14 sentyabr 2018 23:16

Mərkəzi Bank “Blockchain” texnologiyasına başlayır

Mərkəzi Bankda Blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılmasına başlanılıb. 

FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, sistemin qurulması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanıb.

üqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanmış və plan üzrə işlərin realizasiyasına start verilmişdir. Bu sahədə aparılan işlərin davamı olaraq, Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə 11-12 sentyabr 2018-ci il tarixlərində müvafiq görüşlər keçirilib.

Görüşlər zamanı “Blockchain” texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilmiş və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılmışdır.

Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcəkdir.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz