21 iyun 2018 12:53

«Sahibkara düşən 22%-i azaldacağıq» - AÇIQLAMA

Azərbaycanda sahibkarların vergidən yayınmasının əsas səbəbi vergi yükünün ağır olmasıdır. FED.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
 
Onun sözlərinə görə, hazırda ölkədə 1,2 milyon nəfər qeyri-formal, yəni sənədləşdirilmədən işləyir: «Bu o deməkdir 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək». Hadı Rəcəblinin sözlərinə görə, belə vəziyyətin səbəbi sahibkarların vergidən yayınmasıdır: «Sahibkarlar nəyə görə gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur, 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir, bizim fikrimiz belə oldu ki, burada bir düzəliş edək. Balanslaşdıraq, işə götürənin yükünü azaldaq. Sahibkar işçiləri sığortaya cəlb etsin, əks təqdirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək».
 
Qeyd edək ki, ölkədə sosial ödənişlərin ümumi dərəcəsi 25% təşkil edir. Formal olaraq bunun 3%-i işçinin, 22% isə işəgötürənin payına düşür. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, formal bölgüyə (3%+22%) baxmayaraq işçinin üzərinə düşən 3%-lik ödəniş də faktiki olaraq saibkardan və onun işçiyə ayırdığı vəsaitdən çıxılır.
 
Bu mənada FED.az hesab edir ki, sahibkarların işçiləri rəsmiləşdirməyə stimullaşdırmaq üçün onların payına düşən 22%-in deyil, ümumilikdə 25%-in azaldılmasına və ya bu sahəyə nəzarətin yüksəldilməsinə ehtiyac var.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz