23 sentyabr 2018 21:56

Dünyanın ən yaxşı yük maşını məlum oldu – TÜRKİYƏDƏ YIĞILIR

Bu il dünyanın ən yaxşı yük avtomobili adına «Ford F-Max» ağır yük maşını layiq görülüb.

FED.az xəbər verir ki, «Ford»un bu yarışda qələbəsi barədə Almaniyanın Hannover şəhərində keçirilən  kommersiya avtomobillərinin sərgisində məlumat verilib.

«Ford»un qələbəsi ona görə maraqlıdır ki, bu şirkət yük avtomobilləri üzrə dünyanın tanınmış 8 şirkəti sırasında deyil. Həmin şirkətlər Avropa nəhəngləri - Mercedes-Benz, MAN, DAF, Iveco, Scania, Volvo və  Renault-dur.

«F-Max» yük avtomobili həcmi 12,7 litr, gücü 500 at gücü olan turbodizel mühərrikinə malikdir. Avtomobil 12 pilləli «ZF TraXon» sürət qutusu ilə işləyir. Artıq məlumdur ki, yeni avtomobillər Türkiyədə yığılacaq və zəngin komplektasiyaya malik olacaq. Hələlik maşının qiyməti açıqlanmır, amma dəqiqdir ki, rəqiblərindən baha olmayacaq, əksinə bir qədər ucuz ola bilər.

«İlin yük avtomobili» mükafatı hər il Avropanın peşəkar avtomobil jurnalistləri arasında keçirilən sorğuda müəyyən olunur. Ötən il bu mükafatı «DAF XF/CF» markası almışdı. Ford şirkəti isə bu mükafata axırınca dəfə 1982-ci ildə «Cargo» modelinə görə layiq görülmüşdü.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz