İranda dolların məzənnəsinin yüksəlməsi buradakı malların qiymətinin dollar və manat ifadəsində kəskin aşağı düşməsinə səbəb olub. FED.az xəbər verir ki, yaranmış vəziyyətdə İranla sərhəd rayonlarının sakinləri ucuzlaşmış malları almaq üçün İrana axışmağa başlayıblar.
İranda dolların məzənnəsi yendən rekord həddə çatıb. FED.az xəbər verir ki, dünən, iyulun 31-də günorta saatlarında İranın qara bazarında 1 ABŞ dollarının məzənnəsi 120 min rial olub. Bu o deməkdir ki, son iki gün ərzində amerikan valyutası 30%-ə yaxın bahalaşıb.
Qeyd edək ki, hələ 2-3 gün əvvəl İranda dolların məzənnəsi 100 min rialı keçmiş, iyulun 30-da isə 110-115 min riala bərabər olmuşdu. Bahalaşmanın əsas səbəbləri ölkədəki iqtisadi böhran və ABŞ-ın İrana qarşı təqribən bir həftə sonra qüvvəyə minəcək yeni sanksiyalarıdır.
Vəziyyət o qədər kəskinləşib ki, ABŞ prezidenti Donald Trampın İran haqqında istənilən bəyanatı İranda dolların məzənəsinə təsirini göstərir. Belə ki, FED.az-ın xəbərinə görə, bir gün əvvəl Trampın İran prezidentinə görüş təklifindən sonra rialın məzənnəsi bir qədər artıb və dollar 115 min rialdan əvvəlcə 110 min riala, daha sonra isə bir qədər də geriləyərək 105 min riala düşüb. Amma sonradan dollar yenidən kəskin bahalaşaraq 120 min riala yüksəlib.
Hələlik isə İranda dolların kəskin bahalaşması nəticəsində Azərbaycan manatı da rial qarşısında güclənib. FED.az xəbər verir ki, hazırda bir manat 70-75 min riala dəyişdirilir. İki ay əvvəl isə bu rəqəm 30-35 min manat idi. Başqa sözlə, 50 manata 375 min İran rialı dəyişdirilir. lı İran rialının manat qarşısında dəyərdən düşməsi İranda bəzi malların qiymətini manat ifadəsində kəskin aşağı salıb. Nəticədə İranla sərhəd zonasında yaşayan rayonlardan İrana axın başlayıb. Sərhəd və ətraf rayonların sakınləri İrana səfər edərək, burada manatla kəskin ucuzlaşmış mallardan mümkün qədər çox alağa çalışırlar. Hazırda Astara keçid məntəqəsindən İrana ən çox Astara, Lənkəran, Cəlilabad, Masallı və Biləsuvar sakinləri keçir.
Qeyd edək ki, qaydaya görə, hər bir vətəndaş İran tərəfindən Azərbaycana gün ərzində 30 kiloqramadək ərzaq və 20 kiloqrama qədər qeyri-ərzaq malı gətirə bilər.
Yerdi sakinlər İrandan ucuz malları gətirmək və bu imkandan istifadə etmək üçün kütləvi surətdə sərhədə üz tutaraq ərzaq və qeyri-ərzaq malları gətirirlər.
FED.az-ın məlumatına görə, fasiləsiz rejimdə işləyən təkcə Astara keçid məntəqəsindən İran tərəfinə gündə 1500-1700 nəfər keçir ki, bu da əvvəlki dövrlərdən 5-6 dəfə artıqdır.
Ərzaq qismində İrandan ən çox pendir, kərə yağı, qənd, düyü, xurma və digər mallar gətirilir. İranda qiymətlər o qədər enib ki, məsələn, 1 manata İran tərəfdə bir kiloqram toyuq almaq mümuündür. Müqayisə üçün bildirək ki, Azərbaycanda broyler toyuqlarının kiloqramının qiyməti 4-4,5 manat ətrafındadır. Amma şahidlər deyir ki, gömrük məntəqəsi ölkəyə İrandan toyuq əti buraxmır. Buna səbəb kimi Kənd Təsərrüfatı Nazirliyinin İranda guya quş qripinin olması ilə bağlı xəbərarlığı göstərilir.
Qeyri ərzaq mallarına gəlincə, FED.az bildirir ki, hazırda İrandan ən çox parfümeriya, yuyucu tozlar, kiçik xalçalar, sabunlar, ev və məişət əşyaları alıb gətirilir. Bir sıra maraqlı məhsullar da var ki, İranda həddən artıq ucuzdur. Məsələn, rezindən hazırlanmış və Azərbaycanda qiyməti 50 manatdan başlayan süni hovuzlar İranda cəmi 7 manata satılır. Sakinlər bunlara dəstə-dəstə alıb gətirirlər.
Azərbaycanlılar İrandan kütləvi surətdə qızıl da alırlar. Dolların qiyməti kəskin artsa da, qızılın qiymətində artım o qədər də böyük olmayıb. Nəticədə hazırda Azərbaycada qızılın xammal («lom» ) qiyməti 35 manat olduğu halda, İranda bu qiymət 27-28 maat arasındadır və yerli sakinlər mümkün qədər çox qızıl almağa çalışırlar.