10 oktyabr 2018 11:09

Xalçalarımız “Azərbaycan brendi” altında dünya bazarında – “Azərxalça” sədrindən AÇIQLAMA

Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb. “Azərxalça” ASC-nin filiallarında indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub.

FED.az xəbər verir ki, bu haqda “Azərxalça” ASC-nin sədri Vidadi Muradov oktyabrın 9-da Nazirlər Kabinetinin iclasında bildirib.
ASC sədri vurğulayıb ki,  2017-2018-ci illərdə “Azərxalça”nın istehsalı olan xalçalar Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya kimi ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində təqdim olunub. “İndi Avropanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın böyük xalça şirkətləri ilə danışıqlar aparılır, əməkdaşlıq haqqında müqavilələr hazırlanır. Bu müqavilələr əsasında həm hazır xalçalar satılacaq, həm də sifarişlərlə müxtəlifölçülü xalçaların toxunmasına başlanılacaq”- V.Muradov deyir.

2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb. Bu filiallarda ümumilikdə 900 nəfərə yaxın toxucu çalışır.

V.Muradova görə,  “Azərxalça”nın daha 10 filialının yaradılması üçün vəsait ayrılıb. 2018-ci ilin əvvəlindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Lənkəran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonunda filial binalarının tikintisinə başlanılıb. Həmçinin 20 emalatxana binasının tikintisi, infrastrukturunun yaradılması, avadanlıq və dəzgahlarla təchizatı üçün “Azərxalça” ASC-yə dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 37 milyon 475 min manat vəsait ayrılıb.

Şirvan bölgəsinin tarixi xalçaçılıq ənənələrinə malik İsmayıllı rayonunda yeni emalatxananın tikintisinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait yönəldilib. Hazırda tikinti-inşaat işlərinin aparılması üçün hazırlıq işlərinə başlanılıb.
 “Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq”-m ASC sədri qeyd etdi.

Onun sözlərinə görə,  dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitdən Yunəyirici-Boyaq Fabrikinin tikintisi və avadanlıqlarla təchizatı üçün 27 milyon 420 min manat, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması məqsədilə 6 milyon 500 min manat ayrılıb.

ASC-nin istehsalı olan xalçaların satışa çıxarılması prosesinin intensivləşdirilməsi məqsədilə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında Hazır Xalçaların Emal Mərkəzi də inşa ediləcək.

2019-cu ilin sonunadək “Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz