11 oktyabr 2018 19:49

Növbəti iqtisadı böhran gəlir, hədəflər məlumdur - MƏQALƏ

Yaxın 1-2 ildə dünya iqtisadiyyatını təlatümlər, 2020-2021-ci illərdə isə növbəti böhran gözləyir. Səbəbi ticarət-sanksiya müharibələri və ABŞ-da faiz dərəcələrinin sürətlə artırılmasıdır.  FED.az xəər verir ki, bu barədə bank-maliyyə eksperti, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) ekspertlər qrupunun sədri iqtisadçı ekspert, Elman Sadiqov bildirib. İqtisadçı öz proqnozlarını belə əsaslandırıb:    

Bu gün dünyanın demək olar ki, bütün birjalarının indekslərində kifayət qədər böyük dəyər itkiləri olmuşdur. Sadə dillə desək birjalarda səhmlər öz dəyərlərini itirməyə başlamışlar. Bu bir çöküşün başlanğıcıdırmı, yoxsa korreksiyadır? Düşünürəm ki, korreksiyadır. Çünki, gözlənilməz deyil. Öncəki məqalələrimdə FED-in faiz artımını davam etdirəcəyi təqdirdə birjalarda yaranmış köpüklərin partlama risklərinin olacağı qeyd edilmişdi.

FED faiz artımında səhvə yol verdi demək də doğru olmaz. (ABŞ Prezidenti Trampın FED-i "crazy" dəlisov adlandırmasına baxmayaraq). Çünki, FED statistik məlumatlara əsasən qərar qəbul edir. Lakin, faiz artımında olan sürəti bazar həzm edə bilmədi. Öncəki məqalələrimdə qeyd edilmişdi ki, növbəti faiz artımları risklər gətirəcək və FED sentyabrda faiz artımı ilə həm də nəbz yoxlayacaq. Yəni, uzun müddət 9 ilə yaxın müddətdə 0 faiz dərəcəsi ətrafında qalıb 2 il ərzində sürətlə faiz artımına getmək müəyyən risklər doğuracaq.

İstiqraz bazarını FED alışlarla tənzimləməyə çalışır, lakin burada da risklər qalmaqdadır. Şəxsi qənaətimə görə dünyada 2020-2021-ci illərdə bir böhran olacaq. Həmin böhranın konturları da az-çox bəllidir. Ən çox zərər çəkənlər isə bu dəfə inkişaf etməkdə olan dövlətlər olacaq. Təqribən növbəti 1.5-2 il ərzində böhran yox, amma təlatümlər olma ehtimalı daha yüksəkdir. Yenə də mürəkkəb korrelyasiyalar, təhlillər və hesablamaları kənara qoyaraq əsas problemləri və çağırışları qısaca qeyd etmək istərdim: 

- Ticarət müharibələrini dünya iqtisadiyyatı həzm etməkdə çətinlik çəkəcək. ABŞ digər ölkələrə qarşı yumşalma nümayiş etdirsə də, Çinə qarşı bunu etməyəcək. 

- Yaxın günlərdə növbəti hədəf Hindistan olacaq. İrandan neft alışını davam etdirəcəyini nümayişkaranə şəkildə bəyan etməsi bu məsələni alovlandıracaq.

- Artan tariflər ABŞ-da Çindən gələn malların qiymətinin artması deməkdir. Bu isə inflyasiya təzyiqini artıracaq. Nəticədə FED yenə faiz artımına getməyə məcbur olacaq. Bu isə birjalarda riskləri artıracaq. 

- İtaliya büdcə rəqəmlərində Avropa Birliyi (AB) ilə kəskin qarşıdurmaya getmək istəmir. Lakin, artıq öz etirazını da bildirir. Qısaca belə deyək ki, AB-də büdcələrlə bağlı qəbul olunan normativlər İtaliyanı qane etmir. İtaliya AB-dən faydalanmaqdan daha çox AB-yə fayda verən ölkədir. İxrac yönümlü böyük sənayeyə malik iqtisadiyyatı var. Müsbət saldosu var. Borcları var, lakin uzunmüddətlidir. İtaliya-AB dialoqu texniki xarakterli və incə dialoq olduğuna görə təfsilatlarını qeyd etmək yorucu olar. Lakin, bu dialoq AB-nin bir çox iqtisadi və maliyyə strukturu ilə bağlı məsələlərini həll etmədiyini və fikir ayrılıqlarının çox olmasını göstərir. 

- Çin ticarət müharibələrində daha çox itirir. Yeganə silahı öz valyutasının dəyərini salmaqdır. Yuanın 10-15% devalvasiyası gözlənilirdi ki, ABŞ-ın tarifləri artırmasını nisbətən kompensasiya edə bilsin. Bunu sınaqdan keçirdi. Lakin indiki şəraitdə bunun çox riskli addım olduğunu gördü. Son günlər yuan dollar qarşısında 6.8680-dən 6.93-ə qədər dəyər itirdi, lakin bu gün 6.9041-ə qədər dəyər qazandı. Səbəb? Çünki, neftin yüksək qiymətləri yuanın dəyərini düşürməyə imkan vermir. Çin neft idxal edən ölkədir. 

- Almaniya öz potensialından istifadə edərək AB-də böhran baş verməsinə imkan verməməyə çalışacaq. Lakin, İran və Rusiya məsələsində tutduğu nisbətən yumşaq mövqe iqtisadi çətinliklər gətirməkdə davam edəcək. 

- Qloballaşma sona çatmadı, amma ciddi bir soyuma baş verir. Texnologiya, sənaye və kənd təsərrüfatı sahələrində süni intellektin tətbiqi işçilərlə bağlı maya dəyərini aşağı saldığı üçün ABŞ və inkişaf etmiş ölkələr öz şirkətlərini öz ölkələrinə geri gətirirlər. Bu isə inkişaf etməkdə olan ölkələrə növbəti zərbədir. 

Sonda bir məsələni qeyd edim. Böhranları araşdırarkən gəldiyim bir nəticə var. Bütün böhranlar gözlənilməz deyil, bir çox böhranlar fərqli səbəblərdən bilərəkdən yaradılan və idarə olunan böhranlar olmuşdur. Yəni, 2 cür böhran var: gözlənilməyən və gözlənilən (idarə olunan). Gözlənilən böhran həm də proqnoz oluna bilən böhrandır. 

Növbəti 5 il ərzində baş verəcəklər iqtisadiyyatla bağlı insanların beynində 18-20-ci əsrlərin iqtisadi nəzəriyyələri əsasında daşlaşmış bir çox fikirlərin 21-ci əsr üçün uyğun olmadığını daha bariz şəkildə göstərəcəkdir. Yəni, iqtisadiyyat doqma şəklində qəbul olunan nəzəriyyələrdən daha çox, şahmat oyununa bənzər (hər bir gedişə uyğun gediş, vəziyyət uyğun gediş) şəkildə idarə olunacaq. Bu isə iqtisadiyyat sahəsində güclü kadrları olmayan xüsusilə böyük, lakin inkişaf etməkdə olan ölkələrdə ciddi problemlər yaradacaq və ya həmin ölkələri inkişaf etmiş ölkələrdən birbaşa asılı vəziyyətə salacaq. 

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz