11 oktyabr 2018 14:19

Qubada “ABAD Factory” açıldı - FOTO

Oktyabrın 11-də "ASAN Xidmət"in tabeliyində olan “ABAD”ın Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.

FED.az xəbər verir ki, tədbirdə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, ASAN Xidmət-in sədri Ülvi Mehdiyev, həmçinin “ABAD”ın direktoru Rüfət Elçiyev bildirdilər ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü.

İkimərtəbəli bina “ABAD” tərəfindən “Paşa Holding”in dəstəyi ilə təmir edilib və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş “ABAD”ın əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

“Paşa Holding”in dəstəyi ilə “ABAD” tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyllərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbedici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. “ABAD Gastro Village” kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba “ABAD Factory”nin önündə təşkil edilmiş “Food truck park”ındadır. Burada dönər, bürger, şirniyyat və pizzaların hazırlanması və satışı nəzərdə tutulub.

“Quba ABAD Factory” və “ABAD Gastro Village” komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.









Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz