11 avqust 2018 14:29

"Gömrükdə məndən artıq pul aldılar" - KOMİTƏDƏN CAVAB- TAM MƏTN

Ötən gün bəzi internet resurslarında gömrük orqanları, xüsusilə də Avtonəqliyyat Baş Gömrük İdarəsi haqqında Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlunun prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və DGK-nin sədrinə ünvanlanan məktubu yayımlanıb.  FED.az xəbər verir ki, həmin şəxs gömrük xidmətini onu xaricdən gətirdiyi avtomobilə görə, artıq rüsum hesablamaqda iitham edib. Belə ki, C.Abıyev avtomobilin invoys qiymətini 4800 dollar göstərsə də, gömrükçülər bu rəqəmin 8000 dollar olduğunu əsas götürərək, rüsumları da bu rəqəmə əsasən hesablayıblar. Məktubda deyilir:   

"Hörmətli Prezident!
Diqqətinizə çatırmaq istəyirəm ki, mən Masallı rayon sakini hal hazırda Bakıda yaşayan Abıyev Cəlal Hamlet oğlu qonşu dövlət olan Gürcüstan Respublikasından 11.06.2018-ci il tarixində Azərbaycan Respublikasına 2012-ci il buraxılış olan “Hundai Sonata” markalı 2.0 mator gücündə avtonəqliyyat vasitəsini 4800 dollar vəsait xərcləyərək gətirmişəm. Hər bir vətəndaşın qanuni hüquqlarından istifadə haqqı olduğu kimi məndə hüquqlarımdan istifadə edərək Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin inzibati binasında quraşdırılan Dövlət gömrük xidmətləri olan aparat vasitəsi ilə qeydiyyata alınması üçün ödəyəcəyim məbləği hesabladıqdan sonra, idarə rəhbərinin qəbulunda oldum. 
Cənab Prezident! 
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə görüşüb nəqliyyat vasitəmi qeydiyyata salmaq istədiyimi və DGK tərəfindən quraşdırılan aparatlarda məhz ödəməli olduğum məbləğin 6867 manat 91 qəpik təşkil etdiyini qeyd etdim. DGK ABGİ-nin rəisi H.Həsənli isə cavabında mənim yalan danışdığımı iddia edərək mənim avtomobili 4800 USD qiymətinə deyil, 2012 il buraxılışı olan “Hundai Sonata” DGK rəsmilərinin verdiyi Gürcüstan bazar qiyməti 8000 USD olaraq göstərilməkdədir. Və buna görə, yenidən hesablama aparan H.Həsənli mənim 6867.91 manat deyil 7900 azn vəsait ödəməli olduğumu və bu məbləği ödəməyəcəyim təqdirdə avtonəqliyyatımın qeydiyyata götürülməyəcəyi vurğulandı. Məcburiyyət qarşısında qalaraq 7900 azn ödəyərək avtomobilimi qeydiyyata qoydum. Amma məcburiyyətlərdən gömrük idarələrində süründürməçiliklə üz-üzə qalmaqdayıq. Cənab İlham Əliyev sizdən artıq dərəcədə xahiş edirəm ki, DGK Avtonəqliyyat Baş Gömrük İdarəsində şəxsimə qarşı hüquqlarımın kobud şəkildə pozularaq məcburiyyətdən ödədiyim 1033 azn məbləğin mənə geri qaytarılması üçün lazımi qurumlara göstəriş verəsiniz. 
Cənab Prezident!
Dəfələrlə çıxışlarınızdada qeyd etmisiz ki, məmurlar tərəfindən qanunsuz olaraq hüquqları pozulan şəxslər hər bir vasitə ilə mənə bu barədə xəbər çatdırmağa cəhd etsinlər. Məndə Azərbaycan Respublikasının vətəndaşı və qanunun aliliyini qoruyan Ali Baş komandanımızın çıxışına etimad göstərərk sizi narahat etməkdəyəm. Bir vətəndaş olaraq ölkədə baş verən qanunsuzluğun sizin diqqətinizə çatması üçün gecə gündüz buna nə qədər vaxt gərəklidirsə sərf edərək Gömrük idarələrində baş verən özbaşınalıqla bağlı məlumatları sizlərin diqqətinə çatdıracağam".

 

Bu gun isə DGK-nin bu məktuba cavabı yayılıb. Komitə bildirir ki, bu ilin iyun ayının 11-də Abıyev Cəlal Hamlet oğlu xaricdən gətirdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Avtonəqliyyat Baş Gömrük İdarəsinə müraciət edib. Rəsmiləşdirilmə üçün təqdim edilən sənədlərin araşdırılması prosesində risk analizlərinə əsasən avtomobilin gömrük dəyərinin aşağı göstərildiyi müəyyən edilib. Bu barədə Abıyev Cəlal Hamlet oğlu ilə qanunvericiliyə uyğun olaraq müvafiq izahat işləri aparılıb. Gömrükçülərin haqlı tələblərinə etiraz etməyən Cəlal Abıyev dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarının bank vasitəsilə ödənişini həyata keçirib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Abıyev Cəlal Hamlet oğlunun yazdığı bildirilən məktubda irəli sürülən iddialar tamamilə əsassızdır və aparılan araşdırmalar nəticəsində bütün gömrük əməliyyatlarının şəffaf, asan və sürətli şəkildə həyata keçirildiyi məlum olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz