18 sentyabr 2018 17:27

Aərbaycan yük maşınları üçün icazələrin - SAYINI ARTIRIR

Kişinyovda  Azərbaycanla Moldova arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Moldova Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib.

Yelena Koçkovski Moldova Respublikasında son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Moldova ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat infrastrukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.

Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Moldova avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin  artırılması barədə tərəflər razılığa gəlib.

Sonda əməkdaşlığa dair Protokol imzalanıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz