24 iyun 2018 12:15

200 manatlıq əskinas banklara - BAHA BAŞA GƏLƏCƏK

200 manatlıq əskinaslar may ayının 23-də tədavülə buraxılıb ki, bu da sabah yeni əskinasların artıq 1 aydır ki tədavüldə olmasından xəbər verir. “İri nominallı pulların dövriyyəyə buraxılması nağd pulun çəkisinin azaldılması ilə bağlıdır”. Bunu bir ay əvvəl keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Eləcə də Bax: Azərbaycanda ipoteka kreditlərini ən çox kimlər göürür? 

Onun sözlərinə görə, iri nominallı pulların dövriyyəyə buraxılması tələbin artması demək deyil: "200 manatlıq pullar dövriyyənin asanlaşdırılması, dövlət xərclərinin azaldılmasına xidmət edir. 200 manat həcmcə böyük ola bilər, amma 2 pul əvəzinə 1 pul işlənəndə xərclərə qənaət etmək olur. Böyük nominallı pulların makroiqtisadi dinamika, inflyasiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Hazırda nağd pulların çəkisi çoxdur. Biz araşdırma aparmışıq və məlum olub ki, nağd pulun böyük hissəsi biznes arasında hesablaşmalarda istifadə olunur. Bu da böyük nominallı pullara ehtiyac yaradır. Dövriyyənin də azaldılması üçün böyük nominallı pullar tələb olunur. Yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul edəcəyik. Bu proqramını məqsədi nağd pul dövriyyəsini şərtləndirən bütün problemlərin aradan qaldırılmasıdır. Bu proqramın qəbulu ilə qarşımızda 18 sahə üzrə prioritetlərimiz var. Bank sektorunda, ödənişlərdə, institusional sahədə olan problemlərin aradan qaldırılması prioritetlər arasındadır”.

E. Rüstəmov qeyd edib ki, banklar istədiyi həcmdə 200 manatlıq əskinas sifariş verə bilərlər: “Bunun üçün banklar 0,2 faiz tarif ödəyəcəklər. Daha aşağı əskinaslar üçün isə bu tarif 0,1 faiz həddindədir”

Eləcə də bax: «Səyahətə kreditlə getmək çox sərfəlidir» – BANKİRLƏ MÜSAHİBƏ

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 200 manatlıq pul nişanının tədavülə buraxılması ilə əlaqədar cari ilin 23 may tarixində Bakıda keçirilmiş təqdimatla eyni gündə ABŞ-ın Dallas şəhərində keçirilmiş beynəlxalq konfransda yeni pul nişanının geniş təqdimatı baş tutub.

Konfransda Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti yeni pul nişanının dizaynı və istehsalını həyata keçirmiş ABŞ-ın “Crane Currency” və Almaniyanın “Giececke+Devrient” şirkətləri ilə birgə 200 manatlıq pul nişanını konfrans iştirakçılarına təqdim edib.

Eləcə də bax: Saxta 100 dolları banka vermək istədi - POLİS SAXLADI

Azərbaycanın 200 manatlıq pul nişanı öz dizaynı və təhlükəsizlik konsepsiyasına görə ekspertlər tərəfindən ümumilikdə təqdim olunmuş 30 banknot içərisində ən yaxşı beş banknotdan biri kimi qiymətləndirilmiş və növbəti ildə Dubay (BƏƏ) şəhərində keçiriləcək beynəlxalq Nağd Pul Konfransında “Ən yaxşı dizayn və mühafizə sistemlərinə malik banknotlar” üzrə nominasiya müsabiqəsinə təqdim edilib (fins.az).

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin