunu ödəməyə məcbur edilir. Sələmçilərdən borcalma zamanı geri ödəmədə problem yaranarsa nə tədbir görülür? Bu sahədə hər şey qanunidirmi?

- Sələmçilər borc verdikləri pulu rəsmiləşdirəndə bir qayda olaraq faiz dərəcəsini göstərmirlər. Faizin məbləğini əsas bor məbləğinin üstünə gəlib göstərirlər müqavilədə.

 

- Bəlkə misalla göstərək?

- Tutaq ki, bir vətəndaşa sələmçi 10 min manat borc verib. Borcu verərkən deyir ki, notariusda 20 min yazaq birdəfəlik, faiz ayrı, borc ayrı yazmayaq. Beləcə də notariusda bağlanan müqavilədə yazılır ki, mən bu adama 20 min manat borc pul verdim, borcalan da buna qol çəkir. 

 

- Bu məbləğin 10 mini borc, 10 mini də faizdr?

- Bəli, amma faiz kimi göstərmir. Sabah həmin borcalan borcunu verməyəndə sələmçi məhkəmədə iddia qaldırır ki, borc verdiyim adam 20 min manatımı qaytarmır. Borc alan nə qədər desə ki, 10 min manat borc alıb, qalan məbləğ sələmçinin hesabladığı faizin miqdarıdır, buna əhəmiyyət verilmir. Çünki müqavilədə faktiki 20 min borc yazılıb.

 

- Axı borcalan notariusda müqaviləni imzalayır, şəkil çəkdirir, 20 min manat borc aldığını təsdiqləyir.

- Bəli, doğrudur. Müqavilənin şərtlərini diqqətlə oxumaq lazımdır. Sələmçilər özləri böyük qanun pozuntusu edirlər. Onlar adətən sələmə verdikləri pulu banklardan kredit kimi götürürlər, özlərinə məxsus pul deyil. Bu da qanunsuz bank fəaliyyətidir. Azərbaycan qanunvericiliyinə əsasən əslində sələmə pul vermək olar. Amma öz pulunu verə bilərsən, yəni başqasından borc pul götürüb o pulu sələmə vermək qadağandır, çünki bu artıq bank fəaliyyəti sayılır. Bu halda o şəxs əldə etdiyi faizdən vergi verməlidir. Amma onlar vergi verməmək üçün bu yolu seçirlər, vətəndaşa faizi də borc adı ilə verib rəsmiləşdirirlər. Misal üçün mənim apardığım bir neçə iş var. Onlardan biri Pirallahı qəsəbəsində yaşayır, həmin qəsəbədə onlarla insana bu şərtlə borc verib. O şəxs onun borcunu verməyənləri məhkəməyə verib, borcunu əməkhaqqından tuturlar, evini satdırırlar. Heç bir məhkəmə o şəxsdən soruşmur ki, sən bu pulu niyə borc vermisən, bu qədər pul səndə hardandır.

 

- Soruşmalıdır?

- Yox əslində soruşmamalıdır, axı hakim bilmir bu şəxs onlarla adama belə borc verib. Amma mən o borc götürənlərə kömək etdim, onlar dövlət orqanlarına müraciət ediblər ki,  bu adam bu qədər insana borc pul verə bilməz. Əgər sənin pulun varsa bir nəfərə, uzağı iki nəfərə borc verə bilərsən. Əgər sən bu qədər adam borc vermisənsə deməli hansısa marağın var ki, verirsən. Əks halda faizsiz kimin nə marağı var ki, o qədər borc versin. Yəni bu şxs qanunsuz bank fəaliyyəti ilə məşğuldur, amma vergi ödəmir. Həmin borcalanlar da deyir ki, biz götürdüyümüz pulu verməyə hazırıq, amma faizlər çoxdur.

 

- Axı faizi özləri razılaşıb qol çəkib pulu götürüblər?

- Bəli, razılaşıblar. Amma həmin şəxs borcu müqavilədə düz göstərməyib. Amma istənilən Avropa ölkəsində - Fransada, İtaliyada məhkəmənin ixtiyarı var ki, yüksək sələm faizlərini aşağı salsın.

 

- Bizim qanunvericilik buna imkan vermir?

- Təəssüf ki, imkan vermir. Amma Avropada qanuna görə bu halda sələmçi borclunun vəziyyətindən sui-istifadə etmiş sayılır. Yəni sələmçi görür ki o şəxsə pul lazımdır və istənilən faizə çarəsizlikdən razı olacaq. Əslində bizim qanunvericlikdə də yazılıb ki, digər tərəifin vəziyyətindən istifadə edərək əqd bağlatdırılarsa və məhkəmədə sübut edilrsə həmin əqd etibarsız sayılır. Mülki Məcəllədə bu öz əksini tapıb. Hətta bir hal baş vermişdi, bir nəfər 10 min borc istəyib sələmçidən, o da deyib faizlərlə birlikdə 20 min yazaq, rəsmiləşdirək. Notariusda müştəriyə 50 min manat yazılmış müqaviləyə qol çəkdirib sələmçi.  Yəni vətəndaş o qədər çarəsiz vəziyyətdə olub ki, sələmçinin onu aldadacağını düşünməyib, baxmayıb müqaviləyə. Yəni belə hallar da var.

 

- Azərbaycanda bankların əhaliyə verdiyi kreditlərin məbləği təqribən məlumdur, bu rəqəm hardasa 12-13 milyard manatdır. Yəqin ki sələmçilərin verdiyi məbləğ bu rəqəmlə müqayisə oluna bilməz, amma təqribi hesablamalarla bilmək olar?

- Təəssüf ki, biz onu deyə bilmərik, çünki ölkə üzrə belə bir statistika yoxdur. Amma bayaq haqqında danşdığım Pirallahı sakini olan sələmçi 100 minlərlə manat sələm verib. Onun qazancı bankın qazancından qat-qat çoxdur. Bir şeyi də deyim, bəzən olur ki siz də, mən də bankları sərt tənqid edirik ki, vətəndaşlara, müştərilərə qarşı sərt mövqeyinə görə. Amma etiraf edək ki, banklar sələmçilərin sərtliyinə, qəddarlığına çata bilməz.

 

- Belə çıxır ki, banklar mələkdir?

- Bəli, müqayisədə məhz elədir. Banklar borcu ödəyə bilməyən vətəndaşı ən uzağı inzibati qaydada qanunsuz 10-15 sutka həbs etdirirlər. Yəni bu axırıncı mərhələdir, əgər həbsdən sonra da pulu ödəyə bilmirsə müştəridən əl çəkirlər ki, deməli həqiqətən də pulu yoxdur. Amma sələmçilər borcunu ödəyə bilməyən vətəndaşa qarşı cinayət işi qaldırırlar. 1,2,3 il həbs olunanlar var bu hallarda. Borcalan dələduzluqda ittiham edilir, 5 ildən çox alanlar da olur.

 

- Bildiyimə görə bu 128-ci maddədir. Guya ki borcalan borcverənin pulunu qanunsuz surətdə mənimsəyir.

- Bəli, doğrudur. Mən sizə bir misal deyim. Pirallahıdakı sözügedən sələmçinin qardaşı var, o da sələm verir, yəni ailəlikcə bu işlə məşğuldurlar. Bu sələmçi köhnə bank işçisidir. Bu insane başqa bir vətəndaşa borca pul verir. O qardaşından fərqli olaraq müqavilədə faizi də göstərib. Müqavilədə 3 faiz göstərib, amma 5 faizlə sələm verib. Vətəndaş hər ay faizləri ödəyib, sonda bir hissəsini pdəyə bilməyib. Aralarında yazılı müqavilə var, neçə faizlə verdiyinə dair. Müqavilədə göstərilib ki, əgər vətəndaş borcunu ödəməsə məhkəməyə verilməlidir. Sələmçi isə məhkəməyə yox, polisə verib. Gedib necəsə, hansı yollasa polislə dil tapıb cinayət işi açdırmaq istəyib ki, guya vətəndaş sələmçidən aldığı pulu lombarda əmanət kimi qoyacağını söz verib, amma qoymayıb, sələmçini aldadıb, etibarından istifadə edib.

 

- Belə müqavilə ola bilər?

- Xeyr, birincisi belə müqavilə ola bilməz. Ona görə ki, lombardlar əmanəti qəbul etmir, bank qəbul edir.  İkincisi lap deyək ki, lombardlar əmanət qəbul edir. Sənin nə marağın var ki, əmanəti özün qoymursan, mənə verirsən. Bu cür absurd ittihamla vətəndaşa 5 il 6 ay iş kəsilib. Biz Apelyasiya Məhkəməsinə müraciət etdik, amma şikayətimizi təmin etmədilər. Düzdür hələ öz qərarını verməyib, biz həmin qərardan Ali Məhkəməyə müraciət edəcəyik. Məsələ burasındadır ki, bu faktın özü də sübut olunmur. Onların arasında bağlanan müqavilədə bu yoxdur. Bu gün istənilən vətəndaş istənilən vətəndaşa pul versin, geri ala bilmədikdə polisə getsə polis deyəcək ki, bu mülki işdir məhkəməyə müraciət elə. Amma çox maraqlıdır ki, bizim baxdığımız bu məsələdə polisə nə cür təzyiq və ya təsir göstərilibsə polis cinayət işi açıb, prokurorluq dəstəkləyib, məhkəmə də iş kəsib.

 

- Ola bilməz ki, dələduzluq maddəsi ilə polis bu işə baxsın?

- Polis o zaman baxa bilər ki, sübut olunsuz ki, bəli bu insane o insanı aldadıb. Burda da aldatma faktı yoxdur, tərəflər arasında borc müqaviləsi var. Bu mülki işdir və hətta bundan əlavə mən dəfələrlə məhkəmələrdə sübut etmişəm, borcalan borcverənə faiz ödəyib, sələmçi bunu etiraf edir, üstəlik vergi vermədiyini də etiraf etdi, amma onu məsuliyyətə cəlb etmədilər. Məhkəmədə sələmçidən soruşduq pulu hardan götürmüsən? Dedi ki, bankdan kredit alıb. Yəni maliyyə vasitəçiliyi edib. Yəni məhkəmədə bankların edə bilmədiyini sələmçilər edir.

 

- Əkrəm müəllim, siz mətbuatda da, sosial şəbəkələrdə də həmişə banklar haqqında öz kəskin fikirlərinizlə seçilirsiniz. Amma bu məsələdə etiraf etmək lazımdır ki, bankların borcu geri alma məsələsində etdikləri daha sivil, daha qanunidir. Sizi özlərinə qarşı qərəzli olmaqda ittiham edən banklar məncə bu müsahibədən sonra sizin necə ədalətli mövqedə olduğunuzu etiraf edəcəklər.

- Təşəkkür edirəm.

 

- Tutaq ki mənə pul lazım oldu, bankdan pul götürə bilmədim və sələmçiyə getdim. Mən neyləməliyəm ki, siz deyən hallara düşməyim?

- Birincisi, tələb etmək lazımdır ki, sövdələşmə necə olursa müqaviləyə də o cür yazılsın. Tutaq ki, sələmçi sizə 10 min manat borc verir, ayda 5 faizlə, bunu elə beləcə də müqaviləyə yazmalıdır.

 

- Tutaq ki, yazmadı?

- Əgər yazmırsa, vətəndaşı öz istədiyi formada müqaviləni imzalamağa məcbur qoyursa, borcalan o pulu götürməyə məcburdursa müqaviləyə diqqətlə baxsın, 10 min manatın ayda 5 faizi nə qədər edir, faiz ümumilikdə neçə min manat olacaq, bunları dəqiqləşdirsin. Əgər sələmi götürübsə hər ay hissə-hissə ödədikcə qəbz alsın. Çünki biz bəzən rastlaşırıq, elə sələmçilər var ki, vətəndaşın üzünə durur ki, sən mənə bir qəpik də borc ödəməmisən. Mənim apardığım həmin işdə vətəndaş sələmçidən 9 dəfə sələm götürüb, qaytarıb.Sələmçi hər dəfə pulu faizə sayıb. Növbəti ayın ödəməsinin vaxtı çatanda vətəndaş gəlib sələmçidə qol çəkib ki faizi ödəyə bilmirəm. Görün nə qədər vicdanlı insandır. 3 gn sonra həmin vətəndaşa sələmçi 6 min manat yenə sələm verib. Bu onu göstərir ki, o 3 gün ərzində o vətəndaş pulu geri ödəyib ki sən ona yenidən sələm vermisən, yoxsa verməzsən məntiqlə. Bu tam açıq-aydındır. Amma sənəd yoxdur deyə sələmçi inkar edir. Hətta bir işimiz də olmuşdu, onu da deyim, hamı çox ehtiyyatlı olsun. Qohum qohuma pul vermişdi, o qohumunun üzünə durdu məhkəmədə ki, borcu verməmisən.

 

- Deməli sələm o vaxt qanuni sayılır ki, müqavilədə faizlər göstərilməlidir, sələm verənin öz pulu olmalıdır, bankdan götürməməlidir. Əgər vətəndaş sələmə pul götürübsə və öyrənir ki sələmçi bankdan götürüb sələm verir, əlində arqumenti olur ki, həmin müqavilənin etibarsız olduğunu sübut etsin.

- Bəli. Doğrudur. Əgər çətinliyi olsa hüquq-mühaviəzə orqanlarına, məhkəməyə, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Çünki Palata aidiyyatı dövlət orqanları qarşısında sələmçinin qanunsuz bank fəaliyyəti göstərməsi məsələsini qaldırır. Çünki həmin şəxslər banklarla faktiki olaraq qeyri-sağlam rəqabətdədirlər.

 

- Bayaq dediniz ki, belə adamların verdiyi sələmlərin miqdarı 100 minlərlədir. Bəs onlar bu qədər pulu necə kreditə götürə bilirlər?

- Bayaq dediyim sələmçi özü bank işçisi olub. Əlaqələri olduğu üçün bir neçə bankdan kredit götürə bilir. Əmlak da girov qoya bilər, kifayət qədər əmlakı var. Əgər evini firov qoydunsa banklar böyük ehtimal krediti verəcəklər.

 

- Sələmçi vətəndaşın evini əlindən ala bilər?

- Xeyr. Ümumiyyətlə fərqi yoxdur, sələmçi ya da bank, əgər vətəndaşın onlara borcu varsa və bir evi varsa və girovda deyilsə o evi heç kim əlindən ala bilməz. Amma sələmçilər vətəndaşa qeyri-qanuni təzyiqlər göstərir. Bayaq 5 il 6 ay iş kəsilən vətəndaş haqqında danışdım, o şəxsə təzyiq göstərildi ki evini verməlisən, əgər verməsən gedib polisdə səni dələduzluqda ittiham edəcəm. Bununla bağlı əlimizdə audio yazı var, məhkəmədə sübut kimi təqdim etdik ki, sələmçi vətəndaşı hədələyir.

 

- Bu sübutlara fikir verildi?

- Xeyr, nəinki fikir verildi, heç məhkəmə hökmündə də xatırlanmadı.

 

- Tutaq ki vətəndaşın iki evi var, birinin dəyəri yüksək, digəri nisbətən ucuz. Borcuna qarşılıq hansını seçə bilərlər?

- Xeyr, məhkəmə qərarı olmadan heç nə etmək olmaz. Əgər məhkəmə qərarı varsa dəyəri nisbətən ucuz ev də borcun qarşılığı edirsə, onu da verə bilər vətəndaş.

 

- Vətəndaşlara nə məsləhət görürsünüz ki, bu kimi hallarla qarşılaşmasınlar.

- Mümkün olduğu qədər sələmə pul götürməsinlər. Əgər başqa varianları yoxdursa və mütləq pul götürməlidirsə çox diqqətli olsunlar. Müqaviləyə əsas borcun və faizin ayrı-ayrılıqda yazılmasından əmin olsunlar. Faizləri hər ay ödədikcə qəbz alsınlar, video və ya audio yazı, şahidlər də ola bilər. Şahidlər də sabah yalançı ifadə verib dana bilərlər, yaxşı olar ki, şahidə arxayın olmasınlar. Video, audio yazı olsun, ən azı SMS və ya votsap mesajı olsun ki pulun verildiyinə dair sözlər yazılsın orda. Bilirik ki müsəlman cəmiyyətində sələm günah əməl kimi qəbul edilir, əgər buna rəğmən bu şəxslə bu işlə məşğul olurlarsa deməli cəmiyyətdən utanma, çəkinmə hissləri yoxdur və vətəndaşlar bilməlidir ki, onlardan hər şeyi gözləmək olar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz