10 oktyabr 2018 10:42

Əhalinin 80 faizdən çoxu internetdədir - NAZİR AÇIQLADI

Bu ilin  doqquz ayında informasiya və telekommunikasiya sahəsinə 225 milyon manatlıq investisiya qoyulub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz çoxdur.

FED.az xəbər verir ki, bu haqda  Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Kabinetinin son iclasında bildirib.

Nazir qeyd edib ki, 9 ayda İKT sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib,  gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib

R.Quluzadə məlumat verib ki, regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.

“Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq”- nazir deyib.

R.Quluzada əlavə edib ki, görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib.

Nazir iclacda onu da vurğulayıb ki, Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatında Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdə qərarlaşdığı göstərilir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz