11 iyun 2018 16:12

«Tibbi və həyat sığortasını qarışdırırlar» - ŞİRKƏT RƏHBƏRİ

Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan  «Qala Həyat»  ilk 5 ay üzrə nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, bu gün şirkətdə təşkil edilən «Açıq qapı» günündə şirkət rəhbərləri «Qala Həyat»ın cari vəziyyəti və planları ilə bölüşüblər.

6,4 milyon manat sığorta haqqı toplanıb 

Şirkətin  idarə heyəti sədrinin müavini Natiq Həsənov bildirib ki, bu ilin yanvar-may aylarında şirkətin yığımları 6 milyon 439 min manat təşkil edib: «Yığımlar əsasən həyatın ölüm halından, həyatın yaşam sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindç əmək qabiliyyətinin itirilməsi sığortasının payına düşür». Bu dövrdə şirkətin ödənişləri 8 milyon 682 min manat olub.
 

Eləcə də bax: Azərbaycanda zərərsiz və itkisiz sığorta başladı – İLK DƏFƏ 

Artıq 9 bölgədə işləyirik

Şirkətin idarə heyətinin sədri vəzifəsini  icra edən Azər Əlizadə bildirib ki, hazırda bazarda çətin dövr olmasına baxmayaraq «Qala Həyat»a müştərilərin inamı və müştərilərin sayı artmaqdadır. Bu marağı qarşılamaq üçün şirkət ölkənin bütün regionlarında fəaliyyətini genişləndirir. Belə ki, bölgələrdə fəaliyyətə başlayan «Qala Sığorta» şirkətinin filiallarında «Qala həyat» məhsullarını da əldə etmək olar: «Artıq ölkənin 9 regionunda bölmələrimiz fəaliyyətdədir. Bir qədər əvvəl Tovuzda yeni bölmə işə düşüb».

Bankların 70%-i ilə əməkdaşlıq edir

Azər Əlizadənin sözlərinə görə, «Qala Həyat»ın məhsullarını əldə etmək üçün şirkətə və ya onun bölmələrinə getmək tələb olunmur, sığorta xidmətlərini «Qala Həyat»ın əməkdaşlıq etdiyi bankların filiallarında da almaq olar. Şirkət rəhbərlinin sözlərinə görə, hazırda «Qala Həyat» ölkə banklarının 70%-i ilə əməkdaşlıq edir.

Sığorta məhsullarının sayı artır

Sığorta bazarındakı dəyişiklikləri və müştərilərin marağını nəzərə alan şirkət bazara mütəmadi olaraq yeni məhsullar çıxarır. Təkcə bu il «Qala Həyat»ın 6 yeni məhsulu təqdim edilib, ilin sonunadək bunların sayının artması da gözlənilir.

Sığorta haqqını ikitərəfli hesablamaq mümkündür

Digər maraqlı yenilik isə sığorta kalkulyatorunun işə düşməsidir. Digər kalkulyatorlardan fərqli olaraq burada sığorta haqqının əks istiqamətdə hesablanması da mümkündür. Yəni müştəri ödəməyi planlaşdırdığı sığorta haqqına nə qədər sığorta öənişinin düşməsi ilə yanaşı, istədiyi sığorta ödənişi müqabilində nə qədər sığorta haqqı ödəməli olmasını da hesablaya bilir.

«Tibbi sığorta ilə həyat sığortasını qarışdırırlar»

Qeyd edək ki, Azərbaycanda həyat sığortası 2010-cu ildən tətbiq edilir. Amma təqribən 8 il əvvəl başlanmasına və bu sahədəki qanunvericiliyin kifayət qədər imkanlar yaratmasına baxmayaraq əhalinin böyük hissəsi hələ lə həyat sığortasından tam məlumatlı deyil. Hətta bəzi həyat sığortası növlərinin icbari olmasına baxmayaraq onlar tam gücü ilə işləmir. «Qala Həyat»ın rəsmiləri bildirir ki, bu vəziyyəti düzəltmək üçün əsas addım əhalinin və iş adamlarının maarifləndirilməsi olmalıdır: «Əhali həyat sığortasına tanımalı və onun üstünlüklərini anlamalıdır. Onun faydaların bildikdən sonra müştərilər ondan istifadə edəcəklər».

Şirkət rəsmiləri bildirir ki, əhalinin bu sahdəki məlumatlılığını şirkətə müraciətlərdən də anlamaq olur: «Bəziəri tibbi sığorta ilə həyat sığortasını qarışıq salır, elə hesab edirlər ki, həyat sığortası müalicə məqsədi daşıyır. Bu vəziyəti araan qaldırmaq üçün şirkətlər birlikdə maarifləndirmə kampaniyaları aparmalıdırlar».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin