08 oktyabr 2018 16:55

Bakının mərkəzindəki mənzillər sökülüb - RƏSMİ AÇIQLAMA

Paytaxtımız Bakı şəhəri günü-gündən gözəlləşir və müasirləşir. Dövlətimizin başçısının sərəncam və göstərişlərinə əsasən, şəhərin mərkəzində köhnə, istismar müddəti keçmiş, qəzalı vəziyyətdə olan yaşayış və digər təyinatlı tikililərin sökülməsi və burada yaşayan sakinlərin müvafiq kompensasiyaların ödənilməsi ilə köçürülməsi işləri davam etdirilir.

FED.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bu işlərin davamı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Rəsul Rza küçəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır. Bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alınaraq inşa olunub, ölkəmizdəki və xaricdəki Yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanıb.

Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri qəzalı vəziyyətdə olan ikiotaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansamblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbədin tikilməsi nəzərdə tutulub.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz