12 oktyabr 2018 11:03

Bakının «varlılar məhəllə»lərində əmlaklar – NİYƏ ALIB, NİYƏ SATIRLAR? 

Şəhərin mərkəzində xüsusi layihə ilə tikilmiş villalar, yamyaşıl həyət, təhlükəsizlik kameraları və hündür hasarlar. Reklamı xatırlatsa da, bu xüsusiyyətlər Bakının bir neçə ərazisi üçün adi haldır. Varlılar məhəlləsi adlanan ərazilərdə evlərin qiyməti 1-2 milyon manatdan başlayır. 

Onlar arasında ən məşhuru Nərimanov rayonu,  Məmməd Araz küçəsi (keçmiş Teymur  Əliyev )-Atatürk prospekti boyunca  yerləşir. Makler Əli müəllim deyir ki,  onlara edilən müraciətdə həmin əraziyə aid hazırda 3 milyon manat dəyərində bir villa var.  

Maklerə görə, buradakı villalar xüsusi layihələrinə görə fərqlənirlər . Villaların həyətlərində bahalı və ekzotik ağaclar olur,  xüsusi arxitektura ilə tikilib.   “Hətta burada hazırda 5 milyon manata satışa qoyulan villalara belə rast gəlmək mümkündür. Çox bahalı villalar arasında arxitekturu əcnəbi olanlar da az deyil. Tikinti materiallarını xaricdən xüsusi sifarişlə gətizdiriblər”-makler söyləyir.

Niyə ölkənin zəngin adamları buraya maraq göstərib?

Makler hesab edir ki, sözügedən ərazi Sovetlər Birliyi süquta uğradıqdan sonra Bakıda infrastrukturu normal olan ərazilərdən biri hesab edilirdi. Eyni zamanda şəhərin mərkəzinə də çox yaxındır. “Müstəqilliyin  ilk dövründə nisbətən kasıb adamlar, ruslar evlərini, torpaqlarını varlılara baha qiymətə sataraq köçdülər.  Sonra zənginlər ərazidəki yaşıllıq zonalarını villalarının sahələrinə qatdılar. Ərazinin adı çıxandan sonra zənginlər tərəfindən maraq da artdı”-Əli müəllim məlumat verir.


Eləcə də bax: Bakıda mənzil və torpağın - QİYMƏTLƏRİ DƏYİŞDİ

Daşınmaz əmlak üzrə ekspert  Bahadur İbrahimli  isə deyir ki, Məmməd Araz küçəsində yol kənarına düşən əmlakların əksəriyyəti obyekt olaraq istifadə edilir.  Ona görə də, yaşayış evindən fərqli olaraq daha baha qiymətə olur.  Yol kənarına yaxın torpağın bir sotunun qiyməti 500 min manatdan başlayır. Məhəllədən  içəri yerlərdə isə 200-300 min manat arasında dəyişir.


Səbail rayonu Batamdar qəsəbəsi 3-cu yaşayış massivində yerləşən “Varlılar məhəlləsi”ndə isə qiymətlər cərgələrinə görə fərqlənir. Bahadur İbrahimlinin sözlərinə görə, Batamdarın “Milyonerlər məhəlləsi” 3 cərgədən ibarətdir: “ Yola yaxın olan birinci cərgədə ABŞ şəfirinin də evi var. Burada torpağın sotu 100-150 min manatdan başlayır. İkinci və üçüncü cərgələrdə isə qiymətlər sota  50-70 min manata arasında dəyişir”.

Varlırları buraya şəhərə yaxın olması, havasının təmizliyi və dəniz mənzərəsinin olmasıdır. Eyni zamanda burada qiymətlər digər “Milyonerlər məhəlləsindən” fərqli olaraq münasibdir. “Həm varlılara görə «elit» zona sayılır, həm də qiymətlər münasibdir”-makler bildirir.

Əli müəllim hazırda əllərində 1000 m2 ərazisi olan bir villa olduğunu söylədi.  İki mərtəbəli villa 1,2 milyon manata satışa çıxarılıb. 

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində “Azadlıq prospekti” metrostansiyasından  başlayan  “Milyonerlər məhəlləsi” isə hələ sovet dövründən elit zona sayılırmış. Bahadur İbrahimli deyir ki, bura marağın əsas səbəblərindən biri  həyətyanı sahələrin olmasıdır:” Belə ərazilər hələ sovet dövründə Bakının mərkəzindən çox kənarda olub.  Lakin Rəsulzadə (keçmiş «Vorovski») qəsəbəsində həm infrasturkturun olması, həm idarə və müəssisələrə yaxın olması varlıları bura cəlb edib. Villanı şəhərdən kənarda tikərkən mərkəzə gəlmək üçün bir neçə saat yol qət etmək tələb olunur”.

Hazırda burada yola yaxın ərazilərdə torpağın 1 sotu 100 min manatdan,  yoldan kənar zonalarda isə 20-30 min manatdan başlayır.  

Hal-hazırda ev alqı-satqı elanlarında bu məhəllədə  5 sotun üzərində  3 mərtəbəli  550 kv.m sahəyə malik villanın 1.5 milyon manata satışa çıxarıldığını görə bilirik.

Yasamal rayonu “Şüşəli” bazarın yaxınlığında  yerləşən “Milyonerlər məhəlləsi”ndə isə daha çox əcnəbilər məskunlaşıb.  Belə ki, həmin ərazidəki evlər səfirliklərə,  xarici vətəndaşlara, böyük şirkətlərə kirayəyə verilib. 

Satış və kirayə qiymətləri obyektin yerləşdiyi əraziyə görə dəyişir. Məsələn, yola yaxın olan 1 cərgədə torpağın bir sotu 250-300 min manatdan başlayır.

İkinci cərgə hesab edilən məhəllənin ortalarına doğru isə torpaqların sotu isə nisbətən «ucuz», yəni 150-200 min  manata satılır.

Kirayə qiymətləri isə 5 min manatda 10 min manat arasında dəyişir.

Varlılar istirahət etmək üçün üz tutduqları  məkanlar isə Xəzər rayonunda yerləşən bağlardır. 25  ildən çoxdur makler işləyən Zirəddin müəllim deyir ki, Mərdəkan, Şüvəlan qəsəbələrində bahalı villalar çoxdur. Onun sözlərinə görə, bu ərazilərin milyonçular  məskəni kimi tanınmasının daha qədim tarixçəsi var. Həmin ərazilər hələ çar Rusiyası dövründən milyonçuların bağ evi kimi məşhur yer olub. İndi də bu ərazilər eyni məqsəd daşıyır.

Makler deyir ki, Mərdəkandan Şüvəlana gedən yolun üzərində prezidentin rezidensiyası salınandan sonra  məmurlar da bağ evlərini daha çox bu əraziyə köçürməyə başladılar. Ona görə də əmlak elanlarında buranı “Milyonerlər məhəlləsi”kimi təqdim edirlər.

Daşınmaz əmlak üzrə ekspert Bahadur İbrahimli deyir ki, bu ərazilərdə torpağın bir sotu ən azı 30-40 min manatdan başlayaraq təklif olunur. Daşınmaz əmlak elanlarından da görünür ki, sözügedən  məhəllələrdə satışa çıxarılan xeyli sayda villa və obyektlər var.

Bəs, bunların alıcıları varmı?

Reiltorlar bildirir, 2018-ci ildən etibarən varlıların məhəllələri kimi tanınan zonalarda  daşınmaz əmlak bazarında bir durğunluq müşahidə olunur.
“MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin bazar təhlillərinə  görə, 2018-ci ilin əvvəli ilə müqayisədə bu ərazilərdə satışa çıxarılan əmlakların qiymətində 6-7 faizə qədər ucuzlaşma baş verib. 

“Real Əmlak 28 may” daşınmaz əmlak agentliyi bildirir  ki, “Varlılar Məhəlləsi” kimi adlanan ərazilərdə daşınmaz əmlaka maraq çox da yüksək deyil: “Ümumiyyətlə, bizim agentliyə həmin ərazilərdə əmlakın satışı ilə bağlı müraciət olunanda sata bilirik. Təbii ki,  şərtlərin əlverişli olmasından çox şey asılıdır. Bilirsiniz ki, orada qiymətlər o qədər də ucuz deyil. Bizim agentlik tərəfindən bu məhələlərdə az əmlak, obyekt və ya torpaq satışa çıxarılır”.
“Garant” Əmlak Agentliyindən isə dedilər  ki, varlıların məhəllələrində satışa çıxarılan əmlakların sayı kifayət qədərdir. Son illər həmin ərazilərə tələbat azalıb.


Eləcə də bax: Mehdiabadda kupça paylanacaq

Agentlik nümayəndəsi hazırda daşınmaz bazarında bir durğunluğun yaşadığını və həmin durğunluğun qiymətləri yüksək olan ərazilərdə lap çox hiss olunduğunu söylədi.


“Səbəb isə alıcılıq qabiliyyətinin aşağı düşməsidir.  Gərək həmin məhəllələrdə əmlaka qoyulan qiyməti 2 dəfə ucuzlaşdıralar ki, alıcı tapmaq olsun”-agentlik nümayəndəsi qeyd edir. Onun sözlərinə görə, Nərimanov və Yasamal rayonundakı məhəllələrdə  torpağın bir sotu ən ucuz 100 min manatdan başlayır: “Bizə verilən elanlarda 1 sotu 200-300 min manata satılan torpaqlar da var. Torpağın üzərində evlər tikilən əmlaklar isə 800 min manatın üzərindən təklif edilir”. 

MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli FED.az-a açıqlamasında həmin ərazilərdə torpağın 1 sotunun orta qiyməti 300 min manatdan, evin bir kv.-i isə 100 min manatdan başladığını söyləyir.

N.İbrahimlinin sözlərinə görə, 2010-ci ilədək «Varlılar məhəlləsi»ndə tələbat yüksək səviyyədə olub.  Amma maliyyə böhranından sonra həmin ərazilərə maraq azalıb. Eyni zamanda bahalı əmlaklara bazar doyub.  Bu gün sözügedən məhəllədə satışa çıxarılan xeyli obyekt, daşınmaz əmlak var. Amma alıcılar yoxdur».

Alıcıların olmamasının səbəblərinə gəlincə, N.İbrahimli belə izah edir: «Bir nəsil oliqarxlar yetişdi və həmin mülkləri əldə etdilər. İndi həmin oliqarxların əllərində olan imkanlar artıq çıxıb və hiss edirlər ki, mülklərinin bir hissəsi artıqdır. Bu gün  həmin mükləri satıb biznecə yönəltməyə çalışırlar. Lakin satışa çıxan mülkləri almaq üçün yeni oliqarx nəsil yetişməyib».

Ekspert görə, paytaxtın müxtəlif yerlərində tikilən  «Premium evlər» və şəhərciklər, komplekslər «Varlılar məhəlləsi» ilə ciddi rəqabətdədir. Onun fikrincə,  nisbətən imkanı olan şəxslər hazırda «Premium evlər»ə və şəhərin mərkəzində tikilən komplekslərə üstünlük verirlər.  Çünki həm tələblərinə uyğun şərait yaradılıb, həm də şəhərin mərkəzinə daha yaxındır. Eyni zamanda sözügedən mənzillərin saxlanma xərci  böyük villalara nisbətən daha ucuz başa gəlir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz