19 iyul 2018 11:35

DSMF-nin gəlirləri artıb

Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 85,53 milyon manat və ya 4,7 faiz artaraq 1907,91 milyon manata çatıb.

FED.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz və ya 88,18 milyon manat artaraq 1093,74 milyon manat təşkil edib və bu sahədə yarımillik proqnoza 103,6 faiz əməl olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən büdcə təşkilatları üzrə daxilolmalar 7,9 faiz və ya 29,46 milyon manat çoxalaraq, 402,34 milyon manat olub və nəticədə bu bənd üzrə proqnoz 104,6 faiz icra edilib. Müqayisə dövründə qeyri-büdcə sektoru üzrə isə Fonda daxilolmalar 9,3 faiz və ya 58,72 milyon manat artaraq 691,4 milyon manat olub. Həmin sektordan daxilolmalar sosial sığorta haqları üzrə daxilolmaların 63,2 faizini təşkil edib.

Qeyd olunan dövrdə qeyri-büdcə sektorunun tərkib hissəsi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (o cümlədən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərdən) keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 4,86 milyon manat çox vəsaitin toplanmasına nail olunub. Fondun sair gəlirləri (maliyyə sanksiyası, sanatoriya-kurort yollayışlarının qismən dəyəri) üzrə daxilolmalar da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,74 milyon manat və ya 21,57 faiz artıb.

Fondun gəlirlərinin artırılması, debitor borclarının azaldılması məqsədi ilə mərkəzləşdirilmiş elektron sərəncam qoyuluşları həyata keçirilib.

Cari ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artımı nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə Fondun xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayırmalardan 3,4 milyon manat (və ya 0,42 faiz) az istifadə edilib.

Fonda daxilolmalarının artım səviyyəsi pensiya və müavinətlərin hər ay vaxtında maliyyələşdirilməsinə imkan verib. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin