13 iyun 2018 13:07

«Şopinq festival»da 34 milyon manatlıq alver olub

May ayında Azərbaycanda keçirilən «Şopinq festival»ına qatılan şirkətlər  müştərilərə təqribən 34 milyon manatlıq mal sata biliblər. Ticarətin 95%-i yerli müştərilərin payına düşüb.

FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, ticarət festivalı dövründə ümumi məbləği 33,736 milyon manat olan 45 035 elektron vergi hesab-fakturası (e-VHF) tərtib olunub.

Bunun 32,045 milyon manatı yerli vətəndaşların (42 497 e-VHF), 1,691 milyon manatı əcnəbilərin payına düşüb (2 538 e-VHF).

Tərtib edilmiş  e-VHF-dən 42 382-si ƏDV köşklərində təsdiq edilib və müvəkkil banklar tərəfindən 41 461 hesab-faktura üzrə 3 230 674,8 manat vəsait alıcılara qaytarılıb.

Bununla yanaşı, festival dövründə mal alarkən «Tax Free» siste¬mini seçmiş əcnəbilərə ümumi məbləği 1 858 097,8 manat olan 1133 elektron vergi hesab-fakturası verilib. Ümumiyyətlə, həmin dövr ərzində həm ticarət festivalı, həm də «Tax Free» sistemini seçmiş əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 3 548 828,4 manat olan 3.671 elektron vergi hesab-fakturası verilib.

Qeyd edək ki, mayın 1-dən 31-dək Bakı şəhərində keçirilmiş üçüncü Ticarət (Shopping) Festivalı əsasən altı iri ticarət mərkəzini əlahatə edib. Bunlar Nərgiz Mall, 28 Mall, Port Baku, Park Bulvar, Metro Park, Gənclik Mall və Bravo hipermarketidir. Bu mərkəzlərdə ƏDV köşkləri qurulub, burada ƏDV-nin qaytarılması prosesinə kömək edən əməkdaşlar çalışıb.

Nazirlik bildirir ki, ticarət festivalı dövründə ƏDV-nin qaytarılması məqsədilə satıcı kimi qeydiyyata alınmaq üçün 44 vergi ödəyicisi müraciət edib.

Həmin ödəyicilərə aid 268 təsərrüfat subyektinə vergi orqanında qeydiyyatdan keçmək üçün zəruri kömək göstərilib.

Ticarət festivalı zamanı «Unibank», «Bank VTB» (Azərbaycan), «AtaBank» və Azərbaycan Beynəlxalq Bankı müvəkkil bank kimi fəaliyyət göstərib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz