14 iyul 2018 11:50

Tac-Mahal dağılır: “Ya bərpa edin, ya da uçurun”

Hindistan Ali Məhkəməsinin hakimləri bildirib ki, Tac-Mahal bərpa olunmazsa, hökuməti onu sökməyə məcbur edəcəklər.

FED.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

“Hər il Eyfel qülləsini 80 milyon nəfər ziyarət edir. Bu, ondan daha gözəl olan Tac-Mahalı ziyarət edənlərin sayından 8 dəfə çoxdur. Vəzifəli şəxslərin məsuliyyətsizliyi səbəbindən ölkəmiz valyuta itirir”, - deyə, hakimlərdən biri vurğulayıb.

Hakimlər Hindistan hökumətin ünvanladıqları məktubda problemin həlli ilə bağlı 3 variant təklif ediblər: Tac-Mahalın bağlanması, onun bərpa edilməsi və uçurdulması.

Tac Mahal dünyanın yeni yeddi möcüzəsindən biridir. Hər il bu tarixi-mədəni abidəni 200 min nəfərədə turist ziyarət edir. 1983-cü ildə Tac –Mahal YUNESKO-nun Ümumdünay mədəni irs siyahısına daxil edilib.

Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsi sayılır.

Hindistanda Baburlular dövrünün memarlıq xarüqələri çoxdur və bunlar bu gün bütöv şəkildə durmaqda, seyr edənləri heyran qoyur. Bu gün Pakistanın ən çox turist cəlb edən yerlərindən biri olan Lahur sarayı, həmin şəhərdə dünyanın ən geniş və yaraşıqlı Padşah məscidi, Aqra, Dehli, Heydərabad və digər şəhərlərdəki saray və camelərin hər biri ayrılıqda bütöv memarlıq şah əsərləridir. Ancaq yer üzündə heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyildir.

Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi. Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yeməkdən, içməkdən qalmış, evdən eşiyə çıxmamışdı. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığı göründü.

Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm olmalı idi. Bunun üçün dünyanın ən böyük ustalarını tapacaq, xəzinəsini bu əsərə xərcləməyi onların ixtiyarına verəcəkdi. Bu məqsədlə İstanbuldan memarlar gətirtdi. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idi.

Məhməd İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədildi. Parlaq, ağ mərmərin incə mavi damarları da vardı. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də var.

Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılmış və 1650-ci ildə başa çatdırılıb. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.

Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları vahel edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı anlaşılır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin