27 iyun 2018 00:00

Azərbaycan ordusu necə yaranmışdı - TARİX

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. 

Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinetinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinet buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu.  Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi.
 
Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi çağırışın yerinə yetirilməsinə cəlb olunurdular.1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.
 
1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılar idi: 8 alaydan ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadası. Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi. Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi. Hər pulemyot bölüyünün tərkibində 8 pulemyot var idi. Bundan başqa, hər alayda bir süvari kəşfiyyat bölüyü, bir piyada kəşfiyyat bölüyü, bir istehkam bölüyü, bir rabitə-telefon bölüyü və bir qeyri-nizami bölük var idi. Alayların ştat tərkibi onların hamısında eyni deyildi. Süvari alayları üç süvari bölüyündən, pulemyot bölüyündən, təlim və rabitə komandalarından ibarət idi.
 
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı.1918-ci ilin sentyabrında Bakının Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri -"Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-cu il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəğan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi.
 
1919-cu il oktyabrın 1-də "Astrabad" hərb gəmisinin heyəti təsdiq edildi. Gəminin kapitanı vəzifəsinə azərbaycanlı mütəxəssis Kitabçızadə təyin edildi. "Ərdəğan" gəmisinin komandiri vəzifəsi isə kapitan Həsən Çilingərzadəyə tapşırıldı. Dekabrın 5-də "Qars" və "Ərdəğan" gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi komissiya yaradıldı. 1920-ci ilin əvvəllərində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75 mm-lik və 100 mm-lik toplarla təchiz edilmiş "Qars" və "Ərdəğan" hərb gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargin" köməkçi gəmiləri, "Orion" nəqliyyat gəmisi, silahlarla təchiz edilmiş "Puşkin" buxar gəmisi və bir neçə kater var idi. 

1920-ci ildə xaricdən saatda ən azı 23 dəniz mili sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlanmış 12 ədəd katerin, həmçinin sualtı qayıqlarla döyüş üçün nəzərdə tutulmuş, iki topla təchiz edilmiş, saatda 26-36 dəniz mili sürətilə hərəkət edən katerin alınması planlaşdırılmışdı.
Düşmən gəmilərinin dənizdən hücumlarının qarşısının alınması üçün mina düzən gəminin, çox da böyük olmayan 6 ədəd sualtı gəminin, mövcud hərb gəmilərinin döyüş imkanlarını artırmaq üçün müxtəlif çaplı 92 ədəd topun alınması da nəzərdə tutulmuşdu. Lakin Bakı əməliyyatı bu planların həyata keçirilməsinə imkan vermədi.

Hərbi-hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi. Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi.Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919-cu il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi. Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi.1919-cu il sentyabrın 14-də Aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi.
 
Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün hərbi nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı.Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də xarici işlər nazirliyinə məktub yazaraq, Aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət olunması imkanlarının öyrənilməsini xahiş etdi.Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləş məsi və Aprel işğalı (1920) hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.

Alim Məmmədov

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz