22 iyun 2018 14:57

Əhali yenidən maşın almağa başlayıb – 3 DƏFƏ ARTIM

Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında xaricdən Azərbaycana idxal olunan avtomobillərin sayı 7 294 ədəd olub.

Eləcə də bax: «Zəmanətli maşınların sahiblərini aldadırlar» - VARİANTLAR

Bunların 37-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobillər (yəni avtobuslar), 6 464-ü minik avtomobilləri, 743-ü yük avtomobilləri 50-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
 

  Yanvar-may, 2017 Yanvar-may, 2018 Artım
Ümumi say 2 657 7 294 2,7 dəfə
Avtobuslar 36 37 2%
Minik avtomobilləri 2 240 6 464 2,9 dəfə
Yük avtomobilləri 347 743 2,1 dəfə
Xüsusi təyinatlı avtomobillər 34 50 47%
 
Atomobillərin sayı ilə yanaşı, onların alınmasına sərf edilən məbləğlər də artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında xaricdən nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalına 334 milyon 454 min dollar xərclənib. Ötən il isə bu rəqəm 180 milyon 768 min dollar idi. Başqa sözlə, ötən illə müqayisədə avtomobillər və onların ehtiyat hissələri üçün xərclər 1,85 dəfə artıb. 
 
Amma müşahidələr göstərir ki, ötən illə müqayisədə bu il xaricdən nisbətən ucuz maşınlar gətirilir. Dövlət Gömrük Komitəsi avtomobillərin hər növü üzrə statistika açıqlamadığı üçün hesablamaları ümumi avtomobil sayı üzərində aparanda məlum olur ki, ötən ilin ilk 5 ayında ölkəyə idxal edilən bütün avtomobillərin orta qiyməti 68 min dollar təşkil edildisə, bu il orta qiymət 45,85 min dollar olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz