24 sentyabr 2018 15:44

Azərbaycanda pulu hansı kağıza yatırmaq sərfəlidir - VARİANTLAR

Dünyada bütün investorları düşündürən əsas məsələ səhm bazarında vəsaiti hansı maliyyə alətinə yatırmaqdır. FED.az xəbər verir ki, Azərbaycanın qiymətli kağızlar  bazarı maliyyə alətləri ilə inkişaf etmiş ölkələrdəki kimi zəngin olmasa da, ölkəmizdə yatırım etmək üçün maraqlı sahələr var.

Hazırda Bakı Fond Birjasında 1600-ə yaxın şirkət və müəssisələrin səhmləri, eləcə də 20-yə yaxın şirkətin istiqrazları dövr edir. Bundan başqa, bazarda Maliyyə Nazirliyinin qısa və uzunmüddətli istiqrazları, Mərkəzi Bankın notları da yerləşdirilir. Qeyd edək ki, AMB-nin notlarına banklar yatırım edə bilərlər.

Amma bu kağızların hamısı eyni dərəcədə gəlirli və etibarlı deyil. «PSG Kapital» investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli FED.az-a bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən etibarlı və az risk daşıyan qiymətli kağızlar dövlət qiymətli kağızları hesab olunur: «Məsələn, bir neçə gün əvvəl sentyabrın 18-də Maliyyə Nazirliyinin 6 ayıq qısü muddətli istiqrazları illik 7,4% gəlirliliklə yerləşdirilib. Gəlir səviyyəsi aşağı olsa da, etibarlığı yüksək olduğuna görə, investorların bu kağızlara marağı böyük olub. Belə ki, 10 milyon manatlıq istiqraz üçün 51 milyon manatlıq sifariş gəlib».

Amma investorların marağı üçün etibarlılıq kifayət deyil, kağızarın gəlirliyi də yüksək səviyyədə olmalıdır. Məsələn, digər dövlət qurumu olan İspoteka və Kredit Zəmanət Fondunun qiymətli kağızları etibarlı olsa da, gəlirliyi olduqca aşağıdır – illik cəmi 3%. Məhz bu səbəbdən həmin kağızlara tələb də aşağı olub – 23 illiyə buraxılan 20 milyonluq kağızlara cəmi 21 milyon manat sifariş daxil olub.

Cəfər İbrahimli bildirir ki, dövlət şirkətlərinin istiqrazları, korporativ istiqrazlar, bank əmanətləri və qızıl kimi alətlərin də risk dərəcəsi aşağıdır: «Qızıla bağlı olan maliyyə alətlərinin etibarlı olmasının əsas səbəbi isə ona təkcə subyektlər deyil, dövlət tərəfindən də yığımın edilməsidir».

Riskli maliyyə alətləri isə səhmlərdir. Ekspert bildirir ki, «düzdür, səhmlər bizə daha çox gəlir verə bilər, amma unutmayaq ki, bura yatırım zərərlə də nəticələnə bilər. Səhmlərdən də riskli olanı marja əməliyyatlarıdır, çünki onlara daha az limit verilir».

C.İbrahimlinin sözlərinə görə, səhm və ya istiqraz almaq üçün xüsusi məhdudiyyət yoxdur. Daxili bazarda 2 manata da səhm almaq olar, istiqraz üçün isə bu məbləğ 100 AZN təşkil edir. Ama xarici birjalarada vəziyyət fərqlidir, belə ki “avrobond” almaq üçün minimum 200 min dollar tələb olunur.

Ekspert həm gəlirliyi yüksək, həm də riski az olan qiymətli kağızlara SOCAR istiqrazlarını misal göstərir. Xatırladaq ki, SOCAR istiqrazları dollarla illik 5% gəlir gətirir. Bu kağızlar dollarda olduğundan bura yatırılan pullar bütün məzənnə dəyişikliyi risklərindən qorunur. İstiqrazlar üzrə faiz ödənişi hər 3 aydan bir ödənilir, ən əsası, ölkədə ilk dəfə tətbiq edilən SOCAR zəmanəti vasitəsilə bu istiqrazları dərhal satıb pula çevirmək olur. Məhz bura görə, hazırda bu kağızlara böyük tələbat var və onların qiyməti yüksəkdir.

C.İbrahimli bildirir ki, «Metak» şirkətinin və bank olmayan kredit təşkilatlarının (BOKT) istiqrazlarının risk səviyyəsi də aşağıdır. Qeyd edək ki, hazırda qiymətli kağızlar bazarında METAK-ın manatlı buraxılmış və illik gəlirliyi 12 və 14% olan iki istiqrazı dövr edir: «Ölkədə hazırda çoxlu BOKT-lar fəaliyyət göstərir onlardan ən etibarlısı “Finex” BOKT-dur. Həmin təşkilat artıq 7-8 ildir ki, mütəmadi olaraq öz istiqrazlarını satışa çıxarır və öhdəliklərini tam yerinə yetirir».

Səhmlərə gəldikdə isə ölkədə 1600-ə yaxın səhmdar şirkət fəaliyyət göstərir. «Bunlardan ən etibarlısı əvvəldə qeyd etdiyimiz kimi bank sektorudur ki, bunlardan Azərbaycan Beynəlxalq Bankının səhmləri daha etibarlıdır. Şirkətlərdən isə “Holcim” şirkətinin səhmlərini misal göstərmək olar», - deyə C.İbrahimli vurğulayıb.

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz