23 iyun 2018 11:07

“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (“AmCham Azərbaycan”) üzv olub.

Nazirlikdən FED.az-a verilən məlumata görə, bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palata üzvlərinin “AzInTelecom”un təklif etdiyi unikal xidmətlər və bizneslər üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yönələn bu əməkdaşlıq, müxtəlif yönlü sosial-iqtisadi layihələrdə iştirak məqsədi daşıyır.

Azərbaycandakı Amerika Ticarət Palatasına üzvlük “AzInTelecom”a xarici təşkilatlarla əməkdaşlıq edərək ölkəmizin İT xidmətlərinin xaricə ixracı üçün perspektiv, tanınmış yerli şirkətlərlə daha yaxından tanış olaraq birgə fəaliyyət imkanlarını dəyərləndirmək, xarici bizneslərin uğurlu təcrübəsindən faydalanmaq və bir sıra digər imkanlar yaradır.

Bundan başqa, palata tərəfindən təşkil olunan brifinq və konfranslar, xüsusilə də İKT Komitəsinin işində fəal iştirak yerli bizneslə dialoq kanallarımızı artırmaqla fəaliyyətimizin effektivliyini çoxaltmağa şərait yaradacaq.

Qeyd edək ki, 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Xarici investisiyaların 80%-ni və yerli biznesin əhəmiyyətli hissəsini təmsil edən təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpü rolunu oynamaqdır.

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur (IaaS) və bulud xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına, istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.datamerkezi.az veb-saytlarından istifadə edə bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin