12 oktyabr 2018 00:16

Aclıq olan ölkədə qonaqlara 1 ton qara kürü verilmişdı - İRAN-QƏRB QARŞIDURMASI

Bu gün İran ətrafında cərəyan edən hadisələr yalnız dünya mətbuatının deyil, eyni zamanda, mötəbər beynəlxalq təşkilatların gündəmindəki müzakirə mövzusudur.

Bir tərəfdən ABŞ İranı terrorçuluğu dəstəkləməkdə ittiham edərək ona qarşı iqtisadi sanksiyalar tətbiq edir, digər tərəfdən ərəb dövlətləri İranın regiondakı rolunu məhdudlaşdırmağa çalışırlar.
Eləcə də bax: İranda dollar kəskin ucuzlaşdı - "QARA BAZARA" AXIN BAŞLADI

Nə baş verir? Niyə bu qədər dövlət İranın məhvini arzulayır? Bu sualları cavablandırmaq üçün bəzi məsələlərə bir qədər əhatəli baxmaq lazımdır.

Müasir İran İslam Respublikası 1979-cu il fevralın 11-də baş vermiş İslam inqilabından sonra yaranıb. İnqilaba qədər İran Pəhləvi sülaləsinin rəhbərlik etdiyi monarxiya quruluşuna malik olan dünyəvi dövlət idi. Rza şah Pəhləvi qərbyönümlü siyasi kurs həyata keçirirdi. Tədricən ölkəyə İran xalqı üçün yeni və yad olan Avropa dəyərləri ixrac edildi. Qadınlar başıaçıq gəzirdilər, televiziya kanallarında Qərbin estrada ulduzlarının konsertləri nümayiş olunurdu, hətta Rza şah Hicri-şəmsi təqvimini də qadağan edərək Milad təqviminin tətbiqinə göstəriş vermişdi. Rza şah Avropa mədəniyyətini və həyat tərzini qəbul etsə də, Avropanın siyasi sistemini inkar edirdi. Hətta 1973-cü ildə ölkədə təkpartiyalı sistem yaradaraq digər partiya və hərəkatları qadağan etdi. İranın xüsusi xidmət orqanları isə narazılarla qəddarlıqla rəftar edirdi. Bəzi məlumatlara görə, həmin dövrdə İranda 5 mindən çox siyasi məhbus var idi.

Eləcə də bax: "İranlı investor mal-qaranı zəhərləyir" - Azərbaycanlı fermerlər

Avropa və ABŞ–la yaxın əlaqələrdə olan şah rejiminin iqtisadi siyasəti dövlət əmlakını özəlləşdirməkdən ibarət idi. Bunun nəticəsində 1930-cu illərdən etibarən dövlətə məxsus iri müəssisələr Qərb şirkətləri tərəfindən alınmışdı. İranın neft, qaz, maşınqayırma, dağ-mədən sənayeləri xarici şirkətlərin əlində cəmləşmişdi. 1951-ci ildə demokratik yolla İranın Baş naziri seçilmiş Məhəmməd Mossadiq ölkədə mütərəqqi iqtisadi islahatlar həyata keçirməyə başladı. Xalqın dəstəyi ilə torpaq sahələrini və neft-qaz sənayesini milliləşdirərək dövlətə qaytaran Baş nazir M.Mossadiq ilə şah arasında ziddiyyətlər meydana gəldi. İri müəssisələrin dövlətə qaytarılması ABŞ və Avropa dövlətlərinin də iqtisadi maraqlarına uyğun gəlmirdi. Şah hakimiyyəti ilə razılaşmaya əsasən ölkədən neft və qaz hasil edib dünya bazarına çıxaran şirkətlər İran dövlətinə heç bir vergi ödəmirdilər.
Eləcə də bax: İrana sanksiyalar özünü göstərir – NEFT İXRACI KƏSKİN AZALDI

Baş nazirin islahatlarından hiddətlənən ABŞ bunun əleyhinə çıxsa da M.Mossadiq yolundan dönmədi. İrandakı iqtisadi dividendlərinin əldən çıxacağını görən ABŞ İranda dövlət çevrilişi etdi. ABŞ-ın xüsusi xidmət orqanları “Ayaks” kod adı ilə əməliyyat keçirərək minlərlə iranlını küçələrə çıxardı və M.Mossadiqi hakimiyyətdən kənarlaşdırdı. İranın yaxın müttəfiqi olan ABŞ ordunun möhkəmlənməsində və neft-qaz sənayesini texnologiya ilə təmin etməkdə yaxından iştirak edirdi. Bunun müqabilində isə yuxarıda qeyd etdiyimiz kimi, İranın milli sərvətlərini cüzi qiymətə alaraq və dünya bazarına baha qiymətə sataraq milyonlarla dollar gəlir əldə edirdi. İran xalqı isə səfalət içində boğulurdu.

Vəziyyətin bu istiqamətdə inkişafı ölkə dindarlarını narahat edirdi. Onlar ölkədə xaricilərin ağalığına son qoymağı, milli sərvətlərin xalqa qaytarılmasını tələb edirdilər.

Eləcə də bax: İran vətəndaşları Azərbaycanda şirkətlər qururlar - SİYAHI

Şah rejimi əleyhinə kəskin çıxış edənlərdən biri İran İslam İnqilabının banisi Seyid Ruhulla Xomeyni idi. O, şah rejiminin ləğvini və respublika tipli dini (islam) dövlətin yaradılması ideyasını irəli sürürdü. Öz fikirlərini S.R.Xomeyni “İslam dövləti” əsərində daha aydın şəkildə izah edib.

Əhalinin sosial vəziyyətinin ağırlaşması ölkədəki siyasi gərginliyə səbəb olurdu. 1977-ci ildə ABŞ-ın yeni dövlət katibi Sayrus Vensinin təkidi ilə Rza şah amnistiya elan edərək siyasi məhbusları azad edib. Həmin il quraqlıq ucbatından İranda kənd təsərrüfatına böyük ziyan dəymişdi və ölkənin bəzi regionlarında aclıq və səfalət hökm sürürdü. İran dövlətinin yaranmasının 2 min illiyi ilə əlaqədar şahın Tehranda keçirdiyi dəbdəbəli mərasim əhali arasında böyük narazılığa səbəb olmuşdu. Aclıq və səfalətin hökm sürdüyü bir zamanda mərasimdə qonaqlara 1 ton qara kürünün verilməsi gərginliyin pik nöqtəsini yaxınlaşdırdı. Əvvəlcə tələbələr, ardınca fəhlələr və kəndlilər meydanlara çıxaraq etiraza başladılar. Etirazlar elə bir kütləvi xarakter aldı ki, Rza şah ölkədən qaçmağa məcbur oldu və 15 illik sürgündən sonra S.R.Xomeyni ölkəyə qayıdaraq inqilaba rəhbərlik etdi. “Şah qaçdı? İmam gəldi” şüarı ilə qarşılanan S.R.Xomeyni böyük nüfuza sahib idi. Beləliklə, 1979-cu il fevralın 11-də baş verən inqilabdan sonra neft-qaz sənayesi xarici şirkətlərdən alınaraq dövlətə qaytarıldı. ABŞ ilə Avropa dövlətləri milyardlarla gəlirdən məhrum oldu və münasibətlər gərginləşdi.

İslam dövləti quran S.R.Xomeyni İslamın ən böyük təriqəti olam şiəliyi əsas görürdü ki, bu da ərəb dövlətlərinin maraqlarına qətiyyən uyğun gəlmirdi. Sünni ərəblər bu təriqətin ideoloji xəttini təhlükəli hesab edirlər. İsrail də İranın Yaxın Şərqdəki şiə qruplarına yardım göstərməsini özü üçün qəbuledilməz və eyni zamanda, təhlükəli hesab edir.

Beləliklə, 1979-cu il inqilabından sonra ABŞ və Avropa milyardlarla dollar gəlirindən məhrum olaraq əvvəlki vəziyyəti qaytarmağa çalışır. Ərəb dövlətləri və İsrail şiəliyin bölgədə daha geniş yayılmasından ehtiyat edirlər. Bütün bu faktlar adıçəkilən dövlətləri birləşdirib İrana qarşı çıxmağa sövq edir.

Beləliklə, uzun illər iqtisadi sanksiyalara məruz qalan İran 2000-ci ildən başlayaraq ABŞ və Avropa dövlətləri ilə danışıqlara başlayaraq dünya iqtisadiyyatına inteqrasiya siyasəti aparmaq niyyətində olduğunu bildirdi. Nəticədə 2015-ci ilin iyununda İran və mətbuatda “altılıq” kimi adlanan dövlətlər (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin) arasında “İranın nüvə proqramının məhdudlaşdırılmasına” dair sənəd imzalandı və BMT tərəfindən təsdiqləndi. Lakin ABŞ-ın yeni Prezidenti razılaşmanı tanımaqdan imtina edərək iqtisadi sanksiyaları bərpa etdi.

Siyasi proseslər göstərir ki, bəzi böyük dövlətlər İran ilə bərabər hüquqlarda deyil, onun maddi sərvətlərini talamaq şərti ilə əməkdaşlıq etmək istəyindədirlər. İran nüvə proqramını dayandırdı və bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri də təsdiq etdi. Lakin buna baxmayaraq, sanksiyalarla İranı iqtisadi gərginliyə salıb hakimiyyəti devirməyə və sözə baxan hakimiyyət formalaşdırmağa çalışırlar. Bu istiqamətdə İranın daxilində də sabitliyi pozmaq üçün addımlar atılır. Əhaliyə təlqin etməyə çalışırlar ki, guya hakimiyyət nüvə tədqiqatları aparmaqla düzgün siyasət yürütmür və ABŞ-ı qıcıqlandırır. Əvvəlcə İranda kütləvi etirazlar baş tutdu. Lakin İran razılaşmaya əsasən nüvə tədqiqatlarını dayandırdı. Buna baxmayaraq ABŞ imza atdığı razılaşmada üzərinə düşəni yerinə yetirmədi. Artıq İranda hamı başa düşür ki, ölkəyə müdaxilə və sanksiyaların məqsədi heç də buraya demokratiya gətirib xalqı xoşbəxt etməkdən ibarət deyil. Əsl məqsəd İranın milli sərvətlərinə sahib olmaqdır.

Hələlik qarşılıqlı ittihamlar və sanksiyalar davam edir. Bu mübarizədə kimin qalib gələcəyini isə zaman göstərəcək.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz