12 sentyabr 2018 20:51

Bakıda 130-a yaxın iş adamının iştirakı ilə - BİZNES FORUM


Sentyabrın 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

FED.az xəbər verir ki, Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən Şahin Mustafayev komissiyanın növbəti iclasının Çexiyada keçiriləcəyini, Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanlarının da araşdırılacağını bildirib.

Sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.
Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Çexiya arasında müxtəlif sahələri, o cümlədən iqtisadi sahəni əhatə edən 25 sənəd imzalanıb və hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir.
“Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2 mlrd. dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediblər. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2,4 dəfə, 2018-ci ilin yanvar-iyun ayları ərzində 2,1 dəfə artıb. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i Azərbaycanın payına düşür.
“Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda yük maşınlarının yığılması barədə əməkdaşlığa dair Memorandum imzalanıb və hazırda bu sahədə hazırlıq işləri davam etdirilir”.

Marta Novakova nazir kimi ilk səfərinin Azərbaycana olmasından məmnunluğunu bildirib. Azərbaycanın Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən M. Novakova sənaye, əczaçılıq, kimya, birgə müəssisələrin yaradılması və digər sahələrdə geniş əməkdaşlıq imkanlarını, bu günkü biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb, çex şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. 
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz