Bakı Nəqliyyat Agentliyi paytaxtda daha 6 marşrut xəttini müsabiqəyə çıxarıb. Agentlikdən FED.az-a verilən məlumata görə, 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Agetlik bu addımını adı çəkilən marşrutlarda şikayətlərin çoxluğu və xidmət səviyyəsinin aşağı olması ilə izah edir: «Daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətləri üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır».
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.
Qeyd edək ki, indiyədək marşrut xətlərini işlətmək o qədər də gəlirli biznes sayılmırdı, gediş haqqının 20 qəpik olması şəraiində iş adamları tələblərə uyğun olan müasir, yəni bahalı avtobuslar əldə etməli idilər.
Ona görə də son vaxtlara qədər marşrutlarla bağlı müsabiqələrə maraq göstərən yox idi və əksər marşrutları «Baku Bus» özü işlətməli olurdu.
Bu halın özü Bakıda gediş haqqının artırılması üçün səbəblərdən biri kimi gösərilirdi. Amma avqustun 1-dən etibarən gediş haqqının 20 qəpikdən 30- qəpiyə qaldırılması vəziyyəti dəyişib. Hər halda agentlikdə ümid edirlər ki, bu dəyişiklik iş adamlarının marşrut biznesinə marağını artıracaq.
Gediş haqlarının artımından sonra ilk dəfə elan edilən budəfəki müsabiqə və onun nəticələri iş adamlarının bu sahəyə münasibətinin necə dəyişdiyini də göstərəcək.
Bakıda daha 6 marşrut müsabiqəyə çıxarıldı – BİZNES İMKANI
11:40
17 Avq 2018