14 sentyabr 2018 21:15

Qanunsuz evlərlə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək  

Əmlak Məsələləri Dövlət Komitəsi mühafizə zonalarında tikilən evlərlə bağlı kadastr planlarının hazırlanması üçün Nazirlər Kabinetinə müraciət edəcək.  

FED.az xəbər verir ki, bu barədə Komitənin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev məlumat verib. 

Direktor bildirib ki, məsələnin birgə araşdırılması üçün komissiyaların yaradılması təklif olunub: 

"Strateji obyektlərin mühafizə zonalarında tikilən evlər ən ciddi problemlərdən biridir. Ötən dövr ərzində ölkənin strateji obyektlərinin və kommunikasiya xətlərinin, yəni yüksək gərginlikli elektrik xətlərinin, neft-qaz kəmərlərinin, dəmir yolu, avtomobil yolu, rabitə xətləri, su kəmərlərinin mühafizə zolaqlarında  çoxlu sayda fərdi yaşayış evləri, sosial, ticarət, sahibkarlıq və digər təyinatlı tikintilər aparılıb. Hər an təhlükə mənbəyi olan, eləcə də ölkənin təhlükəsizliyinə xələl gətirən belə halların vaxtında aradan qaldırılması barədə aidiyyəti təşkilatlara müraciətlər edilib. Həmin məsələlərin müzakirə olunması və birgə araşdırılması  məqsədi ilə komissiyaların yaradılması təklif olunub".

M.Heraçiyev mühafizə zonalarında yerləşən torpaqların idarə edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: 
 
"Bu torpaqların idarə edilməsi birbaşa kommunikasiya fəaliyyətini həyata keçirən orqanlara, şirkətlərə məxsus olduğu üçün mübarizəni də ilk növbədə, həmin qurumlar aparmalıdır. Eyni zamanda qanunsuz tikililərin ləğv edilməsini, sakinlərin köçürülməsini və yaxud kommunikasiya xətlərinin yerinin dəyişdirilməsini də onlar özləri həyata keçirməlidirlər". 

Agentliyin rəhbərinin sözlərinə görə, bunun üçün lk növbədə, həmin torpaqların kadastr işləri görülməli, kadastr planları hazırlanmalıdır.

"Koordinatlar dəqiqləşməlidir. Mühafizə zolağına düşən torpaqlarda nə qədər qanunsuz tikilinin olması həmin planda əksini tapmalıdır. Kadastr planı gələcəkdə baş verən dəyişikləri izləməyə, nəzarət etməyə imkan verəcək. Təəssüf ki,  həmin qurumların mükəmməl kadastr planları hələki yoxdur. Bununla bağlı biz yenidən Nazirlər Kabinetinə müraciət edəcəyik ki, onlar bu kadastr planlarını hazırlasınlar".


 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz