21 sentyabr 2018 17:30

Gürcülər Bakıda təlim keçir - "MƏSAFƏSİZ ÖZƏLLƏŞDİR"    

Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyinin 6 nəfərlik nümayəndə heyəti  sentyabrın 21-də  Azərbaycana təlim səfərinə gəlib. Təlimin məqsədi dövlət əmlakının idarə edilməsi və özəlləşdirməsi, eləcə də əmlak idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin gürcü mütəxəssislərə təqdim edilməsidir. Qonaqlar üçün Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları Mərkəzində təlim-seminar keçirilib. Tədbir çərçivəsində özəlləşmə sahəsində müxtəlif təqdimat və çıxışlar olub.

Komitədən FED.az-a verilən məlumata görə, qonaqlara Prezident cənab İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində komitənin  yeni metodların və yanaşmaların tətbiqini genişləndirdiyi bildirilib. Eyni zamanda ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli Fərmana əsasən də özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir.

Daha sonra dövlət əmlakının idarəedilməsi, özəlləşmə sahələrinə aid təqdimatlar olub. Bildirilib ki, dövlət əmlakının idarəçiliyi və özəlləşməsi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

İri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılmışdır. Burada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır. Hazırda bazada 20-dən çox dövlət müəssisəsinin məlumatları yerləşdirilib.

Özəlləşmənin keyfiyyətcə yeni mərhələsi olan Elektron hərracın tətbiqi ilə dövlət əmlakına sahib olmaq “Məsafəsiz özəlləşdir” formatı əsasında aparılır. Sistemin əsas üstünlüklərindən biri vətəndaşın sifarişçi qismində qatılmadan da hərracın gedişatını real vaxt rejimində, onlayn izləmək imkanın olmasıdır. Qeyd edilməlidir ki, hərraclarda qeydiyyatdan keçmək, əmlaka dair sifariş vermək elektron şəkildə aparılır. Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 68 elektron sifariş qəbul olunub. 11 vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb.  Ümumilikdə isə cari il ərzində 150-dən çox hərrac keçirilib.

Vurğulanıb ki, sərmayəçilər hərraca çıxarılan dövlət əmlakları ilə virtual tanış olmaq imkanına malikdir. Belə ki, "Özəlləşdirmə portalında" hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Artıq portala baxış sayı 2 milyona yaxınlaşıb.
Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır.

Bildirilib ki, torpaqların elektron kadastr uçotu 4,2 milyon hektara yaxın ərazini əhatə edəcəkdir. Bu günə qədər 3 milyon hektara yaxın sahənin elektron kadastr uçotu aparılıb. Həmçinin, 24 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 10 rayonda uçot işlərinin real şəraitdə tətbiqi mexanizminə başlanılıb.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində də əlçatanlıq artırılır, prosedurlar sadələşdirilir. Artıq çıxarışları 1 iş günü müddətində də almaq mümkündür.

Qeyd edək ki, təlim 2 gün davam edəcək. 


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz