14 sentyabr 2018 20:35

Təhsil haqqı borcu olan tələbələrə - ŞAD XƏBƏR   

Sentyabrın 17-də “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyasına başlayacaq.

FED.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, mövsümdə təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulur.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.
Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://www.maarifci.az) verilib. 

Müraciətlər oktyabrın 19-dək davam edəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu 14 ali təhsil müəssisəsini əhatə edir. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beş elan sessiyası keçirıb. Bu müddətdə fonda daxil olan elektron müraciətlər əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 201 təhsil krediti müqaviləsi imzalanıb.



 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz