Məlum olduğu kimi, hazırda bir çoxlarını maraqlandıran, hətta demək olar ki, ümumi bir problem kimi formalaşan məsələlərdən biri də zaminlik və onun gündəlik həyatımızda yaratdığı mənfi nəticələr olmuşdur. Qeyd olunan məsələnin aktuallığını nəzərə alaraq “Ensis” Hüquq Şirkətinin əməkdaşı, həmçinin Vəkillər Kollegiyasının üzvü Vüqar Heydarov tərəfindən hazırlanmış və zaminliklə bağlı yaranan bir çox sualın cavabını verən məqaləni diqqətinizə çatdırırıq.
1. Zaminlik nədir?
Qanunvericiliklə əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri də zaminlikdir. Zaminlik üzrə öhdəliyinin yaranması üçün ilk öncə tərəflər arasında müvafiq yazılı formada bağlanmış zaminlik müqaviləsinin olması mütləqdir. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür.
Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər.
Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Yəni, əsas (təmin olunan) öhdəliyin etibarsızlığı zaminliyin etibarsızlığına səbəb olur. Zaminlik müqaviləsinin etibarsızlığı isə, əksinə, əsas öhdəliyin etibarsız hesab edilməsinə dəlalət etmir.
Zaminlik birtərəfli, konsensual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin qanunvericilikdə zaminin göstərdiyi xidmətə görə borcludan haqq almaq hüququ var. Əgər müqavilədə bu nəzərdə tutularsa onda zaminlik əvəzli olmuş olur.
Zaminlik müqaviləsi zaminlə kreditor arsında yaranan münasibətləri tənzimlədiyindən borclu tərəfindən imzalanmasına ehtiyac yoxdur. Lakin təcrübədə borclu, zamin və kreditor tərəfindən imzalanmış zaminlik müqaviləsinə də rast gəlmək olur. Belə müqavilə özündə iki müqavilənin elementini birləşdirir: zaminliklə bağlı xidmət göstərilməsi barədə müqavilənin; zaminlik müqaviləsinin. Buna görə də göstərilən müqavilə qarışıq (kompleks) müqavilə xarakterinə malik olur.
2. Zamin dururamsa hansı öhdəlikləri götürmüş oluram?
Mülki qanunvericilik zamin duran şəxsin məsuliyyətinin iki növünü müəyyən edir.
- Subsidiar məsuliyyət
- Birgə məsuliyyət
Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
Zaminliyin ikinci formasında isə ümumi qaydaya görə, borclu və zamin kreditor qarşısında birgə (solidar) məsuliyyət daşıyırlar. Kreditorun ixtiyarı var ki, o, öhdəliyin icrasını öz arzusu ilə həm borcludan, həm də zamindən tələb etsin. Bankların və kredit təşkilatlarının istifadə etdiyi zaminlik müqaviləsinin hamısı demək olar ki zaminin birgə məsuliyyətini nəzərdə tutur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu, o deməkdir ki, zaminlik öhdəliyi üzrə zaminin kreditor qarşısında öhdəliyi borclunun əsas (təmin olunan) öhdəlik üzrə öhdəliyi ilə həcm etibarilə bərabər olub, üst-üstə düşür. Bu halda əsas öhdəlikdən (borcdan) əlavə, zamin kreditora ödəməlidir: faizləri; borc tutulması üzrə məhkəmə xərclərini; borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzini; dəbbə pulunu.
3. Zamin götürdüyüm şəxs krediti ödəməsə və ya gecikdirsə nə baş verir?
Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə bu zaman bank zaminə qarşı tələb irəli sürə bilər. Elə hallar olur ki, bank zaminə xəbərdarlıq etmədən onun əmək haqqı kartından kredit ödənişini birtərəfli qaydada silir. Bu o halda olur ki, zamin rəsmi olaraq işləyir və əmək haqqı kartı zamin durduğu borclunun kredit götürdüyü bankdadır. Bəzən də elə olur ki, vəsait silinmir amma bank tərəfindən kart blok edilir. Adətən bank zaminlik müqaviləsi bağlayarkən belə bir müddəa əlavə edir ki, əgər kredit ödənişi gecikdirilərsə kreditorun hüququ var ki, akseptsiz qaydada zaminin əmək haqqından kredit ödənişini tutsun. Belə bir bənd yoxdursa bankın qeyd edilən hərəkətləri qanunsuzdur və məhkəmə qaydasında iddia qaldıraraq tutulmuş məbləği geri tələb etmək olar. Hazırkı praktika belədir ki, əgər kredit ödənişində gecikmə olarsa bank ilk olaraq borcluya zəng edərək kreditin ödənişinin gecikdirildiyini və ödəniş etməyi bildirir. Əgər borclu ödəniş etməzsə bu zaman bank zaminə zəng edərək borcun ödənilmədiyi və gecikmədə olması barədə məlumat verir. Bəzən elə olur ki, borclu zaminin təsiri ilə banka ödəniş edir. Zənglərin bir nəticəsi olmazsa bu zaman bank borcun ödənilməsi üçün borcluya və zaminə yazılı müraciət edir və qeyd edilmiş müddət ərzində ödəniş olunmadığı halda məhkəməyə müraciət edəcəyini bildirir. Əgər bank məhkəməyə müraciət edərsə işə məhkəmədə əmr və ya iddia icraatı qaydasında baxılır, müvafiq məhkəmə aktı qəbul edilir və tərəflərə göndərilir. Məhkəmə əmri rəsmi qaydada verildiyi gündən 10 gün ərzində etiraz edilməzsə, məhkəmə qətnaməsi isə rəsmi qaydada verildiyi gündən 1 ay ərzində şikayət verilməzsə qanuni qüvvəyə minir və icra edilməsi üçün icra şöbəsinə göndərilir. Qanunvericilikdə zaminə qarşı tələb irəli sürmək üçün müddətlər nəzərdə tutulub. Həmin müddətlər bitərsə və bu müddət ərzində kreditorun zaminə qarşı iddiası olmazsa zaminlik müqaviləsinə xitam verilir.
- Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda;
- Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda;
- Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda.4.
4. Zamin durduğum şəxs ölərsə nə baş verir?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu MM-in 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixində qərar qəbul edib. Qərarda deyilir ki, MM-in 470-ci, 472-ci, eləcə də, 1146-cı, 1255-ci və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də, miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Suala cavab olaraq deyə bilərik ki, borclu ölərsə zaminliyə xitam verilmir, kreditorun tələbi zaminə və borclunun vərəsəsinə (əgər varsa) qarşı irəli sürülür.
5. Zamin durmuşam amma rəsmi iş yerim yoxdur məndən pul tutula bilərmi?
İcra Haqqında AR Qanununa (bundan sonra İH Qanun) əsasən icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və İH Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
Məcburi icra tədbirləri aşağıdakılardır:
1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;
5. İH Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
Göründüyü kimi məcburi icra tədbirləri ilk olaraq borclunun əmlakına yönəldilir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.Tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələb borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilir. Əgər borclu (yəni zamin) rəsmi olaraq işləmirsə və adında heç bir əmlakı yoxdursa bu zaman icra məmuru onun faktiki ünvanına baxış keçirir və borcu ödəmək imkanının olub-olmadığını müəyyənləşdirir. Bununla bağlı ayrıca akt tərtib edir və icra qurumunun rəhbəri tərəfindən bu akt təsdiqlənir. Borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır.